Siyasət

Sorosun "uşaqları" Azərbaycana yeni hesabat tuşlayırlar

21 Yanvar 2020 10:00
Baxış: 2 097

"Human Rights Watch" (HRW) beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanla bağlı yeni hesabat dərc edib. Son illərdə olduğu kimi, builki hesabat da ölkəmizdəki gerçəkləri yox, sözügedən təşkilatın görmək istədiklərini, daha doğrusu, olmayanların görüntü qismində qələmə verilməsinin toplusunu təqdim edib.

2019-cu illə bağlı hesabat bir daha sübut edir ki, bəlli beynəlxalq "huquq-müdafiə" təşkilatlarının məqsədi, amalı, hədəfi və istəyi ölkəmizin ikili standartlara əsasən "təhlil etməsi"dir.

Dəyərləndirmə və nəticələrdəki çox şübhəli "obyektivlik" meyanları, hesabatın hazırlanmasında müüəmmalı metodologiya və formalar, "təqib olunan" şəxslər barədəki məlumatlardakı total yanlışlığlar "Freedom House", "Human Rights Watch" (HRW) və "Amnesty İnternational" təki təşkilatların fəaliyyətlərində artıq iş stilinə çevrilib.

Tam əksəriyyətinin baş ofisi ABŞ-da yerləşən və elə həmin ölkədəki dövlət qurumları ilə yanaşı, kəşfiyyat və əks-kəşfiyyatla bağlı "özəl strukturlar" tərəfindən maliyyələşən bu "hüquq-müdafiə təşkilatları"nın hesabatları ilə bağlı biabırçı durum o həddə çatıb ki, artıq Avropa Birliyində belə, ciddi narazılıqlar artır.

Məsələn, mərkəzi ofisi Fransanın Strasburq şəhərində yerləşən Evropa İnformasiya-İnsan Hüquqları Mərkəzi (European Information-Human Rights Center, EİHRC) son illərdə HRW və  "Freedom House"un hesabatlarını ciddi təhlil edərək belə nəticəyə gəlib ki, amerikalı qurumların dəyərləndirmələri subyektiv və qərəzlidir.

Məsələn, Azərbaycanda insan haqlarının təminatı ilə bağlı vəziyyətdən sürəkli narazılıq edən təşkilatlar son 12 ildə Ermənistanda baş verənləri sanki görmür və görmək istəmir.

2008-ci ilin martın 1-də prezident seçkilərinin nəticələrinin total saxtalaşdırılmasına etiraz edən ermənilər İrəvan küçələrinə çıxaraq etiraz aksiyaları keçirəndə onları gülləbaran etdilər. Sonra onlarla belə olay yaşandı, ən nəhayət ABŞ ssenarisi ilə Nikol Paşinyan hakimiyyətə gətirildi - amma beynəlxalq hüquq-müdafiə təşkilatları gözlərini lal, kar və korluğa vurdular. Bu azmış kimi, Ermənistan hələ də "qismən azad" ölkə sayılır.

Beynəlxalq Helsinki İnsan Haqları Federasiyasına daxil olan "Human Rights Watch" ümumiyyətlə, anqajənin və ikiüzlülüyün maksimal həddindədir. Azərbaycanla bağlı hesabatların hazırlanmasında Leyla Yunus kimi saxtakar və başabəla "ekspert"lərin rəylərinə istinad etdiyini açıq etiraf edən HRW onillərdir ki, qalmaqallardan qurtula bilmir.

ABŞ və Avropanın kütləvi informasiya vasitələri HRW hesabatlarına istinad edirlər, bu qurumun rəhbərləri ilə funksionerlərinə telekanallar həvəslə efir vaxtı verirlər, dövlət qurumları və məmurlarsa sorğuları cavablayırlar.

HRW insan haqlarının təminatı və pozulması ilə bağlı hesabatlarında az qala hər ölkədəki vəzziyyəti təhlil etməyə çalışsa da, təşkilatın sənədlərinə ötəri baxış belə, onun bir sıra ölkələrə "laqeyd" olmadığını göstərir. Həmin ölkələrin tam əksəriyyəti Qərbin demokratiya ixracına, "rəngli inqilab"lara və "qızıl milyard"ın tələblərinə uyğun inteqrasiyaya müqavimət göstərən dövlətlərdir.

O ölkələr arasında Azərbaycan da var. Rəsmi Bakının mövqeyi dəyişməyib: biz daim bəyan edirik ki, istənilən inteqrasiya prosesləri milli maraqlara cavab verməli, dövlətin və millətin mənafelərinə uyğun olmalı, Qərbin "ixrac standartları" üzərində qurulmamalıdır.

Azərbaycanda "insan haqlarının pozulması" ilə bağlı ən kiçik, ən yöndəmsiz və önəmsiz faktdan HRW-in hiddətlənməsinin səbəbi budur. Halbuki təşkilat Dağlıq Qarabağdakı separatçı və terrorçu rejimi unutmur, qarabağlı ermənilərin xuntasında demokratiya, siyasi və vətəndaş hüquqları ilə bağlı durumun az qala "normal" olduğunu sürəkli bəyan edir.

Bu absudun səbəbləri, Azərbaycana münasibətdə differensiasiyanın vəsilələri var və məqam əsla insan hüquqlarının təminatı ilə bağlı deyil.

HRW rəhbərliyində ABŞ-ın siyasi elitasının bütün tabanları əks olunsa da, onların arasında elmi-texniki sektorun nümayəndələri, informasiya texnologiyaları şirkətlərinin funksionerləri, PR mütəxəssisləri yoxdur.

Əvəzində HRW-in 37 nəfərlik Direktorlar Şursında bankirlər, birja və valyuta alverçiləri, investisiya şirkətlərinin menecerləri bol yer alıblar. Məhz onlar ABŞ kapitalının dünyanın maliyyə bazarlarına, xüsusilə də inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına maneəsiz yeridilməsində ən çox maraqlı olan transmilli elitanın təmsilçiləridir.

Şurada say baxımından ikinci yeri tutanlar fondlar, "beyin mərkəzləri", beynəlxalq siyasət və hüquqla məşğul olan strukturların rəhbərləri, ekspertlər, nüfuzlu siyasi jurnalların redaktorlarıdır.

Məhz onlar HRW-in bölmə və departamentlərinin rəhbərləri ilə Birləşmiş Ştatların intellektual elitası arasında fasiləsiz əlaqəni təmin edirlər.

Direktorlar Şurasında yerdə qalanlar vəkilər, korporativ hüquqşünaslar, sığorta mütəxəssisləridir.

Və təbii ki, HRW rəhbərliyində Corc Sorosun adamları da geniş təmsil olunublar. Daha konkret olsaq, Sorosa məxsus "Soros Foundations Network", "Open Society Institute" və "Privatization Project"in rəhbərləri Şuranın nüfuzlu üzvləri arasındadır.

HRW-in ikiüzlüü və saxtakar fəaliyyətini səciyyələndirmək üçün ABŞ-ın İraqı işğal etməsi ərəfəsindəki çılğınlığı xatırlamaq yetər. Belə ki, Birləşmiş Ştatların hərbi əməliyyatlara başlamasından təxminən üç həftə əvvəl HRW İraqda insan haqlarının təminatı ilə bağlı "vəziyyəti əks etdirən" hesabatları sıralayaraq yaymağa başladı.

Fəqət, iş onda idi ki, həmin hesabatların istisnasız olaraq hamısı 10-15 il əvvəlki vəziyyətdən bəhs edirdi.

Elə həmin təşkilat Fransa, İspaniya və Almaniyada antisemitizm, islamofobiya barədə bir kəlmə də demədi, Danimarka və Böyük Britaniyada həndəsi silsilə ilə artaraq sosial bəlaya çevrilməyə başlamış ksenofobiya və irqçiliklə bağlı susdu.

Maraqlıdır ki, "Human Rights Watch"ın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamsoon etiraf etmişdi: "Fəaliyyətimizdə prioriet hesab etdiymiz sahə "üçüncü dünya ölkələri"dir.

"Amnesty İnternational" kimi, HRW da insan haqları ilə bağlı vəziyyəti əks etdirən hesabatlarının hazırlanmasında hələ də 40 il əvvəl, "soyuq savaş" illərində formalaşdırılmış metodologiyadan istifadə edir.

Bu zaman HRW hədəfə aldığı ölkələrdə, o cümlədən Azərbaycandakı inkişafı görməməyə çalışır. Təşkilat ərazilərimizin 20 faizinin hələ də erməni işğalında olduğunu "unudur", işğalçı Ermənistanın aqressiv və zooolji millətçi, şovinist, hətta nasist siyasətini az qala təqdir edir.

Qərb ölkələrində insan haqlarının pozulması, dini və irqi zəmində təqiblərlə bağlı faktlardan bəhs edəndə qıcıqlı və qəzəbli reaksiya verən HRW Ermənistanda nasizm cəlladlarının qəhrəmanlaşdırılması, nasizm ideyalarının yayılması ilə bağlı vəziyyəti də susqunluqla qarşılayır.

Sadalanan səbəblərdən dolayı nüfuzlu ekspertlər və ciddi analitik mərkəzlər bu və digər ölkədəki vəziyyəti dəyərləndirmək üçün etibarlı mənbə qismində "Human Rights Watch" hesabatlarından istifadə etmirlər.

Saxtakarlıq, ikili standartlar, yalan, anqajə olunmuş təqdimat və subyektivlik o həddə çatıb ki, hətta Azərbaycanın ən qatı düşmənləri belə, HRW-ın hesabatlarını ciddi mənbə olmadığını etiraf edirlər.

Lakin Azərbaycandakı radikal müxalifətin siyasi şüur primitivliyi və aşkar bisavadlığı olanların tam əksinə, HRW-in hesabatlarının sosial şəbəkələrdə az qala Bakıya qarşı arqument bazası qismində istifadəsinin "halal" olduğunu vurğulanmasını görməyimizə səbəb olur.

Məsələn, AXCP sədri, son illərdə praktik siyasi fəaliyyəti Facebook bloqerliyi ilə əvəzləmiş Əli Kərimli "Human Rights Watch"ın hesabatlarını az qala son mənbədəki həqiqət sayır, tərəfdarlarına və ona hələ də inanan sadəlövhlərə məhz belə təqdim edir.

Təşkilatın son hesabatından da o, Facebook səhifəsində "Azərbaycan hakimiyyətinə xəbərdarlıq" məzmununda bəhs edərək ölkədəki "vəziyyətin qorxulu və inqilabi" olduğunu yazıb.

Corc Sorosun təşkilatlarının fəal iştirakı və ciddi təsiri ilə hazırlanan hesabatının belə anlayışı Azərbaycanın radikal müxalifətinin xaricdəki bəlli qurumlarla dairələrin əllərində marionet olduqlarını bir daha aydın göstərmirmi?

Corc Soros təki Azərbaycana kəskin antipatiya bəsləyən şəxslərə, ərazilərimizin 20 faizini işğal etmiş aqressor Ermənistana loyal münasibət göstərən təşkilatlara sayğı əslində milli özünüdərkin yoxluğu, ölkənin və dövlətin maraqlarına etinasızlıqdır.

Və bu, əsla müxalfifətçilik deyil.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.