Siyasət

Deputat: "Genişmiqyaslı islahatlardan qanunverici hakimiyyət olaraq Milli Məclis də kənarda qala bilməz"

2 Dekabr 2019 17:27
Baxış: 382

"Son dövrlərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu islahatlar hər bir sahədə möhtəşəm uğurlara və yeniliklərə meydan açıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Deputat qeyd edib ki, Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri də məhz ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır:

"Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda dövlət başçısının imzaladığı çoxsaylı Fərman və sərəncamlarla təsdiqlənən islahat xarakterli qərarlar inqilabi səciyyə daşıyır. Bu islahatlar xalqımız tərəfindən təqdir edilir, dəstəklənir.

İslahatların möhtəşəm nəticələrini həyatımızın ən müxtəlif sahələrində aydın şəkildə görə bilərik. Təbii ki, bu genişmiqyaslı islahatlardan qanunverici hakimiyyət olaraq Milli Məclis də kənarda qala bilməz. Partiyamız da haqlı olaraq belə bir təşəbbüs irəli sürüb. Bu təşəbbüs ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara dəstək məqsədi daşıyır.

Bununla partiyamız bir daha bütün məsələlərdə dövlətçilik maraqlarından çıxış etdiyini göstərir. Partiyamız hər zaman olduğu kimi, yenə də Sədrimizin, dövlət başçımızın həyata keçirdiyi siyasəti açıq şəkildə dəstəklədiyini, bu siyasətin daha böyük və uğurlu nəticələr verməsi üçün üzərinə düşən qərarları almaqda qətiyyən tərəddüd etmədiyini sübuta yetirir".

S.Qafarovanın sözlərinə görə, digər tərəfdən Yeni Azərbaycan Partiyası öz təşəbbüsü ilə bir siyasi mədəniyyət, davranış nümunəsi ortaya qoydu:

"Bununla da həm siyasi sistemimizdə, həm də parlamentin fəaliyyətində yeni bir ənənə meydana gəlir. Öz fəaliyyətində hər zaman yeniliklərə, müasirliyə açıq olan Yeni Azərbaycan Partiyası bu gün daha bir ilkə imza atır. Bunun Azərbaycan dövlətçiliyi və xalqımız üçün xeyirli, uğurlu olacağına inanıram".

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası, eyni zamanda partiyanı parlamentdə təmsil edən deputatlarla görüş keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub. Həmçinin, bununla bağlı Milli Məclisə müraciət ünvanlanması qərara alınıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar qəbul olunub.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.