Siyasət

Dağlıq Qarabağda üçün amerikan qılıncı: müharibə, yoxsa vəd?

8 İyul 2019 13:34
1 Şərh     Baxış: 3 629

Saxtalıqda Ermənistan hakimiyyətinə bənzəyən saxta məktubun yayılması Ermənistan gündəmini dəyişib. Məktub baş nazir Nikol Paşinyanın adından NATO-nun baş katibi Yens Stoltenberqə göndərilib. Ehtimal var ki, Ermənistanda Paşinyana müxalif olan qüvvələr onun nüfuzunu aşağı salmaq üçün təxribata əl atır.

"Ermənistan qoşunlarının Azərbaycanla mübahisəli ərazilərdə olması Ermənistan və NATO-nun yaxınlaşması yolunda əsas maneədir. Bu maneə bir il ərzində aradan qaldırılacaq. Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından çıxarılması və ərazilər üzərindəki nəzarətin Azərbaycana ötürülməsi üzrə hazırlanmış plan çərçivəsində Dağlıq Qarabağın sonrakı taleyinin ümumxalq referendumuna çıxarılması təklif ediləcək", - məktubda deyilir.

Məktubu kimlərin niyə yaydıqları həddən ziyalı önəmli məsələ deyil. Önəmli olan Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın yeni "hədəf"inə çevrilməsidir. Moskva Paşinyandan çox narazıdır və rəsmi İrəvanın aşkar Qərb meylli siyasətindəki təmayüllər, habelə son dövrlərdə yaşanan proseslər ermənilərin "şimal hami"sinin qəzəbini daha da artırıb.

Təsadüfi deyil ki, Nikol Paşinyanın yazmadığı, amma müəllifliyi ona şamil edilən məktub Rusiya mediasında gen-bol şərh olunub.

Hətta "Komsomolskaya Pravda" qəzeti bununla bağlı dərc etdiyi məqaləsini "Qarabağ düyününü kəsmək üçün amerikalılar qılınc hazırlayırlar" adlandırıb.

Məktub gerçək olsaydı, sadəcə, postsovet məkanında ilin baş sensasiyasına çevriləcəkdi.

Di gəl, məktub saxtadır, özü də saxtanın kvadratı və kubudur. Səbəblərsə az deyil.

Əvvəla, Ermənistanın baş naziri Nikol Paşinyan, gerçəkdən də, NATO-nun baş katibi Yens Stoltenberqə və ya hər hansı başqa siyasətçiyə bəhs olunan məzmunda məktub yazsaydı, həmin sənəd ölkə rəhbərliyindəki son gününə çevriləcəkdi.

Qarabağlı ermənilər yox, Ermənistandakı haylar və xarici ölkələrdə yaşayan ermənilər çılğına dönəcəkdilər.

İkinci səbəbsə Dağlıq Qarabağda və Azərbaycanın erməni işğalında olan digər ərazilərində Ermənistan Müdafiə Nazirliyinin hərbi birləşmələrinin mövcudluğudur. Rəsmi İrəvan bunu inadla və qətiyyətlə inkar edir.

Doğrudur, Nikol Paşinyan oğlunu Dağlıq Qarabağa hərbi xidmətə yollayaraq çox kobud "səhv" etmiş və "kartları açmışdı", lakin Ermənistan siyasətçiləri və mediası bunu adidən adi hal kimi qələmə vermişdilər. Daha doğrusu, erməni mediası özünü sarsaqlığa və kütlüyə vurmuşdu. Axı Ermənistan hərbçiləri Dağlıq Qarabağda yoxdursa, Paşinyanın oğlu hara və niyə xidmətə yollanır?!

Bu suala ermənilər cavab vermək istəmədilər.

Əvəzində Ermənistanın Milli Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyi dalbadal bəyanatlar verərək saxta məktubun bilərəkdən yayıldığını vurğulayıblar. Lakin onlar məktubu yayanların kimliyini açıqlamadılar.

Rusiya siyasətçiləri və mediası bunun birmənalı olaraq ABŞ-ın oyunu olduğunu vurğulayırlar.

Onların fikrincə, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanda Rusiyanın hərbi bazası (Gümrüdəki 102-ci baza) var, Moskva da İrəvanın suverenliyini və müstəqilliyini təmin edir.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesinin indiki, asta da olsa, nisbətən stabil gedişatından çox narazı ölkə isə Birləşmiş Ştatlardır. Rusiyanı həmsərhəd ölkələr vasitəsilə əhatəyə, daha doğrusu mühasirəyə almağa çalışan Vaşinqton niyyətinə Belarusda çatmasa da, Polşada, Ukraynada, Baltikyanı ölkələrdə məramlarını gerçəkləşdirib.

Gürcüstanda da istəyinə qismən çatan ABŞ sakitləşmir, çünki Ermənistanda və Azərbaycanda planları baş tutmayıb. Əsas səbəbsə Dağlıq Qarabağ münaqişəsidir.

Münaqişə nizamlanmayınca tərəflərdən birində uğur sayılan addım, qərar və ya hadisə qarşı tərəfdə mütləq şəkildə uğursuzluq təki dəyərləndiriləcək. Münaqişədə Azərbaycan üçün müsbət olan ermənilərçün mənfidir - bu qədər bəsit.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması isə ABŞ-a tək Rusiyaya qarşı yox, İrana qarşı da Cənubi Qafqazda "təhlükəsizlik və təzyiq qurşağı" yaratmağa imkan verəcək.

Bu səbəbdən ABŞ indi "torpaqlar əvəzinə sülh" variantını gerçəkləşdirməyə çalışır. Yəni Azərbaycanın hazırda erməni işğalında olan ərazilərindən Ermənistanın hərbi güclərini çəkməsi və bu torpaqların işğaldan azad edilməsinin müqabilində amerikalılar ermənilərə nəqliyyat blokadasının ləğvini, Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələrin qurulmasını, situasiyanın normallaşdırılmasını, Cənubi Qafqazın sülh və stabillik bölgəsinə çevrilməsini təklif edirlər. Bütün bunlar ermənilər üçün aşkar və onillərdən bəri arzulanan preferensimyalar olmaqla yanaşı, Rusiyanın postsovet məkanında geosiyasi və geostrateji təsir imkanlarının zəiflədilməsinə yönəlmiş Vaşinqton strategiyasının tərkib hissəsidir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Mark Qrin də heç təsadüfi deyil ki, postsovet məkanında aktivləşmə zamanının çatdığını vurğulayıb: "Kremlin mənəvi təsiri ilə bağlı çağırışlara cavab vermək bu təsirlərin və təzyiqlərin yönəldiyi ölkələrin demokratik və iqtisadi baxımdan dayanıqlı dövlətlərə çevrilməsi yolu ilə mümkündür".

Bununçünsə amerikalılar erməniləri aktivləşdirmək, hətta qarabağlı ermənilərin danışıqlar prosesinə tərəf qismində qatılmasına nail olmağa çalışırlar.

Qarabağlı ermənilərlə bağlı amerikalıların istəkləri Ermənistanın baş naziri Nikol Paşinyanın istəkləri, bəyanatları ilə üst-üstə düşür. Paşinyanın illüziyaları, sanki, amerikalıların planlarının kalkasıdır.

Paşinyan onu hakimiyyətə gətirən ABŞ-a bel bağlayır və məhz bu səbəbdən yayın əvvəlində demişdi: "Əgər Azərbaycan Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi tanıyarsa, problem yoxdur, qarabağlı ermənilərin adından danışa bilərəm. İstənilən başqa halda qarabağlı ermənilər danışıqlarda tərəf olmalıdır. Axı mən qarabağlı ermənilərin yox, Ermənistan vətəndaşlarının baş naziriyəm".

N.Paşinyanın fikrincə, onun "dəmir arqumentasiyası" var.

Fəqət, Paşiyan amerikalıların toruna düşməsinin fərqində deyil.

Ermənistanın baş nazirini "yeni tərəf"lə bağlı bəyanatları sıralamağa vadar edən ABŞ üçün "Dağlıq Qarabağda müharibə: olsun, olmasın?" preambulalı müzakirələr müstəvisində qarabağlı ermənilərin münaqişə tərəfi kimi çıxış edə biləcəklərini arzulamaları sırf merkantil maraqlardan dolayı gərəkdir.

Vaşinqton qarabağlı ermənilərdən Paşinyana qarşı istifadə etmək istəyir.

Belədə Paşinyan elə öz bəyanatlarının məntiqi ilə qarabağlı ermənilərin "seçim"inə etiraz edə bilməyəcək.

Doğrudur, Dağlıq Qarabağdakı xuntanın indiki rəhbəri Bako Saakyan Rusiyadan asılı adam olsa da, gələn il separatçı rejim "prezident seçkiləri" keçirmək niyyətindədir.

Birləşmiş Ştatlarsa həmin seçkilərdə mütləq öz namizədinin qələbəsini təmin etməyə çalışacaqlar.

Proses çoxdan başlanıb. Nikol Paşinyanın yaxın ətrafında olan, Corc Soros strukturlarının yetirmələri sayılan şəxslər ssenarini işə salıblar. Məhz bu adamların səyləri nəticəsində N.Paşinyanla B.Saakyan, habelə Ermənistanın sabiq prezidentləri, əslən qarabağlı ermənilər olan Robert Köçəryan və Serj Sarqsyan arasında qarşıdurma düşmənçilik həddinə çatıb.

Nikol Paşinyan bütün bunları gec də olsa, anlamağa başladığından, Dağlıq Qarabağda uduzacağı təqdirdə özünün hakimiyyətə gətirilməsinə istifadə olunduğu vasitələrdən, yəni küçə yürüşləri, kütləvi etirazlar, itaətsizlik aksiyalarından yararlanmaq niyyətindədir.

N.Paşinyan indi qarabağlı ermənilərlə normal münasibətlərin tam pozulması ərəfəsindədir.

"Amerikan qılıncı", deyəsən, "müharibə, yoxsa vəd?" dilemmasını da kəsməkdə istifadə oluna bilər.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.