Siyasət

Afina Bakının önəmini bilir, amma...

12 Mart 2020 13:50
0 Şərh     Baxış: 3 562

Qondarma Dağlıq Qarabağ Respublikası işğal edilən ərazilərin legitimliyini bütün dünyaya tanıtmaq məqsədi ilə apardığı qanunsuz fəaliyyəti davam etdirməkdədir. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "xarici işlər nazirinin müavini" Armine Aleksanyan Kipr Erməni Milli Komitəsinin (Kipr "Hay Dat" Komitəsi) təşkil etdiyi tədbirdə iştirak etmək məqsədi ilə Kipr Respublikasına işgüzar səfər edib.

Tədbir çərçivəsində Kipr Parlamentinin və Şəhər Bələdiyyələrinin nümayəndələri, o cümlədən tanınmış siyasi xadimlərdən ibarət "Artsax Dostluq Qrupu"nun yaradıldığı elan edildi. Armine Aleksanyan çıxışında, Kipr Respublikasında "Artsax Dostluq Qrupu"nun yaradılmasının iki ölkə arasında əlaqələri institusional səviyyədə daha da möhkəmlədirəcəyini bildirdi.

Bugünədək, bir sıra ölkələrdə qanunsuz "Artsax Dostluq Qrupları"nın yaradılmasında əsas məqsəd regionun üzləşdiyi "həqiqətləri" dünyaya çatdırmaq və müxtəlif sahələrdə müstəqil ölkələrlə əlaqələr quraraq, beynəlxalq tanınma (legitimacy) əldə etməkdir.

Armine Aleksanyan daha sonra Nikosiyada yerli erməni icmasının diaspor təşkilatlarının nümayəndələri ilə görüşüb. Bu görüşün təşkilatçısı Kipr parlamentində erməni icmasının nümayəndəsi, deputat Vardges Maxtesyan idi.

Kipr Respublikasının dünyada tanınmayan qanunsuz siyasi rejimlə iki tərəfli əlaqələri inkişaf etdirməsi, beynəlxalq hüquq normalarına zidd davranışdır.

Bir neçə gün öncə Afinada Ermənistan, Yunanıstan və Kipr Respublikalarının nümayəndə heyətinin iştirakı ilə 2020-ci ili əhatə edən üçtərəfli hərbi əməkdaşlıq proqramının imzalanması, yunan siyasi elitalarında (Kipr və Yunanıstan nəzərdə tutulur) anti-azərbaycan ovqatının yarandığından xəbər verir. Kiprin təhlükəsizliyinə qarant ölkələrdən biri olan Yunanıstanın məsələyə müdaxilə etməsini gözləniləndir. Yunanıstan və Azərbaycanın inkişaf edən münasibətlərinə üçüncü tərəflərin zərər verməsi yolverilməzdir.

"Nə baş verir?" sualına cavab arasaq, mənzərə aydındır.

Kipr, yəni yunan Kipri Azərbaycanla rəvan və normal münasibətlərdə deyil. Rəsmi Nikosiya illərdən bəri Türkiyə ilə çox soyuq münasibətlərdə olan Yunanıstanın Ankaraya təzyiq vasitəsi olmaqla yanaşı, Afina-İrəvan əlaqələrində marionet rolunu yerinə yetirir.

Azərbaycanın Şimali Kipr Türk Cumhuriyyəti ilə sıx əlaqələrindən xeyli narahat olan və əndişəyə düşən Nikosiya Dağlıq Qarabağdakı terrorçu rejimlə "siyasi təmaslar" vasitəsilə Bakıya da təsir etməyə çalışır.

Təsadüfi deyil ki, Avropa Parlamentinin Kiprdən olan deputatı Eleni Teoharius qatı və az qala maniakal ermənipərəst kimi ad çıxarıb. O, Avropa Parlamentində sürəkli olaraq qarabağlı ermənilərdən bəhs edir.

Çıxışlarından birində isə N.Teoşarius demişdi: "Qarabağlı ermənilərə qarşı aqressiv mövqe tutmuş Azərbaycana qarşı Avropa Birliyi sanksiyalar tətbiq etməlidir. Dağlıq Qarabağ ermənilərin problemləri Avropa Parlamentində müzakirə olunmalıdır və biz qarabağlı erməniləri dəsətkləməliyik. Biz Dağlıq Qarabağın müstəqilliyini tanımalıyıq".

Belə çılğın ermənipərəstliyin səbəbləri bəllidir: məsələ sadəcə Kiprin qarabağ ermənilərindən Bakıya qarşı pressinq vasitəsi qismində istifadə etməsində yox, həm də Teoharius kimi "siyasətçi"lərin erməni diasporunun maliyyəsindən sürəkli bəhrələnməsindədir.

Amma A.Aleksanyanın Nikosiyaya səfəri, E.Teoharius təki kiprli siyasətçilərin sayıqlamaları rəsmi Afinanın maraqlarına cavab verirmi?

Yunan siyasətçilərin və dövlət adamlarının bəziləri düşünə bilər ki, bəli.

Tam əksinədir. Bəhs etdiyimiz paroksizmlər, sərsəmləmələr Azərbaycanla Yunanıstan arasındakı münasibətləri sərinlədə bilər.

Kiprin qarabağlı ermənilərlə qanunsuz, bütün beynəlxalq praktikaya və qaydalara zidd olan təmasları Afina ilə Bakı arasında enerji, iqtisadi, maliyyə, logistika, siyasi və s. sahələrdəki tərəfdaşlığa çox ciddi zərbələr vura bilər.

Yunanıstan rəhbərliyi və siyasi elitası Kiprdəki siyasətçilərin olduqca təhlükəli oyunlar apardıqlarını anlamalı, Bakı ilə münasibətlərə xələl gətirilməməsi üçün qarabağlı ermənilərin separatist və terrorçu xuntası ilə bütün əlaqələr dayandırılmalıdır.

Yunanıstan Azərbaycanın Avropadakı etibarlı tərəfdaşlarından biridir və Bakı, Afina ilə münasibətlərə həmişə xüsusi diqqətlə yanaşıb.

Eyni mövqeni və davranışı Yunanıstandan gözləyirik.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.