Siyasət

Budur demokratiyan, İsa Qəmbər?

14 Oktyabr 2019 10:37
Baxış: 2 528

İsa Qəmbər bir daha sübut etdi ki, demokratiya, azad seçki, normal siyasi fəaliyyət və ən əsası, səmimiyyət onun üçün yalnız sözdür. Sadəcə, söz.

"1978-1979-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazmış, parlamentin spikeri və prezident səlahiyyətlərini icra etmiş, 3 dəfə prezident seçkilərinə qatılmış 62 yaşlı İsa Qəmbər bu dəfə adətinə xilaf çıxdı. Usta intriqant, çoxgedişli oyunlar ustası hiyləgərlik etmədi və aşkar şəkildə müdaxiləyə üstünlük verdi.

O, Müsavat başqanı postunda olan, əslində isə kommunal təsərrüfat müdiri funksiyalarını yerinə yetirən və Gülağa Aslanlı ilə birlikdə Müsavatı kiçik biznes obyektinə çevriən Arif Hacılını dəstəklədi.

Müsavatın dünən keçirilmiş qurultayında təşkil olunan seçkilərdə Arif Hacılı ən zəif, şansları ən az namizəd sayılırdı.

Amma...

2023-cü ilədək Müsavatın başqanı yenə Arif Hacılı olacaq.

Müsavat Partiyasının IX qurultayı keçirilib. Səsvermənin nəticəsinə əsasən, Arif Hacılı ən çox səs toplayaraq başqan seçilib.

Müsavat Partiyasının başqanı postuna namizədlər Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı olub. Etibarlı bülletenlərin sayı 333 olub, Arif Hacılı səslərin 262-sini, Tofiq Yaqublu 51-ni, Yadigar Sadıqlı isə 20-ni toplayıb.

Qurultayda başqan, MNTK üzvü və sərbəst Məclis üzvü vəzifələrinə seçkilər keçirilib, partiya nizamnaməsinə dəyişikliklər edilib.

Partiya rəhbərliyinə seçkilər gizli səvermə yolu ilə keçirilib. Səslər jurnalistlərin və müşahidəçilərin gözü qarşısında sayılıb, bu proses canlı yayımda translyasiya edilib.

Nəticələr elan olunduqdan sonra Tofiq Yaqublu Arif Hacılını qələbə münasibətilə təbrik edib.

MNTK və Məclis üzvlüyünə keçirilən seçkilərin nəticələri bu gün sayılacaq və partiya Məclisinin 19 oktyabr tarixli sessiyasında təsdiq ediləcək.

Arif Hacılı ikinci müddətə partiya başqanı seçilib. İlk dəfə 2014-cü ildə Müsavat Partiyasının başqanı seçilmişdi.

Beş il əvvəl keçirilmiş 8-ci qurultayda İsa Qəmbər guya - sən demə - demokratiya prinsiplərini rəhbər tutaraq postundan istefa vermişdi və bu səbəbdən də Müsavat yeni başqan seçkiləri keçirmişdi.

2014-cü ilin sentyabrın 27-dəki qurultayda, İsa Qəmbərin partiya başqanlığı postundakı 22 illik fəaliyyətini başa çatdıran həmin qurultayda Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı başqan seçilmişdi.

Qurultayın 450 iştirakçısından 228 nəfər onun namizədliyini dəstəkləmişdi. İkinci namizəd Qubad İbadoğluna 200 nəfər, Müsavat Divanının üzvü Tural Abbaslıya isə 19 nəfər səs vermişdi. Dördündü namizəd olan Səxavət Əlisoy geri çəkilmişdi: o, tərəfdarlarından Qubad İbadoğluya səs vermələrini istəmişdi.

Müsavatın ölkənin müxalifət düşərgəsindəki qürubu, nüfuz və çəkisinin sürətlə itməsi, partiyanın siyasi dərnək kimi psevdo-idarəçilik əlində qalması da Qubad İbadoğlunun səsvermədəki "məğlubiyyət"indən sonra oldu.

Çünki Arif Hacılının başqanlığa layiq olmadığını deyən bir çox tanınmış sima Müsavatı tərk etdi, partiyada çaxnaşmalar, qruplara bölünmə, düşərgələnmə və istefalar dalğası başlandı.

Böhran indi də davam edir.

Müsavatçıların fikrincə, İsa Qəmbərin beşillik fasilədən sonra partiya başqanlığına qayıdışı partiyanı, sözün əsl mənasında, bataqlıqdan çıxararaq xilas edə bilər.

Lakin müsavatçıları pərişan etmək məcburiyyətindəyəm: onların ümidləri doğrulmayacaq.

İsa Qəmbər kimi çox təcrübəli, siyasi hiyləgərliyin ən usta gedişlərinə bələd olan biri belə, Müsavatı xilas edə bilməyəcək, itirilmiş gücünü və nüfuzunu partiyaya qaytara bilməyəcək.

Arif Hacılının digər namizədləri - Tofiq Yaqublunu və Yadigar Sadıqlını üstələməsinin özü tragikomediyadır. Sıravi müsavatçılara "demokratik seçkinin nəticəsi" kimi təqdim olunacaq bu proses heç bir halda Müsavatda kurs dəyişikliyi, yenidənqurma olmayacaq.

Nədən ki, Arif Hacılı reallıqda İsa Qəmbərin kadrı, kraeaturası və kölgəsidir.

Qurultayda həm də AXCP sədri, həm də bloqer Əli Kərimli amili də vardı. Belə ki, Tofiq Yaqublu bilavasitə "Kərimlinin adamı" kimi tanınır və sosial şəbəkələrdə cəbhəçilərlə müsavatçılar arasında ən gərgin müzakirə, əslində mübahisə və dartışma obyektidir.

Əli Kərimlinin mətbuat katibi funksiyasını yerinə yetirən Sevinc Osmanqızının YouTube kanalında ən çox boylanan iki adam var - Əli Kərimli və Tofiq Yaqublu.

Buraxın ölkəni - Svazilenddə belə, hansısa olay yaşananda əvvəlcə Əli Kərimli boğazını arıtlayıb uzun-uzadı vəz verir, sonra da Tofiq Yaqublu mütləq şəkildə "durum dəyərləndirməsi" edir.

T.Yaqublunun belə "reklam" edilməsi təsadüfdürmü? Düşünmürəm.

Bu adam Əli Kərimli üçün Müsavat rəhbərliyinə təzyiq, sözügedən partiyadakı hadisələrə müdaxilə vasitəsidir.

Necə ki, Oqtay Gülalıyev Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, müxalifətin qədim və nimdaş simalarından olan Mirmahmud Mirəlioğluna təzyiq rıçaqı funksiyasını yerinə yetirir.

"Təsadüf"ə bax ki, O.Gülalıyev də S.Osmanqızının "sevimli ekspert"ləri sırasındadır.

İsa Qəmbər də bunu əla bildiyindən fəallaşdı, partiyası özündən və portfelindən ibarət Pənah Hüseyn vasitəsilə vəziyyəti aydınlaşdırmağa, mövqeləri dəqiqləşdirməyə çalışdı.

Qurultayda isə müxalifət düşərgəsindəki ənənəvi proses yaşandı: intriqalar, tamah və hərislik məntiqə qalib gələcək.

İsa Qəmbər və Arif Hacılı dueti indiyədək müxalifət düşərgəsində başqa davranış sərgiləyiblərmi?

Qurultaydakı namizədlərin məqsədlərinə və funksional niyyətlərinə gəldikdə isə, hər şey çox əvvəldən aydındı.

Müsavat başqanının müavini postuna efemer və marionet "Milli Şura"da üzvlük dəyişərək Əli Kərimlinin "qvardiyaçısı" olmağa razılıq vermiş Tofiq Yaqublu ilə AXCP sədrinin göstərişlərini yerinə yetirərək başqan olmağa çalışırdı. Məqsəd Müsavatı sonradan AXCP-nin "süni peyk"inə çevirmək, Əli Kərimlinin müxalifət düşərgəsindəki ən ciddi rəqiblərindən birini sıradan çıxarmaqdı.

Yadigar Sadıqlı beş il əvvəlki uğursuzluğunun qisasını almaq, Müsavat daxilindəki opportunistləri bir araya gətirmək və hansısa yeniliklərə nail olmaq istəyirdi.

Arif Hacılı isə bütün bunlara yol verməmək istəyirdi.

Sonucda Y.Sadıqlı ilə T.Yaqublu bir-birlərini zəiflətdilər və səslərin bölgüsündə də Yaqublu "rəqibi" Sadıqlıya verilə biləcək səslərin 20-ni aldı.

Əslində, Yadigar Sadıqlının məğlubiyyəti asanlıqla ehtimal olunurdu və onun səsvermədə iştirakı da sırf proforma məqsədi daşıyırdı.

... Qurultayın sonucları Müsavat Partiyasının üzvləri arasında çox ciddi narazılıqlar yaradıb. Sosial şəbəkələrdə AXCP sədri və bloqer Əli Kərimlinin trolları ifrat fəallaşaraq İsa Qəmbəri və Arif Hacılını aşkar şəkildə təhqir edir, aşağılayır, hakimiyyətə satılmaqda, xəyanətdə, biveclikdə suçlayırlar.

Səsvermənin özünü saxtalaşdırmalarla müşayiət olunmuş komediya sayan müsavatçıların sayı yüzlərlədir.

Həqiqətən də, "Büllur" şadlıq sarayında keçirilmiş qurultay sanki bir məzhəkə idi.

Partiyanın keçmiş başqanı İsa Qəmbər oturmuşdu az qala ikiəlli dəstəklədiyi Arif Hacılının yanında, onunla sürəkli pıçıldaşır və əslində, prosesi idarə edirdi.

Bunu Əli Kərimlinin Müsavatdakı səlahiyyətsiz səfiri Tofiq Yaqublu da, Arif Hacılını "devirib" sonradan "yenilənmiş" Müsavat qurmaq istəyən Yadigar Sadıqlı da qəzəblə izləyirdilər.

Nəticələr barədə danışmağa belə dəyməz: səsvermə sonuclarını "demokratiya nümunəsi" kimi təqdim etmək demokratiyanın özünü təhqir etməkdir.

İsa Qəmbərin məqsədi aydındı.

Tofiq Yaqublunun qələbəsi Müsavatı AXCP-nin idarə edəcəyi struktura çevirəcəkdisə, Yadigar Sadıqlının başqan seçilməsi isə partiyada "qəmbərçilər"in istisnasız olaraq hamısının postlarını və imkanlarını itirməsi ilə nəticələnəcəkdi.

Hər iki variantda Arif Hacılı partiya daxilində zəifləmiş müxalifət rolunu oynamaq məcburiyyətində qalacaqdı.

Ən əsası isə onillərdən bəri radikal müxalifət düşərgəsində amansız rəqabətdə olan Əli Kərimli-İsa Qəmbər qarşıdurmasında 62 yaşlı siyasətçi uduzacaqdı.

Və son olaraq...

19 il sədr postundakı Əli Kərimli, ikinci dəfə başqan "seçilən" Arif Hacılı hansı məntiqlə, üzlə, sima və ağılla "Azərbaycanda hakimiyyət dəyişməlidir, kimsə vəzifəsində iki səlahiyyət müddətindən artıq  qalmamalıdır" deyəcəklər?

Ümumiyyətlə, Azərbaycanın radikal müxalifət düşərgəsindəki "lider"lərdən, sadəcə, "Respublikaçı Alternativ" Hərəkatının - hansı ki, partiya olduğunu israrla bəyan edir - sədri İlqar Məmmədov istisna olmaqla, total əksəriyyəti "ölməz Kaşşey"ə çevriliblər.

AXCP, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli Dirçəliş Partiyası və sair və ilaxırlar.

Həmin adamlar barədə müsavatçı cəbhəçilər, nə də cəbhəçi müsavatçılar danışmaq istəmirlər. Tam əksinə, susur, özlərini lal və karlığa qoyur, amma "Bu hakimiyyət!" ifadəsi ilə başlanan ah-nalələrini və qəzəblərini sosial şəbəkələrdən əksik etmirlər.

Müxalifətin olmayan potensialından danışan, amma xalqı həmişə kənardan seyr edən siyasi impotenntlər Müsavatın qurultayını bəyənmirlər.

Söz yox, İsa Qəmbər qurultay adlı bu bəsit və darıxdırıcı şouda demokratik prinsipləri ələ saldı.

Lakin ələ salınan həm də qurultayı sosial şəbəkələrdə tənqid edənlər, Arif Hacılı və İsa Qəmbəri aşağılayan "Kərimli trolları" oldu.

Onların davranış prinsipləri isə üç məqama əsaslanır: nifrət, siyasi və mədəni etiketlərdən yoxsulluq, opponentlə müzakirələrdə aqressiya, korafəhmlik.

Tofiq Yaqublu və Yadigar Sadıqlınını "tərəfdar"larının indiki qəzəbi həm də radikal müxalifətin bisavadlığını, taktika və strategiyadan, ümumiyyətlə, bixəbər olmasını ortaya qoydu.

Nə gözləyirdilər? Əli Kərimlinin Müsavatı ələ keçirmə cəhdlərinə İsa Qəmbərin sakit tamaşa edəcəyini, sosial şəbəkələrdə "qaza gətirilən" Yadigar Sadıqlının real olaraq Arif Hacılıya rəqibə çevriləcəyini və ya Tofiq Yaqublunun gerçək niyyətindən Arif Hacılı-İsa Qəmbər-Gülağa Aslanlı üçlüyünün huşyar olmamasını?

Fuad Qəhrəmanlının arvadını və qızlarını döyərək onlara divan tutması barədə danılmaz məlumatlar yayılanda həşir qaldıran, "ailə işidir, qarışmaq olmaz" deyənlər, Əli Kərimlinin trolları, bəs nə oldu indi Müsavatın "ailə işi"nə burun soxursunuz?!

Ayılın, qəflət yuxusundan, ay biçarələr.

Çünki AXCP də, Müsavat da artıq uçurumun dibinə gedən siyasi dərnəklərə çevrilməkdədir...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.