Siyasət

Builki Ərbəinə tələsməyin...

5 Oktyabr 2019 11:00
1 Şərh     Baxış: 4 553

Azərbaycandakı müsəlmanlar hər il olduğu kimi, bu sənə də İraqa, Kərbəla şəhərinə, Ərbəin Gününə yollanacaqlar.

İmam Hüseyni anmağa, onun xatirəsini yad etməyə, Kərbəla çölündə şəhid edilənləri anmağa.

Builki Ərbəin ziyarəti oktyabrın 19-da olmalıdır.

Fəqət, bu il Kərbəlanın özü qan ağlayır, Nəcəf qarışır, İraq çalxalanır.

Vəziyyət o qədər ciddidir ki, İranın Xarici İşlər Nazirliyi şiə zəvvarlara müraciət edərək builki Ərbəin ziyarətini təxirə salmalarını istəyib.

"Kütləvi narazılıqlar, etirazlar və çaxnaşmaların hökm sürdüyü İraqda vəziyyət sakitləşənədək sizi tələsməməyə, gözləməyə çağırırıq",  - İran XİN-nin bəyanatında deyilir.

Ərbəin günü (ərəbcə "qırxıncı gün") hicri təqvimilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının iyirminci günüdür. Bu gündə, Məhərrəm ayının onuncu günündə, Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. İmam Hüseynin müqəddəs məzarı ilk dəfə Ərbəin günündə ziyarət edilib. Ərbəin günündə dünyada ən böyük anma mərasimləri keçirilir. Məhz 2010-cu ildə Ərbəin günü münasibətilə 15 milyon insan Kərbəlaya gəlmişdi.

Oktyabrın 19-da Kərbəlada nə qədər insanın ziyarətdə olacağı heç məlum deyil. Təxminləmək, ehtimal etmək belə, çətindir. Çünki bütün İraq indi sanki insanların haqq, ədalət tələb etdiyi böyük bir savaş meydanına çevrilib.

İraq qaynayır. Ölkənin Səhiyyə Nazirliyinin yaydığı rəsmi məlumata görə, nümayişçilərlə hərbçilər və polislər arasındakı toqquşmalarda 29 nəfər həlak olub, 4230 nəfər yaralanıb.

Polislər və hərbçilər küçələrə çıxanlara atəş açırlar. Əl Qədisiyyə və bu vilayətin inzibati mərkəzi Divaniyyə şəhərində sərt komendant saatı rejimidir.

Babil və Nəcəf vilayətlərində də eyni vəziyyətdir.

Ən çox təəccübləndirən məqam isə İraqın baş naziri Adel Əbdel Məhdinin çıxışı oldu.

O, kütləvi etirazlarla bağlı olaraq xalqa müraciət edib.

Düşünürdüm ki, istefa verər. Amma yox, İraqda belə adət yox.

Beləliklə, Məhdinin çıxışının əsas tezislərinə nəzər salaq.

"Maaşlar artırılacaq, əmək şəraiti yaxşılaşdırılacaq, rifah səviyyəsi yüksəldiləcək". Əyyami-qədimdən bəri iraqlı siyasətçilərin əttökən, klişe, tipik bəyanatı.

"Vətəndaşların etiraz hüququ var, bunu anlayırıq və küçələrə çıxanlara ciddi cəzalar tətbiq etməyəcəyik". Yəni tutulanların əksəriyyəti buraxılacaq. Baş nazir "xalqı anlayıram" oyunu oynayır.

"Cəmiyyət hakimiyyətlə danışmalı və bunda problem görməməlidir". Absurd, müəmmalı açıqlama. Görünür, Əbdel Məqdi iraqlıların ona inanmasını istəyir.

"Savaş və böhrandan ziyan çəkən bütün vilayətlər bərpa olunacaq". Köhnə vəd, zəif arqument.

"Komendant saatı zəruri, stabillik üçün addımdır". Yəni küçələrə çıxan olsa, qovulacaq və vurulacaq.

"Nümayişçilərə qarşı zorakılıq hallarını araşdıracaq komissiya yaradılacaq". Vaxt qazanmaq və etirazçıların bir qismini sakitləşdirmək üçün standart vəd.

Bu müraciətin məqsədi puçdur.

Əksinə, Əbdel Məhdi istefa verməli, bununla da İraqda siyasi böhran yaratmalı, sonra da qalib kimi geri dönməliydi. Çünki İraqda baş nazir postuna iqtidarda olan qüvvələrin hamısını razı salacaq vahid namizəd yoxdur. Kimsə də baş verənlərə görə məsuliyyəti boynuna almaq istəmir.

Yuxulu, yorğun baş nazirin müraciəti nümayişçiləri dayandırmayacaq. Tam əksinə, etirazlar daha da güclənəcək.

İraqdakı etiraz hərəkatının vahid rəhbərliyi, adekvat liderləri yoxdur. Ölkədəki siyasi qüvvələrdən biri küçə hərəkatına başçılıq edərək hakimiyyətdən bonuslar ala bilər.

İraqın qaynamasına səbəb 2016-cı ildən bəri həll olunmayan problemlərdir.

Yaşam səviyyəsinin aşağı düşməsi, böhran vəziyyətinə çatan işsizlik, terrorizmdə mübarizədə total uğursuzluq, davada viran qalan məkanların bərpa olunmaması - problemlər çoxdur.

Əhalisinin tam əksəriyyəti şiələr olan cənub əyalətlərində yerli hakimiyyət mənsublarının total korrupsiyası da bir bəladır.

Rəsmi Bağdad isə büdcəni doldurmaq üçün vergiləri artıranda, orta təbəqədən olan iraqlıları sıxanda barıt çəlləyi partladı.

Üstəlik, 2013-2017-ci illərdə İŞİD-lə savaşda məşhurlaşan generallar və zabitlər işdən qovulanda, həbs olunanda səbr kasası daşdı.

Nə baş verir?

İraqda kütləvi etirazlar artıq altı gündür ki, davam edir. Əsasən şiələr yaşayan bölgələrdə küçələrə çıxan yüz minlərlə iraqlı hökumətin istefasını istəyirlər.

Etirazçıların əksəriyyəti işsiz gənclər və tələbələrdir.

Onlar baş nazir Adel Əbdel Məhdinin Bağdadın mərkəzindəki Təhrir meydanına gəlməsini, nümayişçilərlə danışmasını, hökumətin niyyətini açıqlamasını istəyirlər.

Yaşananlar İraqdakı mövcud siyasi sistemin çökməsinin nişanəsi də sayıla bilər.

Prosesi "İkinci Ərəb Baharı" adlandıranlar da var.

Artıq 30 ildir ki, İraqda vəziyyət stabil deyil, lakin son proseslər 2011-ci ildə "ərəb baharı"nın yaşandığı ərəb ölkələrindəki hadisələrə bənzəyir.

"Ərəb baharı"nın anatomiyasından bəhs ediriksə, mass-medianın və sosial şəbəkələrin bütün ərəb ölkələrindəki protest hərəkatlarına fenomenal təsirini danmaq mümkün deyil. İnqilaba çağırışlar, ədalətsizlik, korrupsiya və insan haqlarının pozulması barədə postlar - bütün bunlar real vətəndaş etirazları ilə maraqlı ölkələrin ssenarisi olan "inqilab" modeli arasındakı sərhədi çox nazikləşdirdi.

"Ərəb baharı"nın olduğu bütün ölkələrdə etirazlar əvvəllər də vardı, amma mediada geniş bəhs olunmurdu. Fəqət, 2011-ci ildən bəri gənclər səfərbərlik, bir araya gəlmək və koordinasiya üçün internetdən əsas vasitə qismində istifadə edirlər.

Mitinqlər və yürüşlər əsasən sosial şəbəkələrdə təşkil olunurdu. Xəbərlər anında yayılır, ajiotaj yaranır - gənclər çox fəal olurlar.

Məhz bu səbəbdən əvvəllər Tunisdə və Misirdə olduğu kimi, indi İraqda da etirazçıların planları barədə xəbərləşdikləri Facebook, WhatsApp, Instagram, habelə bir sıra messencerlərə giriş qapadılıb, internet "söndürülüb".

İraqda etiraz aksiyalarına qatılanların tam əksəriyyəti gənclərdir. Bu ölkə təki ağır iqtisadi durumdakı dövlətlərdə analoji nümayişlər başlayanda həmişə sual yaranır: niyə məhz indi?!

İraqdakı aksiyalar üçün də konkret səbəb yoxdu. Nümayişçilərin tələbləri də yayğın və universaldır: hökumətin istefası, korrupsiya və rüşvətxorluqla mübarizə, yaşayış səviyyəsinin yüksəldilməsi, işsizlərin işlə təmin olunması və s.

İllərdən bəri dəhşətli savaş, sonra da İŞİD-lə mübarizə meydanına çevrilmiş İraqda dağıdılmış infrastruktur ləng də olsa, bərpa edilir. Qonşu ölkələrlə sərhədlərdə nəzarət-buraxılış məntəqələri açılır, rəsmi Bağdad müxtəlif dövlətlərlə iqtisadi əməkdaşlığı genişləndirməyə can atır, yeni neft layihələri işə salınır.

Sentyabrın 25-də İraqın prezidenti, kürd Bərham Saleh BMT Baş Assambleyasının toplantısında, Nyu-Yorkda çıxış edərkən ölkənin bərpası ilə bağlı genişmiqyaslı plandan, xarici investisiyalar üçün şərtlərin yaxşılaşdırılmasından, yeni iş yerlərinin yaradılması, dövlət xidmətlərinin işə salınmasından bəhs etmişdi.

"Ölkəmizi zorakılıq və vəhşət meydanından bölgənin iqtisadi qovşağına çevirməyə çalışırıq", - İraq prezidenti demişdi.

Belə durumda İraqdakı etiraz aksiyaları "Kimə sərf edir?" sualına cavab istəyir.

Situasiya çox qarışıqdır. İranın İraq və Suriyada təsir imkanları artır, İsraillə Səudiyyə Ərəbistanı buna sərtliklə və qətiyyətlə mane olmağa can atır, Fars Körfəzindəki amerikalılar İraqdakı təsir rıçaqlarını itirmək istəmirlər.

Lakin aydın olan sadə məqam var: 2011-ci ildəki "ərəb baharı" və sonrakı 8 ildə ərəb ölkələrində stabilliyin pozulması kimə sərfəli idisə, İraqdakı son hadisələr də onun maraqlarındadır.

Builki Ərbəin və təhlükələr

Azərbaycan vətəndaşlarının Bakıda başlayan Ərbəin ziyarəti bir qayda olaraq Kərbəla ziyvarətindən uzun çəkir. Çünki İraqın Nəcəf şəhərindən Kərbəla şəhərinə zəvvarlar 75 kilometrlik yolu piyada gedirlər.

Ümümiyyətlə isə, Ərbəin zamanı Bakı-Kərbəla ziyarəti 15 gün davam edir. Bu yolun 5 günü Azərbaycandan İraq sərhədinə və geriyə, 10 günü isə İraqda səfərə sərf olunur.

Son illərdə Ərbəin ziyarətindən İran bölgədəki siyasi çəkisini və geosiyasi proseslərə təsir imkanlarını artırmaq üçün istifadə edir.

"Küfəlilər deyilik, İmamı tək qoymarıq!" şüarı ilə şiələri Ərbəinə təşviq edən İran ruhaniləri və siyasətçiləri bu sloqanla 14 əsr əvvəl İmam Hüseyni Kufə şəhərinə dəvət etmiş yerli əhalinin onu xəlifə Yezidin hücumu qarşısında yalnız buraxıb köməyinə gəlməməsinə işarə vururlar.

İran indi bəyan edir ki, İraqdakı terrorçular, xüsusilə İŞİD təhlükəsini nəzərə alaraq, Kərbəla və Nəcəfi "yalnız qoymamaq" gərəkdir.

İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin hədsiz dərəcədə soyuması, iranlı zəvvarların faktiki olaraq Həcc ziyarətinə gedə bilməmələri Tehrandakı rejimi dindarlara alternativ ziyarət məkanı qismində Ərbəinin təşviqinə sövq edib.

Lakin Ərbəin ziyarəti sadəcə, dini səfər deyil. Son illərdə Ərbəin ziyarəti zamanı Azərbayanda dini ekstremizmdə və müxtəlif cinayətlərdə suçlanaraq həbs olunmuş şəxslərin portretlərini "din məhbusları" kimi nümayiş etdirən, müxtəlif məzmunlu plakatlar turaraq "Azərbaycanda dindarlara edilən zülmlər"dən bəhs edən adamların sayı artıb.

Faktlar Azərabaycanda dinlə pərdələnərək ekstremizm ideyalarını təbliğ edənlərdən Ərbəin ziyarətindən öz məqsədləri üçün yararlandığını göstərir.

Bütün bunlar ciddi narahatlıq doğurur və Ərbəin ziyarətindən öz məqsədləri üçün faydalanmağa çalışan elementlərin fəaliyyətlərinin mümkün mənfi təsirlərinin önlənməsi üçün zəruri tədbirləri ehtiva edir.

Eyni zamanda, builki Ərbəin ziyarətinin potensial təhlükə səviyyəsi həddən ziyadə yüksəkdir.

İraqdakı qarşıdurmalar, səngimək bilməyən kütləvi etirazlar, nümayişlər, yürüşlər, küçələrdə polislər və hərbçilərlə toqquşmalar, asayiş strukturlarının nümayişçilərə atəş açması, komendant saatı rejimi  - Ərbəin ziayərtinə yollananlar potensial və labüt riskləri gözardı edə bilməzlər.

İŞİD və digər terror qruplaşmalarının da Ərbəin ziyarətini hədəfə alacaqları şübhəsizdir - hər il olduğu kimi.

Sadaladığımız səbəblərdən ölkədəki müsəlman bacı-qardaşlarımıza üz tuturuq: Ərbəin din ayindir, Hz.Hüseynin əziz xatirəsinin anımıdır, ziyarətdir.

Amma İraqdakı indiki durum çox təhlükəlidir.

Düşünün...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.