Siyasət

Azərbaycan Prezidenti Davosda regionumuz üçün bütün təhdid mənbələrinin tam coğrafiyasını təqdim etdi - Aydın Quliyev

23 Yanvar 2020 20:59
Baxış: 680

Davos İqtisadi Forumunun "Avrasiyaya strateji baxış" sessiyasında Azərbaycan prezidentinin bir sıra maraqlı sualları cavablandırması ölkəmizin əldə etdiyi nəticələrin və gələcəyə yönəlik hərtərəfli strategiyasının təqdimatı baxımından çox əhəmiyyətlidir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, dünya bir daha əmin olur ki, Azərbaycan ən narahat regiona yaxın coğrafiyada və hələ davam edən xarici hərbi təcavüz şəraitində hərtərəfli inkişaf edir və dinamik inkişaf templərinə yalnız islahatlar sayəsində nail olunur: "Prezident İlham Əliyev ölkəmizdə islahatlar kursunun davam etdiriləcəyinə beynəlxalq inamı daha da möhkəmləndirdi ki, bu da yeni investisiyaların cəlb edilməsi üçün geniş şərait təmin etmək baxımından olduqca dəyərlidir.

İctimaiyyətimizin və dünyanın xüsusi maraqla izlədiyi 9 fevral parlament seçkiləri barədə fikir mübadiləsi ayrıca diqqət cəlb edən məsələdir. Prezident İlham Əliyev parlamentin yeni tərkibini ölkədə islahatların mühüm hissəsi adlandırmaqla bir sıra əhəmiyyətli məqamları aktuallaşdırdı. Dövlət başçısı göstərdi ki, xalqın iradəsini əks etdirən yeni parlamentə prinsipial önəm verir. Azərbaycan Prezidenti Davosda yeni parlament mövzusuna toxunmaqla seçicilərimizin həmişəkindən daha iradəli və məsuliyyətli seçim prinsipinə söykənməli olduqları barədə aydın mesaj verdi.

Prezident İlham Əliyev Davosda bizim regionumuz üçün bütün təhdid mənbələrinin tam coğrafiyasını təqdim etdi və onun fikirləri dünyanın diqqətini regionumuzda əsas təhlükə mənbəyi kimi erməni təcavüzünün durdurulmasına yönəltməkdə yeni təsirli rol oynayacaq".

Ekspert bildirib ki, Yaxın Şərqdə artan gərginliyə görə supergüclərin məsuliyyət daşıdığı barədə Azərbaycan Prezidentinin mülahizələri real olaraq sülh üçün bəşəri əhəmiyyət kəsb edən xidmətdir: "Prezident İlham Əliyevin Şərqdəki gərgin vəziyyətlə bağlı supergüclərə çağırışı müstəsna bir cəsarət nümunəsidir və nə vaxtsa öz təsirini göstərəcəyi çox realdır. Prezident İlham Əliyev regional sabitlik naminə düşünülmüş siyasətin Azərbaycan üçün prioritet olduğunu hamıya göstərdi və Ermənistanın bütün region üçün təhlükəli təcavüz siyasətinin antibəşəri mahiyyətini ifşa etməkdə bunun əhəmiyyəti olduqca böyükdür. Prezidentin məzmunlu cavabları Azərbaycanın etibarlı tərəfdaş və sözünə bütöv dost olduğunu nümayiş etdirməklə yanaşı, öz milli maraqlarına nə qədər üstünlük verdiyini sübut etdi. Bu fikirlər digər dövlətləri Azərbaycana daha sayqılı yanaşmalara məsul etməkdə çox təsirlidir".

Baş redaktor əlavə edib ki, yeni hakimiyyət komandasının əsas vəzifələrinin təqdimatı ilə Prezident İlham Əliyev göstərdi ki, ölkədə kadr islahatlarına tələbkar və sistemli-konseptual yanaşılır və yeni hökumət Azərbaycan xalqı qarşısında daşıdığı məsuliyyətin böyüklüyünü dərk etməlidir: "Dövlət başçısı gənclər siyasətinin ölkənin gələcək çağırışları üzərində qətiyyətlə qurulduğunu inandırıcı şəkildə sübut etdi. Gəncliyimizin mənəvi - ideoloji potensialının dəqiq çərçivəsini təsvir etmək Prezidentin Davos çıxışının ən unikal əlamətlərindən biridir. İlham Əliyev gəncliyimizin müstəqillik, süverenlik və özünəgüvən platformasına söykəndiyini bəyan etdi və bununla Azərbaycan gəncliyi üzərində müxtəlif gizli planlar quran bəzi yadelli mərkəzlərə gərəkli şəkildə barmaq silkələdi. Xalqımıza yad qüvvələr gəncliyimizi təsir altına salmağın mümkünsüzlüyünü tək bu fikirlərin əsasında anlaya bilər və anlamalıdırlar.
Prezident İlham Əliyev Avrasiya inkişaf və təhlükəsizlik sistemi üçün Azərbaycanın alternativsiz rol və imkanlara malik olduğunu hər kəsin başa düşdüyü səviyyədə nümayiş etdirdi".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.