Siyasət

Dünya bazarında neftin qiymətinin sabit qalmasında Azərbaycanın müstəsna rolu var

16 Fevral 2020 16:56
Baxış: 1 347

Enerji təhlükəsizliyi dünya gündəminin əsas mövzusu rolunda çıxış edir. Bu diqqət artan neft qiymətləri ilə əlaqələndirilir. Bununla yanaşı, terror təhlükəsi, bəzi ixracatçı ölkələrdəki qeyri-sabitlik, geosiyasi rəqabət, həmçinin ölkələrin iqtisadi genişlənməsini təmin etmək üçün enerjiyə olan ehtiyacını daha da artırır. Məsələyə mövcud nümunələr kontekstindən yanaşdıqda Avropanın enerji təhlükəsizliyində Azərbaycan yeni, yeganə, alternativ eneji mənbəyi funksiyasına malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada iştirak edərkən də bu məsələyə xüsusilə diqqət çəkmişdir. Bu mənada, ölkəmizin başçısı vurğulamışdır ki, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinin artırılması istiqamətində alternativ və etibarlı layihədir. Əgər əvvəllər Azərbaycan bu layihənin reallaşdırıması istiqamətində bir vasitəçi ölkə kimi görünürdüsə, hazırda ölkəmiz Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilmişdir. Avropanın enerji təhlükəsizliyində fəal iştirakı həm də onun qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir.

Son beş ildə Azərbaycan və Avropa İttifaqının təşəbbüsü ilə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilmişdir. "Enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada iştirak edərkən ölkə başçımız vurğulamışdır ki, görülən işləri nəzərdən keçirmək və növbəti dövr üçün görüləcək işləri planlaşdırmaq məqsədilə Azərbaycan bu il də Məşvərət Şurasına ev sahibliyi edəcək.

Hazırda sözügedən layihənin reallaşması istiqamətində son tamamlanma işləri başa çatmaqdadır və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazırdır. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan ­Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Azərbaycan qazını birbaşa Avropaya çatdırmağa hazırdır. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) tamamlandıqdan sonra Azərbaycan Şahdəniz -2 yatağından çıxarılan təbii qazı TANAP və TAP vasitəsilə Avropaya ötürəcəkdir. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Əsas infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi təkcə regionumuz üçün deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir. Ölkə başçısının da qeyd etdiyi kimi layihə üzrə yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik.

Bütövlükdə Azərbaycan enerji sahəsindəki fəaliyyətini uğurla davam etdirir. BP şirkəti ilə müqaviləni bu il uzatmışdır. Bu isə ölkəmizin 2050-ci ilə qədər nisbətən sabit istehsal profilimizin olacağından xəbər verir. Eyni zamanda dünya bazarında neftin qiymətinin sabit qalmasında Azərbaycanın müstəsna rolu vardır. Belə ki, ölkəmiz OPEK+ formatının əsas təşəbbüskarlarından biridir və ötən dövrlər ərzində bu formatın fəaliyyətinin müsbət nəticələri vardır. Son dövrlərdə Azərbaycanda bərpaolunan enerjiyə də böyük diqqət yetirilir. Məqsəd 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir. Bu istiqamətdə Azərbaycan Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə müqavilə imzalamışdır. Eyni zamanda Azərbaycan sabit neft təchizatçısı olmaqda davam edir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından bəri bu günə qədər heç bir problem yaşanmamışdır. Məhz bu amil də Azərbaycanı etibarlı tərəfdaş saymaq üçün əsas amillərdən biridir.

Bu məsələlərə Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət və hökumət başçıları, aparıcı şirkətlərin rəhbərləri ilə görüşündə, eyni zamanda "Enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada iştirakı zamanı geniş və əhatəli toxunmuşdur.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşmüşdür. Görüşdə dövlətimizin başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının zərurətini, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda "hamının hamıya" prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğuladı.

Bütövlükdə Azərbaycan beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etmişdir. Azərbaycan tərəfi dəfələrlə humanizm prinsiplərindən irəli gələrək əsir və girovların dəyişdirilməsi ilə bağlı zəruri addımların atılmasının vaibliyini qeyd etmişdir. Lakin Ermənistan müxtəlif bəhanələrlə bu təşəbbüsdən qaçır. Əgər Ermənistan bir tərəfdən qeyd edirsə ki, danışıqlara hazırdır, lakin digər tərəfdən də "Dağlıq Qarabağ" rejiminin bunun əleyhinə olduğu fikrini səsləndirir. Bununla da faktiki olaraq, qondarma rejimi ortaya gətirmək niyyətindədirlər. Heç şübhəsiz ki, Ermənistan tərəfinin nümayiş etdiridiyi bu mövqe humanitar xarakterli təşəbbüslərin həyata keçirilməsi istiqamətində ciddi əngəllər törədir.

Şəbnəm Həsənova
Politoloq

Trend.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.