Siyasət

İştirak, yoxsa boykot? Müxalifət qərar verə bilmir

6 Dekabr 2019 13:17
Baxış: 4 034

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölkə artıq seçkilərə hazırlaşır. Müxalifət düşərgəsində isə təlaş, fikir ayrılığı, təşviş və pərişanlıq var. Həmişə olduğu kimi, pafoslu cümlələr, ibarəli çağırışlar, eyhamlı açıqlamalar, ünvanlı söyüşlər və ünvansız suçlamalar axını günbəgün güclənir.

Müxalifət düşərgəsinin bir qismi seçkilərə qərar versə də, radikallığı və aqressivliyi ilə seçilən digər düşərgə parlament seçkilərini boykot etmək qərarına gəlib.

Yekun qərar hələlik açıqlanmasa da, AXCP və "Milli Şura"nın birgə bəyanatları onların qərarlı olduqlarını göstərir.

"Milli Şura", daha doğrusu, AXCP-nin törəmə strukturu və partiyanın sədri Əli Kərimlinin tam nəzarətində olan bu fantasmaqorik, təşkilat və fəaliyyət prinsipləri siyasətin ən adi qaydalarına meydan oxuyan qurum hakimiyyət qarşısında şərtlər qoyub. "Milli Şura"nın sədri Cəmil Həsənli olsa da, bu parodik personajın ölkə müxalifətinə təsir imkanlarının hansı səviyyədə olduğu bəllidir. Səbəblər və nəticələr çoxdur, amma onların məcmusu "Milli Şura"nın əsl rəhbərinin Əli Kərimli olduğunu açıq-aydın göstərib, indi də belədir.

Əli Kərimli isə ultimativ şərtlərinin yerinə yetirilməyəcəyi təqdirdə, AXCP və "Milli Şura"nın növbədənkənar parlament seçkilərinə qatılmayacağını bəyan edib.

Bu bəyanat əslində boykot açıqlamasıdır, çünki Ə.Kərimli məntiqlə uzlaşmayan şərtlərinin reallıqdan kənarlığını anlayır və əla bilir ki, hakimiyyət həmin ultimatumu qəbul edəsi deyil.

Daha doğrusu, etməyib.

AXCP-"Milli Şura" duumviratının qərarı isə müxalifət düşərgəsində, yumşaq desəm, birmənalı qarşılanmayıb.

Müsavat Partiyasının qərargahında növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilmiş "dəyirmi masa"da siyasətçilər və ictimai xadimlər, habelə ekspertlə yanaşı, sabiq səhiyyə naziri Əli İnsanov da vardı.

Təbii, illər ərzində əsla dəyişməyən və korrupsioner, aqressiv kimliyində qalan Əli İnsanov müxalifəti seçkiləri boykot etməyə çağırıb.

Partiya olduğunu bəyan edən, amma rəsmi qeydiyyata alınmamış REAL-ın icra katibi Natiq Cəfərli keçmiş səhiyyə naziri Əli İnsanovu bu səbəbdən sərt tənqid edib. O, müxalifətin seçki ilə bağlı tədbirində Ə.İnsanovun çıxışını qiymətləndirib: "Dünən ilk dəfə Əli İnsanovu seçki müzakirələri zamanı gördüm, mövzu seçki olduğu üçün iştirak edirdim, onun çıxışını canlı dinlədim. Adam iqtisadi mövzulara da girdi və məlum oldu ki, dünyadan da, ölkədən də bixəbərdir, tezisləri içiboş, rəqəmləri səhv, çıxardığı nəticələr gülüncdür. Əli İnsanovun yeganə amacı qisasdır - başqa heç bir siyasi, iqtisadi vizionu yoxdur, ola da bilməz. Çünki çox köhnədir, müasir təməl bilikləri yoxdur. Adam elə bilir ki, hər çıxışında 10 dəfə "Avropa, ABŞ" desə, Qərb bunu dəstəkləyəcək. Düşünür ki, problemlərin səbəblərinə toxunmadan nəticəsini söyləsə, ictimai dəstək qazanacaq. Mən məmləkətin gələcəyinin dizayn olunmasında belə bir insanın iştirak etməsindən ürkürəm, bunu istəmirəm".

Əli İnsanovun çıxışı və ümumiyyətlə, mövqeyi simptomatikdir. O, müxalifətin aqressivləşən, radikallaşan kəsiminin obrazıdır sanki.

Sabiq səhiyyə nazirinin siyasətçi və illah da ki, müxalifətçi imici əldə etmək istəkləri tragikomikdir. Ən azı ona görə ki, Ə.İnsanovun nazir olduğu dönəmlərdəki ifrat tamahkarlığı, aqressivliyi, kobudluğu, korrupsiyaya hədsiz meyli məlum məsələ, aşkar həqiqətdir.

Onun dəyişdiyini düşünənlər də yanılır. Necə ki, radikal müxalifət düşərgəsindəki partiya sədrlərinin və siyasətçilərin də demokrat olduqlarını düşünənlər ciddi səhvə yol verirlər.

Ölkənin iç siyasətini mümkün qədər marginallaşdıran, müxalifət düşərgəsini ümumiyyətlə, gözdən salaraq demaqoq və çığır-bağır lüğətini illərdən bəri dəyişməyən adamların indi qəflətən səbatlı, məntiqli və soyuqqanlı olduqlarını zənn etmək sadəlövhlükdür.

Tanınmış müxalifətçi, professor Altay Göyüşov da AXCP sədri Əli Kərimlinin və partiyanın funksionerlərinin fəaliyyətini sərt tənqid edib: "AXCP-nin hakimiyyətə demokratik alternativ olmasına camaatı inandırmaq çox çətin görünür. Bunlar məhz alternativ olduqlarını açıq-aydın göstərə biımədiklərinə görə də xalqdan dəstək ala bilmirlər və sonra da dönüb xorla xalqın özünü günahkar çıxartmağa çalışırlar. Seçkiyə isə mütləq getmək lazımdır. Bunların anti-seçki təbliğatına fikir vermədən. Bunların öz başına girmir ki, hakimiyyət üçün, boykot olunan 2018 seçkisi, boykot olunmayan 2013 seçkisindən qat-qat rahat keçdi. İndi heç iştirak etməsinlər, özləri bilər. Bu majoritar parlament seçkisidir. Sadəcə dairələrdə təşkilati bacarığı olan, camaat arasında tanınan adamların namizədliyini verməsi və gəncliyi də seçki prosesinə qoşması bəs edir".

Yəni AXCP-nin seçkilərə qatılması partiyanın nüfuzuna zərbə yox, tam əksinə, itirilmiş nüfuzun və cəmiyyətdəki mövqelərinin qismən, azacıq da olsa, bərpası olardı.

Ə.Kərimlinin boykot taktikası illərdən bəri davam edərək heç bir dəyişiklik olmadan hər seçkidə nümayiş olunur. AXCP-nin sıravi üzvləri məhz buna görə artıq anlamalıdırlar ki, təşkilatın rəhbərliyi qurumun maraqlarını özlərinin merkantil maraqlarına, fərdi istəklərinə, yəni tamahlarına və istəklərinə qurban verirlər.

AXCP və "Milli Şura"nın hakimiyyətə ünvanladığı şərtlərin hüquqi baxımdan tamamilə əsassız və absurd olması barədə dünən yazdım.

İndisə boykot qərarının sırf demaqogiyaya, kütləyə oynamaq cəhdi olduğunu çox sadə misallarla anladım.

Əvvəla, Azərbaycanda istənilən seçkilərin hansısa müxalifət partiyası tərəfindən boykot edilməsinin siyasi təsiri, gücü yoxdur. Çünki müxalifətdəki partiyaların heç biri cəmiyyətdə yetərincə nüfuza, hadisələrə təsir imkanlarına və sosial-siyasi dəstəyə malik deyil. Eyni zamanda, heç bir müxalifət partiyasının boykot qərarının effektiv sayılması üçün yetərli miqyasda sosial bazası, güclü elektoral potensialı yoxdur.

Vətəndaşların total əksəriyyəti müxalifət partiyalarına inanmırlar. Və bu inamsızlığın əsas səbəbkarı da elə həmin partiyalar, daha doğrusu, onların yarıtmaz fəaliyyət göstərən rəhbərləridir.

Bundan başqa, AXCP sədri Əli Kərimli xəyal edir ki, hərgah seçkilərə qatılarsa, onda mövcud "hakimiyyətə legitimlik qazandıracaq". Halbuki, onillərdən bəri az qala bütün seçkiləri boykot edənlərin ekstravaqant davranışlarına rəğmən, hakimiyyətin legitimliyinə lümpenləşmiş dəstədən savayı kimsə şübhə etmir.

AXCP-nin və illah da ki, marionet "Milli Şura"nın seçkiləri boykot etməyi Azərbaycan hakimiyyəti üçün əsla problem yarada bilməz. Əksini düşünənlər sadəcə sosial şəbəkələrdə Ə.Kərimlinin Facebook səhifəsində, onun müsahibələr verdiyi YouTube kanallarında "Prezidentimiz cənab Əli Kərimli" yazıb trolluq edənlərdir.

Boykot qərarı həm də hüquqi, yəni mövcud qanunvericilik baxımından mənasız, əsassızdır: ölkənin ali qanunverici orqanına seçkilərdə iştirakla bağlı heç bir məhdudiyyət və ya minimal səs limiti yoxdur. Yəni hansısa dairədə bu və digər namizədə 150 nəfər səs versə belə, seçki baş tutmuş sayılır.

Ən nəhayət, hansısa seçkinin boykotu fəal, nəticələrə təsirli olmalıdır. Ölkənin daxili siyasət arenasında heç bir təsir gücünə malik olmayan, çoxdan dərnəyə çevrilmiş qurumların boykot qərarı ən yaxşı halda onların rəhbərlərinin təşəxxüsünün və eqosunun təminatı ola bilər.

Elə bu səbəblər yetərlidir ki, AXCP-"Milli Şura" cütlüyünün boykot oyununun effektivliyi ilə bağlı radikalların bəlağətli, köpüklü açıqlamaları ağlabatan sayılmasın, siyasi baxımdan da məntiqsiz olması aydın görünsün.

İstənilən siyasi təşkilatın, ələlxüsus da müxalifətdəki qurumun ən ümdə vəzifəsi seçkilərə qatılmaq, sivil yolla hakimiyyətdə və ya qanunverici orqanda təmsil olunmaqdır.

Əksi siyasi cığallığın ən primitiv, bəsit formasıdır.

Seçkilərə qatılmadan sürəkli, onillərlə müxaliflik etmək cəhdi isə sadəcə, ironiya doğurur.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.