Siyasət

Müxalifətin boykot niyyəti əslində nədən xəbər verir?

4 Dekabr 2019 11:15
Baxış: 2 953

Müsavat Partiyasının qərargahında ölkə müxalifətinin qarşıdan gələn parlament seçkiləri ilə bağlı mövqeyinin bəlirləndiyi dəyirmi masa keçirilib.

Müzakirələrdə bir sıra müxalifətçilər, ekspertlər və ictimai xadimlərlə yanaşı, özünü "Haqq və Ədalət Partiyasının təşkilat komitəsinin sədri" kimi elan edən sabiq səhiyyə naziri Əli İnsanov da iştirak edib.

Ə.İnsanovun müzakirələrə hansı statusla qatılması açıqlanmasa da, bu olay sosial şəbəkələrdə kəskin reaksiya və qıcıq doğurub. Mürtəce ruhlu, korrupsioner Ə.İnsanovun "dəyirmi masa"da iştirakını vətəndaşlar "rüşvətxor İnsanovun pullarına göz dikilmə" təki dəyərləndiriblər.

"Dəyirmi Masa" əsnasında Müsavat başqanı Arif Hacılı parlamentin buraxılmasının doğru olduğunu deyib: "Yaxşı olar ki, ya hamı seçkilərə getmək, ya da hamı boykot qərarı ala. Amma belə olmayacağından cəmiyyət və müxalifət üçün ən optimal variant seçimi edilməlidir".

Onun uzun nitqinin leytmotivi belə idi: Müsavat Partiyası parlament seçkilərinin boykotuna meyllidir və çox yəqin ki, boykota qərar verəcək.

Əli İnsanov həmişə olduğu kimi, emosional çıxış edərək özünü az qala "demokratiya mücahidi" kimi göstərməyə çalışdı və müxalifəti seçkiləri boykot etməyə çağırdı.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi də deyib ki, parlament ölkə rəhbərliyinin standartlarına cavab vermədiyindən buraxılıb. O deyib ki, söhbət təkcə seçkidən yox, həm də sonrakı addımlardan gedir: "Xalqı seçkiyə aparacağıqsa, sonra nə edəcəyik?"

Onun sözlərinə görə, müxalifətin qarşısında duran ilkin məsələ seçki komissiyalarında təmsil olunmaqdır. Daha sonra isə o, AXCP sədri Əli Kərimlinin mövqeyini təkrarlayıb və seçkilərin boykotuna tərəfdar olduğunu deyib.

ReAL Partiyasının təmsilçisi Natiq Cəfərli isə deyib ki, seçkilərdə iştirakın alternativi yoxdur. Onun fikrincə, xalqı kütləvi şəkildə bu prosesə cəlb etmək lazımdır:

O əlavə edib ki, fevral-mart aylarında parlament seçkiləri baş tuta bilər: "Müxalifətin nə edə biləcəyini müzakirə etməliyik. "Hamını seçkilərə cəlb etmək lazımdır, bunun başqa yolu yoxdur".

Xatırladaq ki...

Dekabrın 2-də Milli Məclisin növbədənkənar iclası keçirilib.

İclasda hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciəti müzakirə edilib.

Müzakirələrdə Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət olunması barədə qərar layihəsi hazırlanıb.

Sənəddə parlamentin buraxılması islahatlara dəstəklə əlaqələndirilib.

Qərar böyük səs çoxluğu ilə qəbul edilib.

Ötən həftə, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb göndəriblər.

YAP Siyasi Şurası qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Azərbaycan Milli Məclisi 125 deputatdan ibarətdir. Hazırda parlamentdə 118 deputat fəaliyyət göstərir. Deputatların 70 nəfəri hakim partiyanın üzvüdür.

Azərbaycan Respublikası Konstitusiyasının 98 (1)-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır.

Qanunvericiliyə görə, Milli Məclisə yeni seçkilər azı 60 gün müddətində keçirilə bilər.

Əli Kərimlinin "şərtləri"

AXCP sədri və "Demokratik Qüvvələrin Milli Şurası" adlanan marionet strukturun faktiki rəhbəri, illərdən bəri aktiv siyasi fəaliyyəti Facebook bloqerliyi ilə əvəzləmiş Əli Kərimlinin seçkilərlə bağlı "şərt"ləri var.

Ultimativ formada açıqlanan və "Milli Şura"nın "şərt"ləri kimi təqdim olunan həmin tələblər, sən demə, hakimiyyət qarşısında qoyulmuş anlaşma variasiyasıdır. Ki, hakimiyyət bu şərtləri yerinə yetirməsə, "Milli Şura", yəni AXCP parlament seçkilərinə qatılmayacaq.

Bir daha xatırladıram: Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabr ayının 28-də keçirilən iclasında Milli Məclisin yeniləşməsinin obyektiv zərurətə çevrildiyini nəzərə alaraq tarixi əhəmiyyət daşıyan təşəbbüsüdür.

Səbəb çox sadə və aydındır. Ölkə həyatının, demək olar ki, bütün sahələrini əhatə edən islahatlar uğurla həyata keçirilir və inkişafın yeni mərhələsinə keçid üçün əlverişli şərait yaradır. Əslində, yaşadığımız dövrü tariximizin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar mərhələsi adlandırmaq daha düzgün olardı. Artıq bir neçə ildir həyata keçirilən islahatlar keyfiyyətcə yeni mərhələyə çatıb və idarəetmə sahələrini əhatə edir. İcra hakimiyyəti sahəsində ciddi struktur islahatları, kadr dəyişiklikləri idarəetmənin çevikliyini artırmağa, səmərəlilik səviyyəsini yüksəltməyə hədəflənib. Hakimiyyətin digər qolu - məhkəmə hakimiyyəti sistemi də islahatlarla əhatə olunub və bu islahatların getdikcə genişlənməsi gözlənilir.

Baş nazirin müavini daha sonra qeyd edib: "İslahatların tamlığı və ahəngdarlığının təmin edilməsi onun sistem şəklində həyata keçirilməsini tələb edir. Başqa sözlə desək, icra və məhkəmə hakimiyyəti ilə yanaşı qanunverici hakimiyyət sahəsində də islahatların keçirilməsi obyektiv zərurətə çevrilib. Cəmiyyətdə qanunverici hakimiyyət sahəsində yeniləşməyə, parlamentin qanunyaratma fəaliyyətinin daha da təkmilləşdirilməsinə, ümumiyyətlə parlamentin öz işini islahatlar strategiyasına uyğun olaraq təşkil etməsinə dair çağırışlar xeyli vaxtdır ki, səslənməkdədir".

Bu mülahizələrdən çıxış edərək, Yeni Azərbaycan Partiyası parlamentin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və yeni seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürüb. Qeyd etmək lazımdır ki, ayrı-ayrı ölkələrdə parlamentin buraxılması və növbədənkənar (yaxud vaxtından əvvəl) seçkilərin keçirilməsi tez-tez rast gəlinən adi hadisədir. Ən yeni nümunə kimi Böyük Britaniya göstərilə bilər. Orada vaxtından əvvəl parlament seçkiləri keçirilməkdədir. Yaxud İspaniya, Portuqaliya, Fransa, Kanada, Meksika və İtaliyada son bir neçə il ərzində bir neçə dəfə növbədənkənar parlament seçkiləri keçirilib.

Belə bir durum varsa, yəni erkən parlament seçkiləri artıq obyektiv reallıqdırsa, ölkə müxalifətinin radikallaşmış kəsiminin tutduğu mövqe ən azı təəccüb doğurur.

AXCP sədri Əli Kərimlinin "şərtlər paketi"inə gəldikdə isə, onun açıqlamaları və mövqeyi aşkar göstərir ki, radikallar yeni bir seçki şansından bəhrələnmək əvəzinə erkən parlament seçkilərinin boykot edilməsi yolunu tutublar.

Aşkar və aydın görünən budur ki, AXCP, habelə Əli Kərimlinin ətrafında satellit qismində mövqe tutmuş kiçik və mikroskopik partiyalar seçki formasından istifadə etmək niyyətilərində deyil. Bundan başqa, hansısa partiyanın seçkilərdə iştirakla bağlı şərtlər irəli sürməsi siyasi fəaliyyətdə anormal bir vəziyyətdir.

Unutmayaq ki, siyasi partiyanın seçkilərdə iştirakı onun fəaliyyətinin və mövcudluğunun başlıca şərtidir. Bundan kənar hər hansı amil siyasi partiyanın mövcudluğuna haqq qazandıra bilməz. Digər tərəfdən, Azərbaycanda bütün seçkilər, o cümlədən parlament seçkiləri mövcud qanunvericiliyə, Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil edilir. Seçki Məcəlləsi isə hər hansı əlahiddə partiya üçün qəbul edilməyib və bu səbəbdən ayrıca götürülmüş partiyanın seçkidə iştirak etməklə bağlı şərtlər irəli sürməsi demokratiya və bərabər imkanlar anlayışına qətiyyən uyğun gəlmir.

Absurdun digər məqamı odur ki, hər hansı partiya əlahiddə şəkildə ultimativ tələblərlə çıxış edərək, bununla seçkilərdə mümkün iştirakını şərtləndirirsə, ortada şəffaflıq və aşkarlıqla heç bir əlaqəsi olmayan niyyətin mövcudluğu qaçılmazdır.

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılmayacağını bəyan edən, gözlənilən erkən, növbədənkənar parlament seçkilərini boykot edəcəyini vuruğlayan və "əlahiddə şərtlər" irəli sürən Əli Kərimli, heç şübhəsiz ki, sivil, adekvat siyasi fəaliyyətdən daha çox cəmiyyəti radikallaşdırmağı, qarşıdurma yaratmağı düşünür.

"Əfsuslar olsun ki, onlar belə mövqe tutublar"

Tanınmış hüquqşünas, kəskin müxalifətçi mövqeyi ilə bilinən Aslan İsmayılov belə, AXCP və "Milli Şura"nın erkən parlament seçkiləri ilə bağlı mövqeyini sərt tənqid edib.

Facebook səhifəsində canlı yayıma çıxan A.İsmayılovun dediyinə görə, AXCP və "Milli Şura"nın, yəni əslində Əli Kərimlinin mövqeyi, sadəcə, ilk baxışda, siyasətə yaxşı bələd olmayan sadəlövh insanlara normal təsir bağışlaya bilər.

"Seçki komissiyalarının tərkibinin dəyişdirilməsini, həmin komissiyalarda müxalifət nümayəndələrinin təmsil olunmasını istəyir. Bu, sadəcə, ilk baxışda belədir. Əslində isə bu, qeyri-səmimilikdir. Bundan başqa, həmin bəyanatda "tələblərimiz yerinə yetirilməsə, seçkiləri boykot edəcəyik" bəyanatı nəyə lazım idi?! Axı seçkilərə gedib, seçki gününə bir-iki gün qalmış boykot qərarını elan etmək olardı. Bu bəyanat birmənalı şəkildə olaraq insanları seçkilərdə aktiv iştirak etməkdən çəkindirir. Mən isə hesab edirəm ki, vətəndaşlarımız seçkilərdə aktiv iştirak etməlidir. Hesab edirəm ki, hamı seçkilərə getməli, aktiv iştirak etməlidir. Boykot qərarı zərərli, yanlış və gərəksizdir", - Aslan İsmayılov deyib.

Onu sözlərinə görə, radikallar "inqilab" istəsələr də, bu istək Azərbaycanı faciələrə və xaosa sürükləmək niyyətidir: "Xaricdəki qüvvələrin Azərbaycanı müxtəlif vaxtlarda müxtəlif "rəngli inqilab"lara sürükləməsi həmişə zərərimizə olub və olacaq".

Tam gerçəkdir, çünki anti-Azərbaycan qüvvələrin niyyəti isə öz maraqları çərçivəsində Azərbaycana problemlər yaratmaq, imkan düşdükdə zərbə vurmaqdır. Ona görə də Azərbaycanda islahatların keçirilməsi, iqtisadiyyatın inkişafı, dövlətin güclənməsi həmin qüvvələri təşvişə salır. Bəzi siyasi partiyalar anti-Azərbaycan qüvvələrin əlində vasitəyə çevrilməsi səbəbindən həyata keçirilən genişmiqyaslı islahatlar konsepsiyasına qarşı çıxır, ona qara yaxmağa çalışırlar.

Seçkiləri boykot etmək qərarı həm də radikallaşmış müxalifət qruplarının ictimai dayaqdan məhrum olması, sosial bazasını bütünlüklə itirməsidir. Seçicilər tərəfindən dəstəklənmədiyini aydın başa düşən həmin radikal partiyalar fəaliyyətlərini yalnız yalan, böhtan təbliğatı üzərində qurur, qarşıdurma yaratmağa çalışır. Onlar təlaş içindədir. Çünki islahatlar genişlənib dərinləşdikcə ölkə daha da inkişaf edir, dövlətin qüdrəti artır, xalqla iqtidarın birliyi güclənir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.