Siyasət

Tehran İrəvanı "dost və qardaş" elan etdi - İranın yeni erməni sevgisi

6 İyul 2019 14:40
45 Şərh     Baxış: 10 837

Artıq 65 ildir ki, İran, Ermənistan, Suriya, Livan, Hollandiya, Fransa, Avstriya, Almaniya, Kanada və bir sıra başqa ölkələrdən olan ermənilər İrandakı Müqəddəs Faddey erməni kilsəsinə toplaşaraq Müqəddəs Liturgiya ayininə qatılırlar.

Təbriz, Urmiyə, İsfəhan, Qəzvin və Tehrandan olan ermənilər hər il kilsədəki mərasimin təşkilat "komitəsi" kimi çıxış edirlər.

Mərasimdə minlərlə erməni iştirak edir, müxtəlif ölkələrdə yaşayan ermənilər qohumları ilə görüşürlər.

Habelə, ayindən sonra erməni keşişlər uşaqları vəftiz də edirlər.

Sonda isə ermənilər mahnılar oxuyur, rəqs edirlər.

Son illərdə mərasimin atributlarından biri də Dağlıq Qarabağdakı terrorçu rejimin bayraqlarının qaldırılması, ermənilərin "Böyük Ermənistan"dan danışaraq "Qarabağ erməni torpağıdı!" yazılmış şüarları kilsə divarlarından asmalarıdır.

Yerli sakinlərin "Qara kilsə" adlandırdıqları Müqəddəs Faddey erməni qriqorian kilsəsi Güney Azərbaycandakı Maku şəhərindən 20 km məsafədə, İranın Azərbaycan və Ermənistanla sərhədlərinin yaxınlığında yerləşir.

Müqəddəs Stepan və Dzordzor kilsələri ilə bahəm "Qara kilsə" "İrandakı erməni monastır ansamblları" siyahısına daxil olunub.

"Qara kilsə"dəki mərasimdən bir neçə gün sonra isə Tehranda "maraqlı" görüş olub.

İran prezidenti Həsən Ruhani üç gün əvvəl Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanın müavini və "sağ əli" Mher Qriqoryanla görüşüb.

Rəsmi məlumata görə, "görüşdə iki ölkə üçün qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri" müzakirə olunub.

İran-Ermənistan Birgə Komissiyasının 16-cı toplantısına qatılmaq üçün Tehrana yollanmış M.Qriqoryan prezident H.Ruhani ilə görüşdən çox razı qalıb

"Yaxşı, faydalı və məhsuldar görüş oldu. Ölkələrimiz arasında bir sıra sahələrdə, o cümlədən maliyyə, energetika, nəqliyyat, kənd təsərrüfatı və turizm sektorlarında ikitərəfli əlaqələri sürətlə inkişaf etdirməklə bağlı razılıq əldə etdik. Bu anlaşmalar ölkələrimizin maraqlarından irəli gəlir", - M.Qriqoryan deyib.

Həsən Ruhani də Nikol Paşinyanın müavini ilə apardığı danışıqlardan razı qalıb.

"İran dost, qonşu Ermənistanla münasibətləri möhkəmləndirməkdə qətiyyətlidir. Ermənistanla tarixi və mədəni əlaqələrimiz, isti və səmimi təmaslarımız var. Bundan başqa, ölkələrimizin tərəfdaşlıqla əməkdaşlıq üçün böyük potensialı var", - Ruhani söyləyib.

Onun sözlərinə görə, nəqliyyat və energetika sahəsində Fars Körfəzi və Oman dənizi ölkələrinin Qara dənizə çıxış əldə edərək həmin regiona birləşmələri önəmli məsələdir: "İran, Ermənistan və Gürcüstanın əraziləri bəhs etdiyim layihə üçün əlverişlidir. Bu baxımdan layihə ölkələr arasındakı əlaqələri daha da möhkəmləndirə bilər".

Ermənistanın və İranın mediasının həvəslə yaydıqları rəsmi məlumatlardakı sətiraltı mənalar xüsusi maraq kəsb edir. Tehran aşkar şəkildə İrəvana bəyan edir ki, o, ermənilərlə əlaqələri maksimal sürətlə inkişaf etdirməkdə maraqlıdır və "bunun üçün gərəkli", yəni İranın maraqlarına cavab verən və ən başlıcası, Tehranın malik olduğu bütün vasitələrdən istifadə edəcək.

Eyni zamanda, Ruhani üstüörtülü şəkildə vurğulayıb ki, İran indiki situasiyada Fars Körfəzi ölkələrinin Qara dəniz sahillərinə çıxış əldə etmələri üçün Ermənistandan tranzit ölkə qismində istifadə etməyə hazırdır.

Təbii, bu təklif əsas oyunçunun İran olmasını nəzərdə tutur.

Eyni zamanda, H.Ruhani Ermənistana o mesajı da verir ki, baş nazir Nikol Paşinyanın, əslində, Vaşinqtonun marionetkası olduğunu bilir və buna rəğmən, habelə ABŞ-ın İrana qarşı fasiləsiz güclənən sanksiyalara baxmayaraq nəzərdə tutduğu layihələrlə planları gerçəkləşdirməkdə qərarlıdır.

İran rəhbərliyini çətin də olsa, anlamaq olar. ABŞ-ın liderliyi ilə Qərb ölkələrinin tətbiq etdiyi çox sərt sanksiyalar Tehranın ən yaxın müttəfiqləri olan Rusiya və Çini belə, ehtiyatlı davranmağa vadar edib. İş o yerə çatıb ki, indiyədək İrana sürəkli olaraq "qorxmayın, sizinləyik" messicləri verən və İran neftini satın almaqdan bütün təzyiqlərə rəğmən çəkinməyən Pekin belə, indi həmin neft alışını dayandırıb.

Özü ABŞ-ın sanksiyalarının məngənəsində çabalayan Rusiya da İranla təmaslarında olduqca diqqətli davranmaq məcburiyyətindədir.

Bu səbəbdən İran "dostu, qonşusu və müttəfiqi" adlandırdığı Ermənistanla münasibətlərini genişləndirərək üzləşdiyi çox çətin dönəmdə etibarlı tərəfdaş arayır.

Fəqət, Ermənistan heç zaman İrana etibarlı və sədaqətli tərəfdaş olmayıb, olması mümkün də deyil. Səbəb erməni xislətidir. Maraqların hər şeydən üstün tutulduğu, xəyanətin və dönüklüyün milli davranış modeli halına gətirildiyi bir nəsnə.

Ruhani ilə Qriqoryan arasındakı anlaşmaların biri də İranla Ermənistanın malyyə-hesab mübadiləsi olub. Tehran təklif edib ki, qarşılıqlı hesablaşmalarda ABŞ dolları və avrodan imtina edilsin (sanksiyaları xatırlayın, - müəl.), erməni dramı və İran rialına keçilsin.

Məqsəd İranla Ermənistan arasında mal, xidmət və məhsul mübadiləsini artırmaqdır.

Xatırladaq ki, ötən ilin iyun ayında İran parlamenti Avrasiya İqtisadi Birliyi (AİB) ilə azad ticari zona yaradılması barədə anlaşmanı ratifikasiya etmişdi. Həmin anlaşma Tehrana MDB-də Rusiyanın nəzarəti ilə yaradılan və onun kontrolunda olan, Ermənistanın da qatıldığı AİB-lə nisbətən az maneələrlə ticarət etməyə imkan verir.

Bütün bunlar belədir, amma...

Ermənistanın baş naziri Nikol Paşinyan İranı "sadiq dost" adlandırsa da, Tehran Ermənistanı "dost və qardaş" adlandırsa da, İrəvanla Tehran arasındakı əlaqələrin formatı ilə durumu, sadəcə, bəyanatlar səviyyəsində qalacaq.

İran iqtisadiyyatı üçün Ermənstan bazarı kiçik və maraqsızdır. Ermənistanın İrana təklif etməyə heç nəyi yoxdur. Məsələ, sadəcə, İranın geosiyasi ambisiyaları və Cənubi Qafqazdakı ssenariləri ilə bağlıdır ki, Tehran ermənilərə oyunçu statusu verərək onları marionet görür.

Fars Körfəzindən Qara dənizə nəqliyyat dəhlizi məsələsinə gəldikdə isə, hər şey qəlizdir. Doğrudur, İranla Ermənistan arasındakı avtomobil marşrutu ilə yüklər Gürcüstandakı Batumi limanına danışır. Fəqət, daşınan yüklər neft və kənd təsərrüfatı məhsullarıdır. Onlar isə Ruhaninin "nəhəng" adlandırdığı layihə üçün tragikomik təsir bağışlayan məqamdır.

Tehranın "Ermənistanla birgə layihələr" adlandırdığı projektlərə gəldikdə isə, nə yoxsul və səfil Ermənistanın, nə də sanksiyalar məngənəsində boğulan, iqtisadiyyatında kollaps yaşanan İranın bunun üçün yetərli maliyyə imkanları yoxdur.

Hətta illərdən bəri farslarla ermənilər bəh-bəhlə, qızğın şəkildə müzakirə etdikləri birgə dəmiryolu marşrutu layihəsi də can verir və baş tutan məsələyə əsla bənzəmir.

Səbəb sadədir: perspektivləri şübhəli, ehtimal olunan rentabelliyi mücərrəd, ABŞ-ı həddən ziyadə qıcıqlandıracağı əsla şübhə doğurmayan layihə ilə indiyədək heç bir (!) əcnəbi investor maraqlanmayıb.

İranla Ermənistan arasındakı "enerjidaşıyıcıları layihələri"nə gəldikdə isə, bu bravur açıqlamalar da mənasızdır. Belə ki, Ermənistan ərazisindən tranzit ölkə qismində istifadə edərək Rusiyaya təbii qaz satmaq niyyətində olan İranın arzuları, deyəsən, gözündə qalacaq.

Hazırda İran Ermənistana təbii qaz verir və o "mavi yanacaq" Ermənistandakı istilik-elektrik stansiyalarında yandılır, elektroenerji alınır və sonucda elektroenerji alınan qazın müqabilində barter qaydasında İrana verilir.

Bu primitiv sxemi genişləndirmək və dəyişmək, infrastrukturu dəyişmək üçünsə İrəvanla Tehranın pulu yoxdur.

Ermənistanın Meğri rayonunda, İranla sərhəddə yaradılmış "azad iqtisadi zona"ya gəldikdə isə, Tehran bu zona vasitəsilə Avropa Birliyindən mal axınını qəbul etməyə hazırlaşırdı.

Lakin Tehranla İrəvanın bəyan etdiyi kimi, "on minlərlə konteyner" yoxdur və olmayacaq.

Göründüyü kimi, sanksiyaların quyusuna salınmış İran "etibarlı və sadiq tərəfdaş" qismində Ermənistanı görməkdə çox ciddi səhv edir.

Ən azı ona görə ki, Ermənistanın baş naziri Nikol Paşinyan iranlılarla görüşdə onların üzlərinə gülümsəyərək "dostluq və qardaşlıq"dan danışsa da, İrana qarşı tətbiq edilən sanksiyaların hamısını (!) Ermənistan dəstəkləyib.

Məsələn, İranda istehsal olunan duzun və sementin İranda satışı yasaqlanıb.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.