Siyasət

Kərimlinin qanunsuz cəhdinin qarşısını Bakı aldı

19 Oktyabr 2019 17:40
Baxış: 6 978

Bu gün bir daha əyan oldu ki, siyasətdə qəddi əyilmişlər və zamanın dabanının altında əzilmişlər heç bir halda islah olunmurlar. Onlar mövsümdən yox, vəziyyətdən asılı olaraq zahirlərini dəyişirlər və o dəyişiklik zamanı simaları da dəyişir.

Özləri dəyişməsələr də.

İki gün öncə televiziya vasitəsilə də tərəfimdən müraciət olunmuşdu ki, Bakı şəhəri "28 May" metro stansiyasının qarşısında heç bir aksiya keçirilməyəcək. Bir daha xatırladıram ki, metronun mühafizə zonasına daxil olan heç bir yerdə heç bir aksiya keçirilə bilməz. Bununla bağlı çıxış elədim və ictimaiyyəti məlumatlandırdım.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı deyib.

İdarə rəisinin sözlərinə görə, qanunsuz aksiyaya cəhd edən insanlar olub, onların da qarşısı polis tərəfindən qətiyyətlə alınıb: "Saxlanılanlar var, onların haqqında da tədbir görüləcək. Onlar təxribat törətmək məqsədilə ictimai asayişi pozmağa cəhd etdilər, qarşıları da qətiyyətlə alındı. Hesab edirəm ki, mitinq keçirmək istəyirlərsə, onlar üçün çox yaxşı, münasib yer ayrılmışdı".

Qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.

Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb.

"Hamı mitinqə!", "Mitinqə gəlməyənlər ermənidən törəyənlərdir!", "Səsimizi ucadan deməliyik", "Hamı aksiyaya, haydı!" Həftələrdir bu şüarlar Facebook-da Əli Kərimli tərəfdarlarının profillərində və səhifələrində, xarici ölkələrə sığınmış "müstəqil" bloqerlərinin iaşə müxalifətinə çevrilmiş şəbəkələrində, kanallarında səslənirdi.

... Həyatın hər yönündə riyazi qanunların tərəfdarıyam. Əminəm ki, riyaziyyat qanunları imkan olduqca, hər yerdə tətbiq olunmalıdır. Siyasətdə xüsusilə.

Bu səbəbdən də elmi-texniki və innovativ inqilablardan savayı, istənilən inqilablara münasibətim kəskin mənfidir. Çünki inqilablarda udan olmur, uduzan isə dövlət və xalq olur.

Mənim üçün şəxsi azadlıq həddən ziyadə önəmlidir.

Bizlərə bir dəfə "demokratiya" satdılar. Təxminən 1988-1993-cü illərdə bu məhsul heç də pis satılmırdı. Azərbaycan sakinləri sonra anladılar ki, bu "demokratiya" falçı Məlahətin proqnozları və "müalicəsi" kimi bir nəsnədi. Guya xərçəngi müalicə edir və insanı bəxtəvərləşdirir, əslində isə ağrı daha da artır, kəskinləşir.

2019-cu ildə mənə bu saxta "dərman"ı satmaq mümkün deyil.

Təməl, yəni əsas azadlıqlar odur ki, insan normal yaşayır, evi, işi olur. Azadlıq - günün günorta çağı küçədə çovuyan güllədən ölməyəcəyini bilərək yaşamaqdır.

Özünü "Demokratik Qüvvələrin Milli Şurası", yəni "Milli Şura" adlandıran, əslində isə AXCP sədri və bloqer Əli Kərimlinin tam nəzarətindəki iflic struktur bu gün Bakı metropoliteninin "28 May" stansiyasının qarşısındakı meydanda aksiya keçirmək istədi.

Heç bir icazə, qanun çərçivəsində xəbərdarlıq olmadan.

Yer seçimi təsadüfi deyildi. Bu meydan həmişə minlərlə insanın olduğu, şəhərin ən gur məkanlarından biridir. Metro stansiyası, banklar, ali təhsil müəssisələri, iri ticarət mərkəzləri - hər şey yaxınlıqdadır.

Bu gün "Bakı Metropoliteni" QSC aksiyadan əvvəl bəyanat yayaraq bildirmişdi ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək: "Strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə, Bakı metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb".

AXCP və "Milli Şura"nın rəhbəri, son illər sosial şəbəkələrdə yaşayan Əli Kərimli dünən "maraqlı" paylaşım edib.

Sən demə, "Ruzbeh Ağazadə" nikli şəxs yazıb: "Əli bəy, pulum yoxdu gəlməyə, gedib evimin samovarını satıb, yoldaşımı da götürüb gəlmişəm Bakıya. Bacımgildəyəm, bu gün gəlmişik, sabahı gözləyirik".

Yəni R.Ağazadə evindəki samovarı satıb, yolpulu edib, xanımı ilə birlikdə Bakıya gəlib. Ki, bu gün AXCP və "Milli Şura"nın keçirdiyi qanunsuz aksiyaya qatılsın.

Əli Kərimli bu paylaşımı "Həm təsirləndim, həm qürurlandım" sözləri ilə müşayiət edib.

AXCP sədri, həm də bloqer əmindir ki, onu milyonlarla insan dəstəkləyir, o haqqın və ədalətin səsidir, yalnız o milləti işıqlı gələcəyə apara bilər.

Di gəl, sosial şəbəkələrdəki trollar və maksimum 2-3 min nəfərdən savayı kimsədən dəstək görməyən, siyasi fəaliyyətində protest elektoratı ilə sosial bazanı qarışıq salan Əli Kərimli barədə cəmiyyətdəki topyekun fikir sadədir: intriqan, məqsədlərinə və məramlarına çatmaq üçün ən yaxın silahdaşlarını, müttəfiqlərini belə asanlıqla qurban verən, daim ikili və üçlü variantlı planlar quran bir şəxs. Vətəndaşların total əksəriyyəti onu demokratik prinsiplərə sadiq adam, ciddi siyasətçi qismində qəbul etmirlər.

Bəyənmədiyi və nifrət etdiyi hakimiyyətə gəldikdə isə, hakimiyyət Əli Kərimliyə siyasi ölü statusundan qurtulmaq üçün əla şans vermişdi. "Milli Şura" bu gün Lökbatanda, şəhərin ən çox əhalisi olan həndəvərində mitinq keçirsəydi, aksiya alınardı bəlkə.

Çünki Lökbatan nə elitar yaşayış massividi, nə milyonçuların villalarının yerləşdiyi məkan. Yox, oranın sakinlərinin əksəriyyəti zəngin olmayan, adi insanlardır.

Siyasi luzer üçün əla şans: on minlərlə adi vətəndaş, 30 minlik stadion, şəhərə çox yaxın yer və illah da ki, Ə.Kərimli, habelə radikal müxalifətin digər "lider"lərinin illərdən bəri anlamını əldə etməyə çalışdığı protest elektoratı.

Gerçəkdən də, uzaqgörənlik, siyasi taktika və çağdaş fəaliyyət strategiyasından nə qədər uzaq, situasiyadan bəhrələnmək imkanlarından və bacarığından nə qədər xali olasan ki, Lökbatandakı stadionu sonrakı etiraz aksiyaları üçün çox ciddi tramplinə döndərməyəsən.

On minlərlə insanın qatıla biləcəyi aksiyalar ola bilərdi. Çünki hər zaman və hər yerdə pulsuz siyasi şoular kütləni maqnit təki özünə çəkir. Obıvatel, meşan belə yığnaqları çox sevir: bəs nə, hakimiyyəti bəs deyincə tənqid etmək, qışqırmaq, bağırmaq olar.

Bir sözlə, protest elektoratı üçün əla şou.

Amma yox, Əli Kərimli bugünkü aksiya ilə bir daha sübut etdi ki, hadisələrin inkişaf məcrasının variantlarını hesablamaqda, situasiyanı təhlil edib dürüst hesablar aparmaqda acizdir. Çox aciz.

Onun niyyəti, daha doğrusu, şəhərin mərkəzində iğtişaş törədib tərəfdarlarını polislə qarşıdurmaya və qanun pozuntularına sürükləmək istəyi taktiki düşüncə tərzinin yoxluğundan, ifrat ambisiozluq və təhlükəli səviyyədəki eqoizminin varlığından xəbər verir.

Necə ki, oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısındakı piketdə Əli Kərimli yoxdu.

Onun sözlərinə görə, aksiyanın təşkilatçısı və AXCP-nin sədri olduğu üçün piketə qatılmayıbmış: "Dünyanın heç bir yerində müxalifət lideri, partiya sədri belə aksiyalara qatılmır" (!)

Aksiyaya çıxmış tərəfdarlarının və AXCP üzvlərinin əməllərinə görə məsuliyyət məsələsinə gəldikdə isə, Əli Kərimli, ümumiyyətlə, paradoksal və absurd mövqe tutub: "Mən onların hərəkətlərinə görə məsuliyyət daşımıram".

Əli Kərimli əla bilirdi ki, şəhərin mərkəzi məkanlarından birində, "28 May" metro stansiyasının qarşısında qanunsuz aksiya keçirmək cəhdi bütün hallarda qanunvericiliyə meydan oxumaqdır.

Fəqət, onun məqsədi toqquşma və iğtişaş olduğundan sədr+bloqer sonadək inad etdi.

O, "vətəndaşların istənilən yerdə, qanun çərçivəsində etiraz aksiyası keçirmək hüququ"ndan bəhs edir.

Halbuki...

Dünyanın inkişaf etmiş ölkələrindəki qanunvericiliyin tələblərinə nəzər salaq.

İsveçrədə sanksiyalaşdırılmamış, yəni qanunsuz mitinq, yürüş və ya piketin iştirakçıları ilə təşkilatçılarını 100 min İsveçrə frankı (101 min dollar) məbləğində cərimə gözləyir.

Dövlət qurumları aksiyanın yerini və vaxtını dəyişə də bilərlər. Şəhər mərkəzlərində mitinqin yasaqlanması adi haldır.

ABŞ-da dövlət qurumlarının yerləşdikləri binaların, metro stansiyalarının yaxınlığında sanksiyasız aksiyalar qəti qadağandır. Qanunu pozanları böyük məbləğdə cərimə və ya 1 ilədək həbs gözləyir.

Sinqapurda sanksiyasız mitinq, piket və ya yürüş keçirəni 20 min Sinqapur dollarınadək (14500 dollar) cərimə və ya bir il həbs gözləyir.

Fransada ictimai asayişi poza biləcək qanunsuz və sanksiyalaşdırılmamış aksiyaları polis çox sərt şəkildə dağıdır.

Almaniyada qanunsuz aksiya keçirənləri 1 ilədək həbs gözləyir.

İtaliyada qanunsuz aksiyanın təşkilatçıları və iştirakçıları həbslə qarşılaşa bilərlər.

Təbii, Əli Kərimlini bütün bunlar heç zaman maraqlandırmayıb.

Lakin sadəcə, hesablayın: onun çağırışları ilə indiyədək qanunsuz və sanksiyalaşdırılmamış aksiyalara qatılan, Ə.Kərimliyə hələ də inanan neçə nəfər saxlanılıb, həbs olunub. Nə qədər tərəfdarı inzibati cəzalara məruz qalıblar. Yüzlərlə insan.

Və indi düşünün, xatırlayın: bu insanların neçəsinin ailəsinə Ə.Kərimli yardım edib, vəkil təminatına nail olub?

Nəticə - vakuumdakı sıfırdır.

"Milli Şura"nın bugünkü aksiya cəhdi də alınmadı. Fəqət, əsla şübhə yoxdur ki, Əli Kərimli və trolları sosial şəbəkələrdə bu uğursuzluğu "möhtəşəm qələbə" kimi qələmə verəcəklər.

Birinci dəfə deyil ki.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.