Siyasət

Paşinyan qarabağlı erməniləri qəfəsə salır

8 İyul 2019 10:00
0 Şərh     Baxış: 2 790

Ermənistanın baş naziri Nikol Paşinyan qarabağlı ermənilərin dəstəyini almaq və onlardan öz siyasi avantüralarında vasitə qismində istifadə etməkdə qərarlıdır.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanın da Dağlıq Qarabağa yollanaraq Xankəndidə yerli separatçı rejimin rəhbəri Bako Saakyan, "parlament sədri" Masis Mailyan və "XİN başçısı" Aşot Gülyanla görüşərək danışıqlar aparıb.

Xankəndidə A.Gülyanla birlikdə keçirdiyi brifinqdə erməni jurnalistlərin suallarını cavablayarkən Z.Mnasakanyan son aylarda, hətta N.Paşinyanın hakimiyyətə gəldiyi - daha doğrusu, qəsb etdiyi - gündən bəri İrəvandakı administrasiyanın qarabağlı ermənilərlə bağlı niyyətini ilk dəfə üstüörtülü olsa da, açıqlayıb: "Məqsədim və əslində, Ermənistan rəhbərliyinin əsas məqsədi münaqişənin nizamlanmasına yönəlmiş danışıqlar prosesində qarabağlı ermənilərdə rahatlıq və əminlik hissinin yaradılmasıdır".

Beləliklə, Ermənistan XİN-ni ilk dəfə olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yerli ermənilərdən təzyiq vasitəsi qismində istifadə etmək niyyətini açıqlasa da, buna tələsmədiyini bəyan edib.

Z.Mnasakanyan baş nazir N.Paşinyanın mövqelərini açıqlamasa da, onlara işarə vurur və Xankəndidə olarkən Ermənistandakı siyasi qüvvələrlə yanaşı, Rusiya, İran və Türkiyəyə də messiclər ünvanlayır.

Əsas məqsəd əslən Dağlıq Qarabağdan olan ermənilərin Ermənistandakı siyasi, maliyyə, iqtisadi və s. sahələrdəki mövqelərini zəiflətmək, onların liderləri, sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın sözügedən "kütlə"dən sosial baza qismində istifadə etmələrinə yol verməməkdir.

Ermənistanda son həftələrdə yaşanan hadisələr göstərir ki, Nikol Paşinyan istəsə də, istəməsə də "karabaxtsi" adlandırılan, əslən Qarabağdan olan ermənilərin siyasi gücü və ən başlıcası, onların hadisələrə təsir imkanları ilə real imperativ qismində hesablaşmalıdır.

Bundan başqa, N.Paşinyan qarabağlı ermənilərlə problemlərini xarici siyasətdə dividendlərə çevirmək kimi absurd ideyaya qapılıb. O, ATƏT-in Minsk Qrupununda həmsədr olan ölkələrlə (ABŞ, Rusiya və Fransa) yanaşı, İran və Türkiyənin də nəzərinə çatdırmaq istəyir ki, sən demə, danışıqlar prosesindən illərlə kənarda qalan qarabağlı ermənilərə bu məsələ diplomatik və siyasi, habelə psixoloji təsirlər edir.

Zöhrab Mnasakanyan bir müddət əvvəl qarabağlı ermənilərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesindəki rolundan danışarkən təsadüfən deməmişdi: "Onlar qəfəsdə böyümüş canlıya bənzəyirlər. Belə azadlığa buraxılanda, təbiətə qovuşanda özlərini itirir, azadlıqdan yararlana bilmirlər. Çünki bütün həyatları qəfəsdə keçdiyindən fiziki imkanları, şüurları və instinktləri də qəfəs çərçivəsində olub. Bənzətmə çox şərtidir, çünki tamamilə fərqli müstəvidən və subyektdən bəhs edirik".

Nikol Paşinyan da qarabağlı erməniləri "illərdən bəri danışıqlar prosesindən kənarda qalaraq özlərini qəfəs reallığına salmış insanlar" sayır.

O, əslində, çox bəsit və primitiv oyuna başlayıb. Ermənistan qarabağlı erməniləri dartaraq danışıqlar prosesinə gətirsə də, Xankəndidəki separatçı-terrorçu rejimin nümayəndələrinin danışıqlar masası arxasına əyləşmələrinə nə Azərbaycan, nə həmsədr ölkələr, nə də beynəlxalq təşkilatlar - ilk növbədə ATƏT və BMT imkan verən deyillər. Ermənistanın baş naziri yeni gündəm formalaşdırmağa çalışır, lakin onun cəhdləri heç bir halda danışıqların gündəmini dəyişmək və yeni elementlərin müzakirələrə qatılması ilə sonuclana bilməz.

Məhz bu səbəbdən Z.Mnaskanyan Xankəndidə keçirdyi görüşlərdə qarabağlı ermənilərin yerli liderlərinə yeni vədlər yerib, onları yenidən dilə tutmağa çalışıb.

Xüsusilə də Xankəndidəki terrorçu rejimin lideri Bako Saakyanla danışıqlar asan olmayıb.

Ermənistanın sabiq prezidenti Robert Köçəryannın həbs edilməsi, sonra Bako Saakyan və Xankəndidəki xuntanın sabiq lideri Arkadi Qukasyanın İrəvandakı nor Nork məhkəməsinə yollanmasından sonra Köçəryannın zaminə buraxılması, sonda Köçəryanın yenidən həbs olunması hadisələrin ciddi şəkildə gərginləşməsindən xəbər verir.

Qarabağlı ermənilər indi faktiki olaraq Rusiyanın Ermənistan rəhbərliyinə təzyiq alətinə çevrilib. Nikol Paşinyana siyasi və ideoloji basqınlara başlayan Moskva R.Köçəryan-S.Sarqsyan duetini aktivləşdirərək rəsmi İrəvanın aşkar Qərb meylli siyasi kurs seçimini qısamüddətli diskursa çevirmək niyyətindədir.

N.Paşinyan isə "qarabağlı ermənilər 1990-cı illərdə başlamış danışıqlar prosesində hələ də kölgədədir, onları kölgədən çıxararaq danışıqlar masası arxasına qaytarmaq gərəkdir" deyir.

Yəni o, "kölgdən çıxmaq" prosesinin heç də İrəvana qarşı çıxmaq olmadığını, "sadəcə", subyekt məsuliyyətinin qavranılmasını və beynəlxalq birliklə münasibətləri sərtləşdirməmək şərtilə Azərbaycana qarşı birləşməyi nəzərdə tutduğuna işarə vurur.

Lakin bütün bunlar əsl kollaborasiya, məntiqsiz və nəticəsiz oyunlardır.

Qarabağlı ermənilərin münaqişə tərəfi qismində danışıqlar masası arxasına qaytarılması illüziyadır. Bunu Nikol Paşinyan da anlamamış deyil. O, yaxşı bilir ki, mövzunu davam etdirərsə, Azərbaycan da Dağlıq Qarabağdan və işğal altında olan digər ərazilərimizdən didərgin salınmış azərbaycanlıların danışıqlara cəlb edilməsini tələb edəcəklər.

İki icmanın da təmsil olunacağı təqdirdə Ermənistanın mövqeləri, sadəcə, işğalçı dövlətin təmsilatı funksionallığından ibarət olacaq ki, bu da İrəvanın maraqlarına qətiyyən cavab vermir.

Dağlıq Qarabağ problemisə həllini tapacaq. Dünyanın digər tanınmamış, separatçı bölgələrinin tarixi, dünəni və indisi buna dəlalət edir.

Udan ermənilər olmayacaqlar.

... Nikol Paşinyanın "qəfəs" məsələsinə gəldikdə isə, qarabağlı erməniləri İrəvanda hələ belə aşağılamamış, təhqir etməmiş, "heyvanlar" adlandırmamışdılar.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.