Siyasət

Müsavatın gəlinli, yeraltı aksiyası alınmadı - FOTO

12 Noyabr 2019 16:14
Baxış: 3 445

"Yol verin, yol verin! Yeni iştirakçılar gəlir! Ay da, bəylə gəlin imiş ki bunlar!", "Sizi də tuturlar? Tutmurlar? Onda getdik o tərəfə...", "Siz televizorsunuz?! Hansı televizordan gəlibsiniz?", "Gəlin ə, çəkməyə, onsuz da, heç nə yoxdu!"

Bu gün Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında piket keçirmək istəyib. İcazə verilmədiyindən və sanksiya alınmadığından bu piket qanunsuz aksiya "status"unda idi.

Saat 15 radələrində BŞİH binasının qarşısında onlarla polis əməkdaşı və polislərin sayından təxminən iki dəfə çox jurnalist vardı.

Jurnalistlər əllərində videokameralar və ya smartfonlar duraraq gözləyir, səbr daralanda isə xaotik var-gəl edirdilər.

Onlar Müsavatın başqanı Arif Hacılını və partiya funksionerlərini gözləyirdilər.

Polislər isə korrekt davranır, nəzakətlə "Zəhmət olmasa, geri çəkilin!", "Yola çıxmayın!" söyləyirdilər.

"Piket" başlandı, daha doğrusu, piketi başlamağa cəhd göstərən müsavatçılar qrup və ya dəstə halında yox, bir-bir BŞİH binasına yaxınlaşmağa cəhd göstərirdilər.

Onları polis saxlayır, binadan uzaqlaşdırırdı.

Eşidilən isə xanım jurnalistlərin qışqırtısı idi. Onlardan biri polisin üstünə çəmkirir, digəri medianın işinə mane olmamağa çağırır, üçüncüsü isə, ümumiyyətlə, "İmkan verin, çəkək!" deyirdi.

Polislər isə deyilənləri eşitsələr də, səbrlə hərəkət edirdilər.

Alınmayan, baş tutmayan "piket"də yeganə insident Müsavat Partiyasının Səbail rayon təşkilatının sədri Zakir İsmayılın saxlanması oldu.

Baş tutmayan aksiyada ən fəal "iştirakçı"lar media mənsubu olan və çəkiliş aparan xanımlardı. Onların polislə qəzəbli davranışları, çəkilişə və ümumiyyətlə, peşə fəaliyyətlərini yerinə yetirmələrinə törədilən maneələrlə bağlı ucadan etirazları səngimək bilmirdi.

Bir qədər də keçdi, "İçərişəhər" metro stansiyasının qarşısında bəylə gəlin peyda oldu.

Sanki Klod Bonüel və ya Əmir Kusturitsanın filmlərindəki sürreal fantasmaqoriya yaşanırdı.

Bir tərəfdə onlarla jurnalist, qarşı tərəfdə polislər, onların arasında isə hallarına təfavüt etmədən addımlayan və İçərişəhərə yönələn bəylə gəlin.

Zaman keçirdi və aksiyaya tək-tək qatılan müsavatçılar yeraltı keçiddən keçməyə çalışanda isə hadisələrin cərəyan mərkəzi yerin altına keçdi.

İrəlidə yenə də xanım jurnalistlər olmaq şərtilə media mənsubları aşağıya, yeraltı keçidə şığıdılar.

Onlar "amansız polislərin mətin və qətiyyətli müxalifətçiyə zor tətbiq etdiyi anları" çəkmək istəyirdilər.

Alınmadı, çünki polislər Müsavat Partiyasının mənsubuna "Xahiş edirik, zəhmət olmasa, yolunuza davam edin!" deyirdilər.

Aksiyaya nəinki Arif Hacılı - Müsavat rəhbərliyindən kimsə qatılmadı.

Gəlmədilər, halbuki aksiya öncəsində onların istisnasız olaraq hamısı gurultulu bəyanatlar və müsahibələr verərək noyabrın 12-də şəhərin mərkəzində az qala "lokal toqquşma" vəd edirdilər.

Arif Hacılı isə demişdi: "AXCP-nin piketinə icazə verilmişdisə, bizə niyə icazə verilmir?!"

Və bu ifadə, əslində, Müsavat üçün az qala sakral səciyyə daşıyırdı.

Birlik, müttəfiqlik və s. ilə bağlı bəlağətli bəyanatlara, hətta marginal Əli İnsanovun da "dəvət" aldığı tragikomik "dəyirmi masa"nın keçirilməsinə, AXCP və Müsavat arasındakı umu-küsünün unudulması barədə deyilənlərə rəğmən, A.Hacılının və ümumiyyətlə, Müsavat rəhbərliyindəki şəxslərin son açıqlamaları Əli Kərimlinin sədr olduğu partiyaya, yəni AXCP-yə dözülməzlik, qısqanclıq və rəqiblik davranışını ortaya qoyurdu.

AXCP sədri və bloqer Əli Kərimli də Müsavat rəhbərliyinə eyni hisslər bəslədiyindən, bəhs etdiyim şəxslərin "müttəfiqlik və birgə fəaliyyət" barədə dediklərinin bir quruşluq dəyəri yoxdur.

Olmayıb və olan da deyil, çünki Ə.Kərimli ilə A.Hacılı iki ambisioz, siyasi taktikanın və strategiyadan bixəbər, yalnız merkantil maraqlarının və korporativ mənafenin reallaşmasına çalışan, "məqsəd istənilən vasitəyə bəraət qazandırır" fəlsəfəsi ilə yaşayan adamlardır.

Bugünkü alınmayan aksiya, əslində, Müsavat Partiyasının, sadəcə, müxalifət düşərgəsində yox, bütün daxili siyasət arenasındakı ifrat zəifliyini, gücsüzlüyünü, hər hansı fəaliyyət və illah da mübarizə potensiyasından məhrum olduğunu göstərdi.

Müsavat faktiki olaraq AXCP-nin inikasıdır və ona görə də qanunsuz aksiyanın baş tutmayacağı bəlli idi.

Səbəb çox bəsitdir: BŞİH qarşısındakı aksiya cəhdi bilavasitə İsa Qəmbər və Arif Hacılı duetinin ümidsiz inadları, mənasız ambisiyaları və "biz də varıq" çığırtısının xırıltı formasında izharı idi.

Bu gün bir daha bəlli oldu ki, Müsavat Partiyası indi faktiki olaraq siyasi dərnək formatındadır.

İsa Qəmbərlə Arif Hacılının bütün relyasiyalarına rəğmən, Müsavat radikal müxalifətin acı taleyini bölüşür.

O tale isə perspektivsizlik, ümidsizlik, fəaliyyətin sosial şəbəkələrdəki "iş"dən ibarət olması və xaricdən dəstək gözləntisidir.

"Bəlkə də qaytardılar" tipli bir Qodo gözləntisi.

Müsavat, əslində, bu gün özünün nə qədər zəif, cəmiyyətdə siyasi və sosial dəstəkdən məhrum olması ilə yanaşı, radikal müxalifətin xaotik, dağınıq və zavallı durumunu bir daha nümayiş etdirdi.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.