Siyasət

Azərbaycan multikultural dəyərlərin xalq və dövlət səviyyəsində dəstəkləndiyi və beynəlxalq miqyasda təbliğ olunduğu ölkə kimi tanınır - Müraciət

12 İyul 2019 15:20
Baxış: 662

İyulun 11-12-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müraciəti simpoziumun bu gün keçirilən bağlanış mərasimində Aİİ rektoru Ceyhun Məmmədov oxuyub.

Müraciətdə deyilir ki, İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan tarixən müsəlman sivilizasiyasının yaranması və tərəqqisində mühüm rol oynayıb:

"Təsadüfi deyildir ki, Bəhmənyar Azərbaycani, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Seyid Yəhya Şirvani, Məhəmməd Füzuli və yüzlərlə başqa azərbaycanlı mütəfəkkirlər müsəlman aləmində elmi, fəlsəfi və ədəbi düşüncənin inkişafında müstəsna xidmətlər göstərmişlər. İslam mədəniyyəti Qafqazın digər bölgələrinə məhz Azərbaycandan yayılmışdır. Ulu öndər Heydər Əliyev "Qafqazda İslamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır" söyləməklə İslam sivilizasiyasının Qafqazda bərqərar olmasında Azərbaycanın oynadığı əhəmiyyətli rola diqqət çəkmişdir. İslamın Qafqazda yaşayan xalqların həyatındakı tarixi rolu və əhəmiyyətinə dərindən bələd olan Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə 9-11 dekabr 1998-ci il tarixdə Bakıda "İslam Sivilizasiyası Qafqazda" Beynəlxalq Simpoziumu keçirilmişdir.

11-12 iyul 2019-cu il tarixdə Bakıda keçirilən "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpozium da məhz Heydər Əliyevin misilsiz ideyalarının həyata keçirilməsinə xidmət edir. Bu Simpoziumun keçirilməsi Azərbaycan Dövlətinin və şəxsən Sizin İslam mədəniyyətinə verdiyiniz qiymətin əyani təzahürüdür".

Müraciətdə qeyd olunur ki, müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən Azərbaycan elm və mədəniyyət sahəsində də çoxsaylı nailiyyətlərə imza atır. Azərbaycan, artıq multikultural dəyərlərin xalq və dövlət səviyyəsində dəstəkləndiyi və beynəlxalq miqyasda təbliğ olunduğu ölkə kimi tanınır:

"2016-cı ili "Multikulturalizm İli" elan etməyiniz Sizin bu ali dəyərlərə yüksək münasibətinizin bariz nümunəsidir. Həqiqətən də qloballaşan dünyada monokultural mədəniyyət anlayışının multikultural düşüncə ilə əvəzlənməsi, mədəniyyətlərin öz "getto"larından çıxması bir zərurətə çevrilmişdir. Bu baxımdan, Azərbaycan Dövlətinin sivilizasiyalararası və mədəniyyətlərarası əlaqələrdə multikulturalizmi önə çəkməsi zamanın çağırışları ilə səsləşir".

Müraciətdə bildirilir ki, 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında 10 yanvar 2017-ci il tarixli Sərəncamınız İslam dünyasının ən böyük ehtiyacını çox dəqiqliklə müəyyənləşdirdiyinizi göstərir. Bu Sərəncam dünyada getdikcə güclənən ksenofob və islamofob qüvvələrə tutarlı cavabdır, eyni zamanda, 2016-cı ilin "Multikulturalizm İli" elan olunması barədə 11 yanvar 2016-cı il tarixli Sərəncamınızın məntiqi davamıdır. Аzərbаycаn həm multikultural dəyərlərin tətbiqi və təbliği, həm də müsəlman aləmində vəhdət və qardaşlıq ideyalarının yayılması baxımından nümunəvi ölkədir.

Müraciətdə nəzərə çatdırılır ki, dünyada sülh, əmin-amanlıq və tolerantlığın carçısı olan Azərbaycan, təəssüf ki, bu dəyərləri heçə sayan Ermənistanın təcavüzü ilə üz-üzə qalmış, torpaqlarının 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin salınıb. İşğal altındakı torpaqlarda yüzlərlə İslam mədəniyyəti nümunəsi məhv edilmiş, məscid və türbələr dağıdılıb:

"Simpozium iştirakçıları olaraq, dünya ictimaiyyətinin bu vandalizmə biganə qalmayacağına, Azərbaycanın haqlı səsinə səs verəcəyinə ümidvarlığımızı bildiririk. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir. Möhtərəm cənab Prezident! Biz "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun iştirakçıları bu beynəlxalq tədbirə göstərdiyiniz qayğı və diqqətə görə bir daha Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanda və dünyada sülh və əmin-amanlığın qorunması, ölkəmizin inkişafı və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.