Siyasət

Səfir: IGB layihəsinin reallaşdırılması Cənub-Şərqi Avropanın təbii qaz bazarına böyük dəyişikliklər gətirəcək

19 Noyabr 2019 08:02
Baxış: 973

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) ilk iki kilometrində torpaq işləri başlayıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova deyib.

O qeyd edib ki, noyabrın 11-də IGB-nin tikintisində irəliləyişin yoxlanılması üçün təftiş keçirilib:

"Tədbirdə Bolqarıstanın baş naziri Boyko Borisov, energetika naziri Temenujka Petkova, ABŞ-ın Bolqarıstandakı səfiri Herro Mustafa, Yunanıstan səfiri Dimitrios Xronopulos, ICGB AD layihə şirkətinin icraçı direktoru Teodora Georgiyeva və digər rəsmi şəxslər iştirak edib".

Onun sözlərinə görə, təftiş zamanı Bolqarıstan tərəfi bəyan edib ki, 2020-ci ilin sonunadək ölkə Azərbaycan, ABŞ, Qətər, Misir və digər mənbələrdən qaz idxalını təmin edəcək və enerji müstəqilliyini əldə edəcək:

"Qeyd olunub ki, IGB layihəsi Cənub-Şərqi Avropaya qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsini təmin edəcək".

Səfir əlavə edib ki, Bolqarıstan tərəfi bir milyard kubmetr Azərbaycan qazının nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi üçün vacib addımlar atıb:

"Layihə üzrə zəruri tenderlər bu il başa çatıb, IGB-nin layihələndirilməsi və tikintisi, eləcə də boru kəmərlərinin tikintisi, tikintiyə nəzarət, kəmərin marşrutu boyunca arxeoloji sahələrin tədqiqi və mühəndis məsləhətləri üçün şirkətlər seçilib. Tikintinin başlaması üçün zəruri sənədlər imzalanıb. 2019-cu il mayın 22-də Bolqarıstanın Kirkovo kəndində Azərbaycan Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Bolqarıstan və Yunanıstan baş nazirlərinin iştirakı ilə IGB-nin təməlqoyma mərasimi keçirilib".

N.Qurbanova hesab edir ki, "Şahdəniz" yatağından Azərbaycan qazını nəql edəcək IGB-nin tikintisinin başlanması vacib hadisədir:

"Bu layihənin reallaşdırılması regionun təbii qaz bazarına böyük dəyişikliklər gətirəcək. IGB Yunanıstanda, Bolqarıstanda, eləcə də qonşu ölkələrin enerji təhlükəsizliyini möhkəmləndirəcək, qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsini təmin edəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.