Siyasət

Ölkədə aparılan struktur islahatları radikalları ciddi şəkildə narahat edir - Bəhruz Quliyev

4 Dekabr 2019 18:07
Baxış: 684

Qaragüruhçu müxalifətin özünə belə inamı qalmayıb və bu, ilk növbədə göstərir ki, onların sosial şəbəkələrdə seçkiləri boykot etməklə bağlı bəyanatlar yaymaları sadəcə özlərini aldatmaq məqsədi daşıyır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, radikal müxalifət düşərgəsi "liderlərinin" hazırkı dövrə qədər Milli Məclis ətrafında oyunbazlıqlar edib, guya qanunverici orqanın tərkibinin qocalması ilə bağlı irəli sürdüyü əsassız iddiaları, eyni zamanda belə nəticəyə gəlməyə əsas verir ki, onlar sonsuz bəhanələri ilə seçkilərə çıxarmağa namizədlərinin olmadığını gizlətməyə çalışırlar:

"Xalq da görür ki, onların üzə çıxarmağa bir nəfər də normal namizədləri yoxdur. Bu, onların iradəsizliklərinin, şəxsi mənfəət güdmələrinin və eləcə də elektoratsızlıqlarının, sosial bazalarının olmadığının aşkar göstəricisidir. Axı necə ola bilər ki, sən əvvəlcə səs-küy salasan ki, yeni seçkilər keçirilməli, tərkib dəyişilməlidir, bu qərar verildikdən sonra isə öz tələbinə qarşı çıxasan?! Məgər burada hər hansı səmimilikdən danışmaq mümkündürmü? Əslində, onlar belə lazımsız, əsassız, gülünc iddialarını işə salarkən, ətraflarında qalan beş-on nəfəri də itirəcəklər və itirirlər də. Artıq AXCP, "Milli Şura" rəhbərliyinin, Müsavat Partiyasının və s. radikal təfəkkürlü ünsürlərin ətrafında olanlar bu cür məntiqsizliklərdən, şər-böhtanlardan, yalanlardan beziblər və onları tərk edirlər".

Bəhruz Quliyev hesab edir ki, ölkədə aparılan və dinamik hal alan struktur islahatları radikalları ciddi şəkildə narahat edir: "Bu təlaş onların müxtəlif xarici dairələrdən aldıqları sifarişlərinin puç olması, eyni zamanda xarici dairələrin onlardan əllərini üzməsi faktından da irəli gəlir. Artıq Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər, Cəmil Həsənli, Əli İnsanov və s. kimi siyasətbazların ifşalarından sonra məlum olub ki, xalq onları qəbul etmir və etməyəcək də".

Baş redaktor bildirib ki, şeytanla əməkdaşlığa hazır olan AXCP sədrinin və ətrafının, mühacir alverində adları hallanan Müsavat rəhbərliyinin, eks səhiyyə nazirinin korrupsiyaya bulaşmış və sübutlara əsaslanan rüsvayçı əməlləri göz önündədir. Onlar anlayırlar ki, həmin əməllərinə görə sağlam düşüncəli ictimai rəy qarşısında heç bir nüfuzları, hörmətləri yoxdur: "Bu baxımdan da seçkilərə qatılmaq onların növbəti biabırçı məğlubiyyətləri ilə başa çatacaq. Həmin ünsürlər və yandaşları gah xalqın maraqlarına cavab verən uğurlu islahatlar paketinə, gah kadr islahatlarına, gah da parlamentdə keçirilməsi gözlənilən növbədənkənar seçkilərə qarşı öz çirkin kampaniyalarını aparırlar. Amma bu kampaniyalar göründüyü kimi, nəticəsiz qalır. Şübhəsiz ki, dövlətinin, Prezidentinin yanında olan xalq bütün bunları görür və təhlilini aparır, nəticə çıxarır. Söz yox ki, bu nəticələr radikal, dağıdıcı təfəkkürə malik müxalifət "liderlərinin" siyasi məhvləri prosesini daha da sürətləndirməkdədir".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.