Siyasət

Bakı şəhər prokurorluğunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib - FOTO

11 Dekabr 2019 18:20
Baxış: 1 051

Bakı şəhər prokurorluğunda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Prokurorluqdan Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhər prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.

Mərasimdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov diqqətə çatdırmışdır ki, görkəmli dövlət xadimi, dahi lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri əvəzsiz və danılmazdır.

Bildirilmişdir ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyev bütün ömrü boyu Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.

Qeyd edilmişdir ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Xüsusi olaraq vurğulanmışdır ki, Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Diqqətə çatdırılmışdır ki, ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə əsası Heydər Əliyev tərəfindən qoyulmuş qanunvericilik və hüquqi islahatlar daha da genişləndirilməkdədir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda ulu öndər siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, idarəetmənin bütün sahələrində köklü islahatlar aparılır. Bu islahatlar nəticəsində ölkədə idarəetmə təkmilləşdirilməklə əhalinin rifahı, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsi yüksəlməkdədir.

Bakı şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacağını, dövlət müstəqilliyimizin, milli maraqlarımızın, ictimai-siyasi sabitliyin qorunması işində səylərini daha da artıracağını vurğulamışdır.

Mərasimin sonunda ümummilli liderin əziz xatirəsinə həsr olunmuş "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış "Ömür, Tale, Epoxa" filmi nümayiş etdirilmişdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.