Siyasət

Prezident İlham Əliyev: "ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirik"

13 İyul 2019 16:42
Baxış: 1 111

Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Fransa əlaqələri xoş ənənələrə malikdir. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi istiqamətində atdığımız addımlar bu ənənələri bilavasitə zənginləşdirməkdədir.

Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı faydalı əməkdaşlığımız özünün geniş spektri ilə səciyyələnir. Yüksək səviyyəli siyasi təmaslarımız iqtisadi və humanitar sahələrdəki birgə işimizlə müşayiət olunur.

Bütün bunlarla yanaşı, xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə, şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim sülh və rifah diləyirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.