Siyasət

Seçkidən şikayət "oyunu": istedadsız, yalançı aktyorlar və köhnə ssenari

22 Fevral 2020 11:37
Baxış: 2 688

"Fırıldaqçı ilə gerçəyi deyən insan arasında kütlə əksər hallarda yalançıya inanmağa meyllidir". Heyrpi Luis Menkenin bu məşhur deyimi əfsuslar olsun ki, fevralın 9-da Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinə şamil ola bilər.

Seçkilər əsnasında və sonrakı günlərdə dəfələrlə yazdım, dedim ki, bu səsvermənin qəhrəmanları seçki məntəqələrində yorulmadan, usanmadan işini görən, saxtakarlıq və qanunsuzluq faktlarını aşkarlayan, sosial şəbəkələrdə yayan insanlardır.

Onların əksəriyyəti gənclərdir. Evdəki otağın divarlarından Çe Gevaranın portretini asmaya da bilərlər onlar, amma Komandante Çenin "Ədalətlə həqiqəti heç nəyə qurban vermə, güzəştə getmə" sözlərinə uyğun davrandılar bu gənclər.

Həmin gənclərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da minnətdarlıq etdi. Çünki məhz o adamların əməlləri və əməyi sayəsində bir sıra seçki məntəqələrində yaşanmış qanunsuzluqlar faş oldu, həmin dairələrdə və məntəqələrdə seçkilərin nəticələri ləğv olundu.

Sosial şəbəkələrin son illərdə informasiya mənbəyi və kommunikasiya vasitəsinə çevrilməsi ilə bahəm, siyasi proseslərə ciddi təsir nəsnəsinə dönməsi bir daha təsdiqləndi.

Lakin həmişə və hər yerdə olduğu kimi, gerçəklərlə yalanlar da tirajlandı.

Özü də necə sürətlə, necə miqyasda.

Növbədənkənar parlament seçkilərinə namizəd qismində qatılan onlarla, yüzlərlə şəxs aşkar fırıldaqlara əl ataraq videoörüntülərin qərəzli və saxtakarlıqla təqdimatı vasitəsilə məğlubiyyətlərinin "haqsız və ədalətsiz" olduğunu göstərməyə çalışdılar.

Sosial şəbəkələrdə məzmunun bilərəkdən sapdırılması variantına əl atanlarsa mübarizədə favorit namizədi gözdən salmaq, onun uğuruna kütlədə şübhə yaratmaq üçün qara PR-ın çoxdan nimdaşlaşıb köhnələn üsullarına əl atmaqdan da çəkinmədilər.

Misallar yetərincədir və onların sadəcə, bəzilərinə nəzər salaq.

Məsələn, sosial şəbəkələrdə "Az, ölüf o adam, saa ölüf deyirəm" kimi tanınan videonun sürətlə yayılmasından bəhrələnməyə çalışanlar 107 saylı Qazax Seçki Dairəsində yaşananların küll halında saxtakarlıq olduğunu təlqin etməyə çalışırdılar.

Həmin sözləri deyənsə Qazax rayonu Nəriman Nərimanov qəsəbəsinin sakini Xanlar Lalayev idi.

Olaya Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov aydınlıq gətirib.

Onun dediyinə görə, bəzilərinin gülmək üçün baxdığı həmin videogörüntü MSK üçün ciddi əhəmiyyət kəsb edib.

107 saylı Qazax Seçki Dairəsində ölmüş seçicinin adının seçici siyahısında olması iddiasının əksini tapdığı videogörüntü araşdırılıb və videogörüntüdə öldüyü iddia edilənin Xanlar Lalayevin keçmiş həyat yoldaşı olduğu üzə çıxıb. Xanlar Lalayev isə sonradan mətbuata açıqlamasında qardaşının keçmiş həyat yoldaşını nəzərdə tutduğunu iddia edib.

B. Əsgərovun sözlərinə görə, həmin videogörüntüdə bir şəxsin emosional şəkildə "o ölüb, adını niyə salmısınız" deməsi MSK-nı maraqlandırıb: "Ona görə də MSK bu məsələni araşdırmalı idi. Araşdırma zamanı məlum oldu ki, vətəndaş Xanlar Lalayevin həyat yoldaşı ondan ayrılıb, Xanlar Lalayev də sonradan başqa bir xanımla ailə qurub. Xanlar Lalayev fevralın 9-da məntəqə seçki komissiyasında səs verərkən seçici siyahısında keçmiş həyat yoldaşının da adını görüb, əsəbiləşib və onun öldüyünü söyləyib. Bu da istər-istəməz gördüyümüz videgörüntü şəklində yayımlanıb. Araşdırma zamanı Xanlar Lalayevin ayrıldığı həyat yoldaşının rəhmətə getmədiyi üzə çıxdı. Çünki biz həm polis, həm də ədliyyə orqanlarından müvafiq arayışlar əldə etdik. Bundan başqa, bilavasitə Lalayevlərin qonşusu olan məntəqə seçki komissiyasının üzvlərindən əldə etdiyimiz izahatlara görə Xanlar Lalayev həmin gün ölmüş adam kimi keçmiş həyat yoldaşını nəzərdə tutub. Sonradan isə Xanlar Lalayev bu uğursuz ifadəsi ilə əlaqədar cəmiyyətin qınağından qurtarmaq üçün yeni varianta əl atır. Mətbuata açıqlamasında bildirib ki, guya ölmüş dedikdə qardaşının rəhmətə gedən keçmiş həyat yoldaşını nəzərdə tutub".

B. Əsgərov nəzərə çatdırıb ki, X. Lalayev hər dəfə danışdıqca növbəti səhvə yol verir: "Məsələn, deyir ki, qardaşının rəhmətə gedən keçmiş həyat yoldaşının qırxı təzə çıxıb. Bizim əldə etdiyimiz məlumata görə isə, Xanlar Lalayevin qardaşının keçmiş həyat yoldaşı həqiqətən rəhmətə gedib. Ancaq o, bu il yanvarın 27-də dünyasını dəyişib, qırxı hələ mart ayında olacaq. Bundan başqa, Xanlar Lalayevin guya ölmüş adamın adına bildiriş gəlməsinə etiraz etməsinə gəlincə, bildirişlər seçkilərə xeyli müddət qalmış paylanır. Bu halda yanvarın 27-də vəfat etmiş şəxsə bildiriş də verilə bilməzdi. Digər tərəfdən, bildiriş gəlsəydi belə, bu da başa düşülən olardı. Çünki seçici siyahılarının dəqiqləşməsi seçkilərə 25 gün qalmış başa çatır və 25 gündən sonra seçici siyahılarının dəqiqləşdirilməsi aparılmır. Həm də məntəqə, dairə seçki komissiyaları yalnız rəsmi dövlət orqanlarından məlumat daxil olduqda seçici siyahılarına dəyişiklik edə bilərlər. Amma şəxsin dilə gətirdiyi bu uğursuz ifadədən sonra özünü təmizə çıxarmaq üçün dəfələrlə bu şəkildə müxtəlif media orqanlarına verdiyi müsahibələrdə bir-birinə zidd ifadələr işlətməsi təbii ki, xoşagələn hal deyil. Şəxsin həyat dramını ümumi işin ziyanına yönəltməsi doğru deyil. Yeri gəlmişkən, videogörüntüdə Xanlar Lalayev əlini uzadaraq onu da deyir ki, əgər elədirsə, niyə təzə arvadının adını seçici siyahısına salmısınız. Məsələ bundadır ki, Xanlar Lalayevin keçmiş həyat yoldaşı hələ də onun ünvanında qeydiyyatdadır və əgər başqa müraciətlər yoxdursa, seçici siyahıları tərtib olunarkən qeydiyyat ünvanları üzrə aparılır. Ona görə də Xanlar Lalayevin keçmiş həyat yoldaşının adı seçici siyahısında həmin ünvanda əks olunub".

B. Əsgərov onu da vurğulayıb ki, MSK-da aparılan araşdırma zamanı hansısa ifadələrə, kiminsə haradasa nəsə deməsinə deyil, rəsmi dövlət sənədlərinə, rəsmi izahatlara əsaslanırlar: "Hərtərəfli araşdırma aparılmadan heç zaman MSK adından iddia edilən şəxsin ölmədiyi barədə məsuliyyət tələb edən bəyanat verilməzdi. Hərtərəfli araşdırma zamanı məlum olanda ki, həmin videogörüntüdə Qazax rayonu Nəriman Nərimanov qəsəbəsinin sakini Xanlar Lalayev ölmüş dedikdə, keçmiş həyat yoldaşını nəzərdə tutub, bu araşdırmanın nəticəsi MSK-nın ötən iclasında açıqlandı".

Ümumiyyətlə, Milli Məclisə seçkilərdən sonra MSK xeyli sayda şikayət aldı. Qanunsuzluqlar, saxtakarlıqlar və pozuntularla bağlı iddialardan ibarət olan həmin şikayətlərin müəlliflərinin istisnasız olaraq hamısı deyirdilər, elə indi də deyirlər ki, onlar məğlub olmayıblar - qalibdirlər.

Bu, problemin sadəcə, bir yönüdür.

MSK şikayətlərin hamısına baxıb və baxır. Bu, sözügedən dövlət qurumunun qanunla tənzimlənən öhdəliklərindən biridir və heç bir namizəd iddia edə bilməz ki, Mərkəzi Seçki Komissiyası onun şikayətini qəbul etməyib, yaxud da nəzərdən keçirib araşdırmaqdan boyun qaçırıb.

Tam əksinə, MSK rəhbərliyi və bu qurumun mənsubları sürəkli bəyan edirlər ki, iddialılar buyursunlar, şikayətlərini versinlər - hamısına baxılacaq və müvafiq qərarlar veriləcək.

Hətta MSK sədri bir neçə açıqlamasında sosial şəbəkələrdə videogörüntülər və fotolar yayaraq haqlı olduğunu sübut etməyə çalışanları təqdir də etdi.

Belədirsə, narazılığın səbəbi nədir?

Cavabı minillər əvvəl Qədim Romada deyilmiş "Cui bono?, Cui prodest?" ("Kimə sərfəlidir? Kim maraqlıdır?) ritorikasında aramalıyıq.

Sosial şəbəkələrdə hələ də "Yaroslavnanın ağısı" şousunu davam etdirən, MSK binası qarşısında sürəkli qanunsuz aksiyalar və piketlər keçirməyə çalışanların bəsit, hətta primitiv ssenarili oyunları var.

Məqsəd Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı mənfi imic yaratmaq, prosesin "total saxtakarlıq və qanunsuzluqlardan ibarət məşum olay" kimi təqdimatıdır.

Yaxud digər fakt. 40 saylı II Gəncə-Kəpəz seçki dairəsindən Zeynalova Sitarə Mehdi qızı və Səfərov Ramil Mürşüd oğlu. Onların ikisi də şikayətlərlə MSK-ya ünvanlayaraq 32 saylı Suraxanı İkinci Seçki Dairəsində pozuntulardan bəhs etdilər.

Maraqlı idi: Gəncədə namizədliyi qeydə alınmış iki nəfər Bakının Suraxanı rayonundakı proseslərdən bəhs edirdilər.

MSK-da şikayətə baxılanda bəsit araşdırma Sitarə Səfərova ilə Ramil Səfərovun ana-bala olduqlarını aşkarlayıb. Sonra Sitarə xanımın niyə məhz Suraxanıdakı seçki dairəsindən şikayətləndiyi soruşulanda o, "Şikayəti özüm yazmamışam, oxumamışam: yazsaydım, səhvi vaxtında düzəldərdim" deyib.

MSK-ya ünvanladığı şikayətində nə yazıldığından bixəbər olan xanım buna rəğmən, sosial şəbəkələrdə az qala əzabkeş obrazı yaratmışdı.

Və daha bir misal. 88 saylı Göyçay Seçki Dairəsində Vahid Azərbaycan Partiyasının (VAP) namizədi olmuş Rəvan Aydın oğlu Əhmədov.

"9 fevral 2020-ci ilə təyin edilmiş Milli Məclisə seçkilərdə deputatlığa namizədliyimiz 6 saylı Culfa-Babək seçki dairəsindən Dairə Seçki Komissiyasının müvafiq qərarı ilə qeydə alınıb", - Əhmədovun MSK-ya ünvanladığı şikayət belə başlayır. Daha sonra isə Rəvan yazıb: "Rəqibim, Yeni Azərbaycan Partiyasının namizədi Həmzəyeva Ülviyyə Tapdıq qızının xeyrinə inzibati resurslardan istifadə edərək..." Və sair və ilaxır.

Göyçay rayonunda Naxçıvanda qeydə alınmış namizədə qarşı "mübarizə" apardığını iddia edən və əslində, özünün namizədliyinin harada olmasının fərqinə varmayan Rəvan Əhmədov da "şikayət dalğası"ndakı ləpələri artırmağa çalışanlardan biridir.

Belə absurd, hətta marazm olan faktların sayı yetərincədir.

Sağ insanı ölü kimi qələmə verib sonra dəfələrlə sözlərini dəyişən, Gəncədə yaşayıb Suraxanıdakı prosesləri "şərh" etmək istəyən, Göyçay rayonunu Naxçıvana "köçürən" adamlar tək deyil - sosial şəbəkələrdəki aktivliyi real həyatdakı nüfuz və populyarlıqla səhv salaraq əllərini saxtakarlığa bulayıb özlərinə həmin əli qatanların sayı yetərincədir.

Belələri arasında sadəcə, Facebook-da qəzəb və nifrət püskürənlərlə yanaşı, MSK binası qarşısına toplaşıb aksiya keçirməyə çalışan, nəyin bahasına olursa-olsun, polisləri təbdən çıxarmağa can atanlar da var.

Az öncə yazdım - məqsəd seçkilərlə bağlı "qara fon" yaratmaqdır. Təsadüfi deyil ki, komatoz durumda olan, canlı ölülərin rəhbərlik etdiyi marionet "partiya" və "şura"ların rəhbərləri ilə "populya bloqer"lərin, xarici ölkələr sığınıb YouTube-da kanallar yaradan və isterikanı "siyasi mübarizə" qismində anlayanlarla sosial şəbəkələrdə "şikayət şəbih"i çıxarıb MSK binasının qarşısına vücudlarını aparanların lüğətləri, dedikləri, istədikləri və can atdıqları tam uyğundur, eyni məcrada və müstəvidədir.

"Bir neçə dairədə seçkilərin nəticələri ləğv olunması yetərli deyil - seçkilərin nəticələri bütünlüklə ləğv olunsun!" isteriyasının müəllifləri də bu adamlar deyil.

Müəliflər Azərbaycandan çox kənardadır.

Sosial şəbəkələrdə çılğınlaşmış fiqurantlar Azərbaycanda növbədənkənar parlament seçkilərinin sonuclarını qanuni saymamaqla sifarişli oyuna qatıldıqlarını inkar edirlər.

Fəqət ki, bu kampaniya postsovet məkanındakı ölkələrin bir neçəsində eynilə indi Azərbaycanda olduğu kimi aparılıb, hər dəfə uğursuzluğa düçar olunub.

Yerli oyunçulara sakitləşməmək, bu minvalla hakimiyyətə təzyiq rıçaqları formalaşdırmaq üçün "massovka" yaratmaq tapşırığı verilib.

Di gəl, sosial şəbəkələrdəki virtuallıqla siyasi reallığı səhv salanlar məğlubiyyətə düçardırlar.

Məntiq deyir bunu - amansız və sərt bir nəsnə.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.