Siyasət

Aslan İsmayılovla Erkin Qədirlini kim və niyə hədəfə alıb?

24 Fevral 2020 12:01
Baxış: 8 678

Qisas, kin, düşmənçilik, nifrət, qəzəb... Özlərini az qala millət mücahidləri, demokratlar, Vətən fədailəri, ən başlıcası isə hakimiyyətə qarşı mübarizə aparan adamlar kimi qələmə verən insanlar, əslində, yalan danışırlar.

Onların xisləti yalançılıq, məramları xalqa və vətənə düşmən kəsilənlərin istəklərini yerinə yetirməkdir.

Bu, iddia və ya sadəcə, sözlər deyil.

Bu, Azərbaycanın "demokratik müxalifət düşərgəsi" adlandırılan, əslində isə ifrat radikallıq səviyyəsini çoxdan aşaraq aqressivləşmiş AXCP və Müsavat rəhbərliyinin davranış tərzidir.

Sosial şəbəkələrdə yaşananlar bunu sürəkli olaraq təsdiqləyir.

İsa Qəmbər yaratdığı və uzun illər sədrlik etdiyi Müsavatın başqan postunu müavini Arif Hacılıya faktiki olaraq, bağışlayandan sonra bu partiyada tənəzzül sürətlənib.

Arif Hacılı başqanı olduğu partiyada ciddi nüfuz sahibi olmayıb və deyil. İsa Qəmbərin "sağ əli", funksioner, kargüzar və s. kimi tanınan bu şəxs AXCP-Müsavat hakimiyyəti dönəmində qalmaqallı davranışı və elə o tərzdə çıxışları ilə yadda qalmışdı.

Ayaz Mütəllibovun devrilməsindən az əvvəl parlamentdə "Bizim hakimiyyətə gəlişimiz 9 dövlətlə razılaşdırılıb" kimi marazmatik bəyanat verən, Gəncə hadisələrindən sonra tribunaya səndirləyərək çıxmış bu adamı nə o zaman, nə də indi ciddi siyasətçi kimi qəbul etməyiblər.

Onun siyaətçi kimi zəifliyinin, taktika və strategiyadan yoxsulluğunun nümunələrindən biri də AXCP sədri Əli Kərimliyə bütün sahələrdə uduzmasıdır.

AXCP sədri, son illərdə Fəcebook bloqerinə və çeşidli YouTube kanallarının "ulduz"na çevrilmiş Əli Kərimliyə gəldikdə isə, bu insanın kimliyi, əqidəsi, siyasi məzmunu və məğzi məlumdur.

Tərəfdarlarını messencer proqramlarında yaradılmış qapalı qruplar vasitəsilə idarə edən, hədəf seçdiyi adamlara qarşı yönləndirən Əli Kərimli Azərbaycan siyasətinə "trol" anlayışını gətirmiş adamdır.

Məhz Kərimlinin radikal tərəfdarları sosial şəbəkələrdə aşkar trolluq edir, Facebook-da bir neçə, bəzi hallarda isə onlarla saxta (feyk) profillər yaradaraq həddən ziyadə aqressiv davranırlar.

Kərimli tərəfdarlarının "hədəf"i aşağılamaları, söymələri adi haldır və onlar bullinqi davranışın ayrılmaz, tərkib hissəsi sayırlar.

Sabiq komsomol fəalı, sonralar Əbülfəz Elçibəyin "sağ əli", əslində isə AXC daxilində "Yurd" qruplaşması yaradaraq əvvəlcə təşkilatın sədrini idarəetmədən kənarlaşdıran, sonra da partiyanı parçalayan Əli Kərimli Azərbaycan siyasətinə çoxsaylı dönüklər, xəyanətkarlar, kuluar danışıqları apararaq əqidəsini satan xeyli "siyasətçi"ni bəxş etdi.

Onlar Əli Kərimliyə xəyanət edən adamlar kimi tanınsalar da, əslində, xəyanəti, dönüklüyü, siyasi alveri və bazarlaşmanı Kərimlidən öyrəndilər.

Çünki məhz Əli Kərimli AXC-Müsavat hakimiyyəii dönəmində dövlət başçısı olmaq istəyirdi. Məhz onun "səy"ləri nəticəsində o dövrdəki iqtidar İsa Qəmbər və Əli Kərimlinin "düşərgəsi"nə parçalanmışdı. Prezident Aparatında "Yurd" fraksiyası yaratmağa çalışan Ə.Kərimli tərəfdarlarının toplantısını keçirir, "Əbülfəz Elçibəy bü gün-sabah hakimiyyəti tərk edəcək" deyirdi.

Belə siyasi flügerlik və franksiyabazlıq sonralar, AXC partiyaya çevriləndə də davam etdi. Ə.Kərimli partiyanın rayon təşkilatlarından tutmuş, bütün strukturlarına rəhbər postlara "Yurd" mənsublarını təyin edirdi. "Yurdçular", sanki, masonlar təki gizli toplantılar keçirir, Ə.Kərimlinin partiyanın alternativsiz liderinə çevrilməsi üçün planlar qururdular. AXCP-nin rayon təşkilatlarının rəhbərləri arasında "yurdçu" olanlar rayon icraiyyə hakimiyyətlərindən maaş da alırdılar.

İndi hər gün azadlıq, ədalət və demokratiyadan köpüklü ibarələr, pafoslu cümlələrlə danışan Əli Kərimli rəqibi və az qala düşmən saydığı İsa Qəmbərin Müsavat rəhbərliyini tərk etməsinə nail olandan sonra rəqiblərini "Müsavat agentləri", "qaragüruhçu" adlandırırdı.

Kərimlinin tərəfdarları isə sosial şəbəkələrdə çılğınlıq edir, "bəy oğlu bəy" dedikləri "lider"lərini azacıq tənqid edənləri aşağılayır, söyürlər.

1990-cı illərin komik personajı olan Əli Kərimlinin qaragüruhunun indi yeni hədəfləri var. Onlar deputat mandatı qazanmış Erkin Qədirli və hüqüqşünas Aslan İsmayılovdur.

Siyasət səhnəsini tərk etmək istəyən, amma əsla dəyişməyən, siyasi texnologiyaları əxz etmək istəməyən, intellekt və dünyagörüşününü artırmağa çalışmayan Əli Kərimli olduğu kimi qalıb.

Tərəfdarları arasında da xeyli troll var.

Aslan İsmayılovla Erkin Qədirlini sosial şəbəkələrdə bullinqə məruz qoyan, aşağılayan və təhqir edən trol sürüsünün fəallaşması təsadüfi deyil.

AXCP sədri və bloqer Əli Kərimli fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərini boykot etmişdi. Boykota nominal olaraq "Milli Şura" və bu marionet strukturun sədri Cəmil Həsənli də qatılmışdı.

Çünki Cəmil Həsənlinin əslində Ə.Kərimlinin əlaltısı, "Milli Şura"nın da AXCP sədrinin tam nəzarətindəki struktur olduğu bəllidir.

"Respublikaçı Alternativ" Hərəkatı (REAL) və Müsavat partiyası aqressivləşmiş luzerlərin boykot çağırışlarına qatılmadıqları üçün Əli Kərimli həmin təşkilatları kollaborasionist, az qala satqın adlandırmışdı.

Seçkilərin nəticələri açıqlanandan sonra E.Qədirlini sosial şəbəkədəki "cəbhəçi" trollar  - təbii ki, "lider"in göstərişindən sonra - mandatdan imtinaya çağırdılar.

E.Qədirli primitivlik etmədi və mandatdan boyun qaçırmayacağını dedi.

Bu açıqlamadan sonra Əli Kərimlinin göstərişi ilə E.Qədirli hücumlara məruz qaldı.

İsteriya indi də davam edir.

Aslan İsmayılovun hədəf seçilməsinin əsas səbəbi isə onun sürəkli olaraq Ə.Kərimlini və onun dəstəsini tənqid etməsidir.

Ə.Kərimlinin özü, ətrafındakılar və tərəfdarları hücuma keçəndən sonra onlara ABŞ və Avropadakı "müstəqil bloqer"lər, özlərini "siyasi mühacir" və "ictimai fəal" addandıran lümpenlər qoşuldular.

İş o yerə çatdı ki, A.İsmayılov "xəyanətkar, ikiüzlü, maskalı" adlandırıldı və tanınmış hüquqşünas Kərimlinin trol dəstəsinə cavab qismində Facebook səhifəsində videomüraciət yaydı.

Ə.Kərimli tərəfdarları arasındakı trolların hansı dünyagörüş, əxlaq, mədəniyyət və mənəviyyat sahibləri olduğunu görmək üçün sözügedən videoya şərhləri oxumaq yetər.

AXCP sədri, faktiki bloqer Əli Kərimli son günlərdə neçə maskasını yırtdı, kim olduğunu bir daha göstərdi.

Göstərdi ki, bəlağətli, pafoslu çıxışlarına və isterik çağırışlarına rəğmən, onu nə xalq, nə dövlət maraqlandırır.

Bu adamın marağı, sadəcə, hakimiyyətdir. Onu adekvat, savadlı, məntiqli insanlar qıcıqlandırır, belələrini özünə amansız rəqib sayır.

Axı qaragüruhu idarə etmək asandır. Aslan İsmayılovun nüfuzu, Erkin Qədirlininsə intellekti Əli Kərimlini çox narahat edir.

Vəssəlam.

Zavallı Kərimli tərəfdarları: onlar hələ də kiməsə və nəyəsə inanırlar...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.