Siyasət

"Demokrat"ların əsl üzü: pul, tamah və qəddarlıq

22 İyul 2019 09:50
Baxış: 2 379

Müxalifət istənilən normal cəmiyyətin zəruri atributudur və bu, artıq aksiomdur. Hakimiyyət təmsilçilərinin bütün qərarları, göstərişləri və əməlləri bitkin, səbatlı deyil, ola da bilməz. Cəmiyyətdəki nöqsanların göstərilməsi, problemlərin həll yolunun göstərilməsi və hakimiyyət mənsublarının qanunsuz əməli olarsa, onun aşkarlanaraq əyan edilməsi müxalifətin bilmərrə vəzifələri arasındadır.

Müxalifət habelə, cəmiyyətin sosial və siyasi inkişafının sürətlənməsinə, insan haqlarının tam qorunmasına, demokratik dəyərlərə büsbütün riayət olunmasına çalışmalıdır. Buna can atmalıdır.

Azərbaycanda belədirmi? Düşünün, sonra cavab verin, tələsməyin.

Artıq 26 ildir ki, Azərbaycan müxalifəti nədənsə danışır, nəyisə tənqid edir, nəyisə göstərməyə çalışır. Çox cılız hisslər, şəxsi ambisiyalar, korporativ hisslərə və istəklərə söykənən tələblər, bitmək bilməyən "iç savaş"ları, xaos, idarəetmədə və siyasi fəaliyyətdə anarxiya.

26 illik tarixdə ölkə müxalifətindəki siyasi partiya sədrlərinin, onların tərəfdaşlarının adekvat fəaliyyət üçün dəfələrlə şansları olub. Daha dəqiq olsaq, bu şansların nə sayı vardı, nə hesabı. Bələdiyyə seçkilərindən tutmuş, parlament və prezident seçkilərinədək ən çeşidli imkanlar boşuna xərcləndi.

Ən pisi isə odur ki, Azərbaycan müxalifətinin böyük, hərəkətverici və təşkilatlandırıcı olmalı qismi AXC-nin hakimiyyətdə olduğu dövrün eyforiyasından çıxa bilmədi, çıxmaq istəmədi.

Bacarıqsızlıq, diletantlıq, kadr seçimində naşılıq və ən son olaraq nazirlərin prezident Əbülfəz Elçibəyi, ümumiyyətlə, saya salmaması ilə yadda qalan bu xaotik dövrlə fəxr edənlər də var.

Halbuki həmin dövrün yeganə uğuru test imtahanlarının tətbiqi idi ki, bu da bütünlüklə Vurğun Əyyubun zəhmətinin nəticəsi idi.

Vurğun Əyyubu sonradan mənsub olduğu partiyada "pariya" elan etdilər, ünvanına olmazın hədyanlar söylədilər və o da ölkə müxalifətinin ən ləyaqətli, intellektual və abırlı insanlarından olduğundan bisavad, aqressiv qaragüruhla, həmin adamların tamahkar və yaramaz liderləri ilə münasibətləri kəsdi.

AXCP və Müsavatdan kimlər getmədi ki? Daha doğrusu, kimlərin getdikləri, bu partiyalardakı volüntarizmə, dözülməz cəhalətə, hakimiyyətlə kuluar danışıqlarının "siyasi proseslərin idarə olunması" kimi qələmə verilməsinə ikrahla yox deyənlər Əli Kərimli və İsa Qəmbəri tərk etdilər.

Sonra İsa Qəmbərin özü də getdi, daha doğrusu, onu da gedişə vadar etdilər və Müsavat Partiyasının başqanı postuna Arif Hacılı təyin olundu.

A.Hacılı barədə nə isə yazmaq izafdır - onun özü illər boyu əməlləri ilə hər məqamı aşkar edib.

İndi Azərbaycanın radikal müxalifətinin lideri guya AXCP sədri Əli Kərimlidir.

Partiya sədri səlahiyyətlərini "həm də" funksionallığı ilə yerinə yetirən bu adam faktiki olaraq siyasi bloqerə çevrilib. Facebook səhifəsində hər gün, bəzən gündə bir neçə dəfə "ziqiymət" fikirlərini paylaşan Əli Kərimlinin açıqlamaları isteriya həddində barraj edir.

Siyasi bloqerlik normal fəaliyyətdir və təqdirə də layiqdir. Fəqət, Əli Kərimlinin Facebook-dakı fəaliyyəti, sanki, reallıqdakı proseslərin virtualllıqda tam təkrarıdır.

Real həyatda AXCP sədri aksiyalara qatılanların sayını dəfələrlə artırmaqla, tərəfdarlarının "kütləvi"liyini göstərmək üçün ən müxtəlif manipulyasiyalara əl atmaqla, tənqidi böhtan, açıqlamaları da söz axını ilə əvəzləməklə məşğuldursa, virtual məkanda bütün bunları təkrarlayır. Üstəlik, real yaşamda AXCP üzvlərinin arasında "ölü can"lar nə qədər çoxdursa, Əli Kərimilinin virtual macəralarında onu saxta profillər, feyk akkauntlar və uydurma adlı "adamlar" müşayiət edirlər.

AXCP sədri Facebook səhifəsini partiya üzvləri üçün yeni çalışma məkanına döndərib. Əli Kərimlinin əlaltılarının hər birinin onlarla saxta profili var və onlar "bəy"in hər statusunun altında yüzlərlə, minlərlə şərh istehsal edir, populyarlıq və kütləvilik görüntüsü yaratmağa çalışırlar.

Eyni vəziyyət "Milli Şura" adlı pantomim teatrının bədii rəhbəri Cəmil Həsənlinin fəaliyyətində də müşahidə olunur. Yaşı sinli, bir zamanlar elmlə məşğul olmuş professor Həsənli sonradan millət vəkili, daha sonra qəflətən radikal müxalifətçi, prezidentliyə namizəd qismində ən zəif bənd oldu və indi də nə etdiyini, sözün açığı, özü də tam anlayan ziyalıya bənzəmir.

O, sanki, bəsit operettata kiçik ariyaları ifa etməyə, sanki, zorla vadar edilmiş insan təsiri bağışlayır. Əfsuslar olsun ki, Cəmil Həsənli əyalət teatrlarındakı "ağsaçlı baba" obrazından hələ də çıxa bilmir və siyasəti sürəkli absurd tənqidlərdə, siyasətçiliyi də "Saxloun!" tipli çağırışlarda görür.

Azərbaycanda güclü, genimşiqyaslı elektoral kütləyə və səbatlı sosial bazaya malik aktiv, mütəhərrik, dinamik, hadisələrə təsir imkanları çox geniş müxalifət arzulayıram.

Lakin o, hələ arzu olaraq qalır və səbəblər radikal müxalifət düşərgəsində qruplaşan partiyalar, hərəkatlar, cəmiyyətlər, qruplar və fərdlərin sayından da bəlkə çoxdur.

Müxalifətimizin içindəki çox güclü dekonstruktivizm, dağıdıcılıq və aqressiya meyllərinin mövcudluğu bu qüvvənin normal, kütlə üçün cazibədar siyasi mübarizəsinin yoxluğunu, puçluğunu şərtləndirən amillər arasında əlahiddə yer tutur.

Ümumiyyətlə, sxematik xaos artıq 11 ildir ki, Azərbaycan müxalifətinin ən böyük müşkülüdür. Təbii, müxalifət partiyalarından birləşmə naminə birliyi, müvəqqəti alyansları və ya uniyaları sonadək icra etməyi kimsə istəmir. Belə istək də illüzor olardı.

Tam əksinə, müxalifət düşərgəsi daxilində ciddi və güclü rəqabət, maraqlar uğrunda dartışmalar, mənafelərin reallaşması üçün ən sərt formada belə, qarşıdurmalar olmalıdır.

Lakin sadalananlar məntiqli məzmuna, konkret hədəfə və ən əsası, sivil formata malik olmalıdır.

Bayağı kompromat savaşları, söyüş ritorikası, bisavad açıqlamalar, "haimiyyəti yıxıb-sürüdüm" koduna əsaslanan sosial şəbəkə çıxışları, mitinq naminə mitinqlər, mütləq şəkildəki aksiya istəkləri - bunlar heç bir halda çağdaş siyasətin tələblərinə cavar verən nəsnələr deyil.

Azərbaycanda müxalifətin tələbləri bəsitdir: "İstefa!", "Korrupsiyaya son!", "Biz gəlirik!" və s. Hakimiyyət zatən korrupsiya ilə mübarizə aparır, vəzifəsinin öhdəsindən gələ bilməyən məmurları postlarından kənarlaşdırır, problemləri həll edir, nöqsanları çözür və bu proseslər heç bir halda müxalifətin isterik, çılğın tələbləri ilə bağlı deyil.

Hakimiyyət artıq 26 ildir ki, bütün müstəvilərdə müxalifətə qalib gəlir.

Uduzan müxalifət isə məğlubiyyətinin səbəblərini aramaq əvəzinə eqoizmdən qurtula bilmir.

Halbuki səbəblər bəlli - kənar güclərin marioneti olmaq, sifarişlə hərəkət etmək, dövlətlə hakimiyyəti qarışdırmaq, savadsızlıq, bacarıqsızlıq, infantilizm, sonucda da milli maraqları görməzdən gəlmək.

Belə müxalifət, sadəcə, iflic sayıla bilər.

Sərt səslənsə də.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.