Siyasət

AŞPA-da Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirdilər

12 Dekabr 2019 19:59
Baxış: 490

Dekabrın 12-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İnsan haqları və Monitorinq komitələrinin iclasları keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iclaslarda ölkəmizi AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Sabir Hacıyev təmsil edib.

Komitə iclaslarında Azərbaycanda insan haqları məsələsi, bununla bağlı AŞPA-ya təqdim edilmiş məruzə ətrafında müzakirələr aparılıb. Müzakirələr konstruktiv və peşəkarlıq baxımdan qənaətbəxş olub.

Məruzədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci və 2019-cu illərdə Cinayət Məcəlləsi, məhkəmə sistemi, ümumiyyətlə, hüquq-mühafizə sahəsində imzaladığı sərəncamlar, onların nəticəsində aparılmış islahatlar və müsbət dəyişikliklər diqqətə çatdırılıb. Məruzədə ölkəmizlə bağlı "siyasi məhbus" adı ilə təqdim olunmuş müxtəlif siyahılardan imtina edilib, Avropa İnsan Haqları Məhkəməsinin aliliyinin, onun qəbul etdiyi qərarların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

İnsan haqları ilə bağlı ölkəmizdə vaxtilə yaradılmış işçi qrupunun rolu və əhəmiyyəti vurğulanıb, onun davam etdirilməsinin əhəmiyyətinə toxunulub.

Məruzədə vurğulanan müsbət məqamların Azərbaycanda həyata keçirilən islahatların bəhrəsi olduğu bildirilib və bu islahatlar alqışlanıb. Ölkəmizdə keçiriləcək parlament seçkilərində islahatların zəruriliyi və əhəmiyyəti də xüsusi qeyd edilib.

Azərbaycanda aparılan islahatlar AŞPA ilə konstruktivlik və qarşılıqlı əməkdaşlıq üçün böyük zəmin yaradıb.

Azərbaycan nümayəndə heyəti müzakirə olunan məsələlərlə bağlı mövqelərini bildirib.

Qeyd edək ki, dekabrın 13-də AŞPA-nın Büro iclasında Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirələr gözlənilir. Ölkəmizə göndəriləcək nümayəndə heyətinin səlahiyyətləri və seçkilərə dair məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.