Siyasət

Türk Şurası 10 il ərzində sübut etdi ki... - Elmar Məmmədyarov - FOTO

14 Oktyabr 2019 15:41
Baxış: 1 119

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Türk Şurası Xarici İşlər Nazirləri Şurasının 7-ci iclasnda çıxış edib.

Milli.Az Trend-ə istinadən nazirin çıxışını təqdim edir:

"Hörmətli Nazirlər, Hörmətli Baş katib, Xanımlar və cənablar, öncə Türk Şurasına sədrliyinin uğurla başa çatması münasibətilə Qırğızıstan Respublikasını təbrik edirəm və sədrliyi dövründə Türk Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm.

Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclasında iştirak edən dost və qardaş ölkələrin hörmətli nümayəndə heyətlərini, habelə əlaqəli qurumların nümayəndələrini salamlamaqdan məmnunam.

Həmçinin Türk Şurasının yeni üzv dövləti olan Özbəkistanı təbrik etmək və Türk Şurasına üzv dövlətlərin vətəndaşlarının xeyrinə geniş siyasət və məsələlərdə onlarla işləməyə hazır olduğumuzu bildirmək istəyirəm.

Hörmətli Nazirlər, Azərbaycan, Türk Şurasının məqsəd və vəzifələrinin həyata keçirilməsində çox vacib rol oynayan, əməkdaşlığın gücləndirildiyi, qlobal risklər və təhdidlərə qarşı səylər və təsirli cavabların verildiyi mühüm, hətta həlledici bir zamanda Türk Şurasının VII Zirvəsinə ev sahibliyi edir. İnstitusional mexanizmləri gücləndirilmək və yeni əməkdaşlıq modellərini yaratmaq yolumuzda Sammit, regional və qlobal hadisələrə toxunmaq və əməkdaşlığın yeni perspektivlərini araşdırmaq üçün bir fürsətdir.

3 oktyabr 2009-cu ildə Naxçıvan Sazişi imzalanandan bəri Türk Şurası Türkdilli Dövlətlər arasında hərtərəfli, qarşırıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığı təşviq etmək üçün səylər göstərmişdir. Yarandığı gündən bəri 10 il ərzində Türk Şurası bölgədə sülhün qorunmasında, üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində, ümumi maraq doğuran bütün sahələrdə, o cümlədən ticarət və investisiya üçün əlverişli şəraitin yaradılmasında, regional və ikitərəfli əməkdaşlığın təşviq edilməsində bir dayaq olduğunu sübut etdi.

Bu baxımdan, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğuna və xüsusi prioritet istiqamətlərdəki səylərimizin regional tərəfdaşlığa yeni təkan verəcəyinə və Türk Şurasına yeni bir hərəkətverici qüvvə olacağına inanırıq.

Türk Şurası türkdilli xalqların tarixi irsinin təbliğində və qorunmasında, həmçinin ümumi mədəniyyətimizin, adət-ənənələrimizin, maddi və mənəvi dəyərlərimizin yayılmasında misilsiz rol oynayır. Buna görə də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı / TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycanın da fəal iştirak etdiyi mədəni və humanitar sahədəki fəaliyyəti təqdirəlayiqdir.

Cənablar, Qeyd edək ki, Azərbaycanın sədrliyi dövründə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetiriləcəkdir. Beləliklə, prioritet sahələri əhatə edən, detallı və praktik məqsəd və vəzifələri müəyyənləşdirən Türk Şurasının iqtisadi gündəliyinin hazırlanması fəaliyyətimizin vacib tərkib hissəsidir. Əməkdaşlığımızın iqtisadi ölçüsünün artırılması, dünyada siyasi və iqtisadi qarışıqlıqlara qarşı dayanıqlılığımızı möhkəmləndirəcək və gücləndirəcəkdir. Buna görə də Azərbaycan türk ölkələrinin iqtisadi potensialına böyük diqqət yetirir və qarşılıqlı sərmayələrin artırılmasının və yeni iqtisadi layihələrin araşdırılmasının vacibliyini vurğulayır.

Ölkəmiz TDƏŞ-in üzv dövlətləri və müşahidəçiləri ilə güclü siyasi, iqtisadi və humanitar əlaqələrə malikdir. Üzv dövlətlər və müşahidəçilər arasında tarixi İpək Yolunu canlandırmaq və onu yeni infrastruktur layihələri ilə yaxşılaşdırmaq üçün əməkdaşlığın intensivləşdirilməsi iqtisadi əlaqələrimizin əsas dayaqlarından biridir.

Azərbaycan Avrasiya bölgəsinin nəqliyyat xəritəsini yenidən tərtib edən infrastruktur investisiyaları həyata keçirir. Yeni bağlılıq təşəbbüsləri təkcə regional inteqrasiyaya töhfə vermir, həm də Türk Şurası üzv dövlətləri və müşahidəçiləri arasındakı əməkdaşlığı artırır. Bakı-Tbilisi-Qars (BTK) dəmir yolu Transxəzər Şərq-Qərb Orta Dəhliz təşəbbüsünün vacib tərkib hissəsidir və yük daşımalarının həcminin artması nəticəsində ölkələrimizin iqtisadi inkişafına töhfə verəcəkdir.

Bundan əlavə, Azərbaycan Türk Şurasına müşahidəçi dövlət qismində Macarıstanla əməkdaşlığın inkişafını dəstəkləyir və 2019-cu il sentyabrın 19-da Budapeştdə Türk Şurasının Nümayəndəliyinin açılmasını alqışlayır. Macarıstan və Türk Şurası üzv dövlətləri arasında əməkdaşlıq geniş sahələrdə uğurla inkişaf edir və biz əminik ki, Nümayəndəlik Türk Şurasının Avropa qurumları ilə əlaqələrinin möhkəmləndirilməsində köməkçi rolunu oynayacaqdır.

Türk Şurası üzv dövlətləri arasında humanitar sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etmək lazımdır. Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) fəaliyyətinin bölgəmizdə humanitar səylər göstərməsində böyük əhəmiyyəti var. Bu baxımdan, 2019-cu ilin 11 oktyabr tarixində Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində üzv dövlətlərin rəsmi inkişaf agentliklərinin, o cümlədən Türk Şurası, BMT-nin Humanitar Məsələləri Koordinasiya Ofisi və BMT İnkişaf Proqramı kimi beynəlxalq təşkilatların iştirakı ilə "Türkdilli Dövlətlərin Rəsmi İnkişaf Agentliklərinin Beynəlxalq Yardım Sisteminə inteqrasiyasının təşviqi: Səmərəli Humanitar Yardım və İnkişaf Yardımı üçün Əməkdaşlıq" Konfransı keçirildi.

Bu tədbir iştirakçı ölkələrə və beynəlxalq təşkilatlara effektiv qlobal və regional yardım üçün əvəzolunmaz təcrübələrini bölüşmək və yeni tərəfdaşlıqlar qurmaq imkanı verdi. Şadam ki, 7-ci Sammitin Bəyannaməsi konfransdan bəhs edir və üzv dövlətlərin donor qurumlarının qlobal yardım sisteminə inteqrasiyasını asanlaşdırmaq üçün əhəmiyyətini vurğulayır.

Cənablar, Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistanın təcavüzündən əziyyət çəkməkdə davam edir. Nəticədə bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarında qanlı etnik təmizləmə ilə üzləşmiş və qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdi. Lakin Ermənistan öz işğalına və təcavüzünə son qoyulması barədə BMT TŞ-nin qətnamələrinə və beynəlxalq təşkilatların digər sənədlərinə məhəl qoymamaqda davam edir.

Azərbaycana qarşı təcavüzü pisləyən, Ermənistanı yuxarıda göstərilən qətnamələri yerinə yetirməyə çağıran prinsipial mövqe nümayiş etdirdiyi üçün hər bir ölkəyə və Türk Şurasına yüksək dəyər verdiyimizi bildirmək istərdim. Bu baxımdan, Türk Şurası üzv dövlətlərinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həlli üçün birmənalı dəstəyi çox təqdirəlayiqdir.

Sonda bir daha qeyd etmək istərdim ki, Azərbaycan Türkdilli Dövlətlərlə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda daha da gücləndirmək niyyətindədir, Türk Şurası isə Türk Dünyasının bir araya gəlməsində əhəmiyyətli rol oynamağa davam edəcəkdir. Təşkilatımız Özbəkistanın bu yaxınlarda üzv olması ilə artıq 5 üzv dövlətdən ibarət oldu. Əminəm ki, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının bugünkü iclası qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinə kömək edəcək, eyni zamanda, əldə olunan nailiyyətləri qiymətləndirməyə və ortaq bir baxışla və birləşmiş güclə mövcud problemlərə necə cavab verəcəyimizi düşünməyə imkan yaradacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.