Siyasət

Strasburqda Azərbaycanda aparılan islahatlara həsr olunmuş tədbir keçirilib - FOTO

26 İyun 2019 22:10
Baxış: 725

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) cari yay yarım-sessiyası çərçivəsində 2019-cu il iyunun 26-da "Azərbaycanda yeni çağırışlar və davam edən islahatlar" adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin dəstəyi ilə baş tutmuş bu tədbirdə AŞPA üzvləri, diplomatik korpus, Avropa Şurası katibliyi, vətəndaş cəmiyyəti, mətbuat və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tədbirin məqsədinin ölkəmizdə aparılmaqda olan islahatlar barədə məlumat verməkdən ibarət olduğunu bildirib. Azərbaycan vətəndaş cəmiyyəti, o cümlədən ölkəmizdə fəaliyyət göstərən İnsan hüquqları üzrə birgə işçi qrupun nümayəndələrinin bu tədbirdə iştirak etmələri, eləcə də çıxışçılar arasında yer almasından məmnun olduğunu və bunun ölkəmizdə demokratiyanın vəziyyətindən xəbər verdiyini qeyd edib. Çıxışı əsnasında Azərbaycan torpaqlarının davam edən işğalı səbəbindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının mümkün olmadığını xatırladan S.Seyidov münaqişə ilə bağlı öhdəlik istisna olmaqla, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü bütün öhdəliklərin icrasına nail olduğunu bəyan edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov ölkəmizdə gedən hüquqi islahatların bir neçə il öncədən başladılmış prosesin davamı olduğunu qeyd etmiş, onun qısa tarixi, mahiyyəti və əhəmiyyəti barədə ətraflı məruzə təqdim edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə başladılmış və onun rəhbərliyi altında uğurla həyata keçirilməkdə olan bu islahatların cinayət təqibi və cəzaların icrası sahəsində müvafiq şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiqi və cəza siyasətinin humanistləşdirilməsi, ədalət mühakiməsinin keyfiyyəti və səmərəliliyinin artırılması kimi məsələləri ehtiva edən yol xəritəsi əsasında həyata keçirilməkdədir. Aparılmış islahatların artıq müsbət nəticələr verdiyini vurğulayaraq, müvafiq statistik məlumatları bölüşüb və xüsusilə böyük sayda vətəndaşımızın həyatına müsbət təsir etdiyini açıqlayıb. Çingiz Əsgərov bundan əlavə Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının ölkəmizin müvafiq qurumları qarşısında qoyduğu məqsədlər haqqında məlumat verib və həmin islahatların gözlənən nəticələrindən söz açıb.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva ölkəmizdə digər, xüsusilə sosial sahədə aparılan islahatlar barədə ətraflı məlumat verib. Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və həyata keçirilən bütün islahatların insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasına yönəldiyini qeyd edib. Bu islahatların icrasında həssas qrupların - müharibə veteranları, məcburi köçkünlər, fiziki qüsurlu şəxslər, pensiya yaşına çatmış insanların xüsusi diqqət mərkəzində saxlanıldığını göstərib. Çıxışında Milli Məclisin üzvü həmçinin, ölkəmizdə qadınların ictimai-siyasi həyatda rolunun artmaqda olduğu, uşaqların hüquqlarının daha yaxşı təmini istiqamətində çoxsaylı layihələr həyata keçirildiyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

İnsan hüquqları üzrə birgə işçi qrupun üzvü, Azərbaycan insan hüquqlarının müdafiə mərkəzinin direktoru Eldar Zeynalov çıxış edərək, ölkəmizdə aparılmaqda olan islahatların müsbət nəticələr verməkdə olduğunu, hazırda cəmiyyətdə daha fərqli və müsbət şəraitin yarandığını bildirib. O, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və ictimai işlərdə iştirakı üçün müvafiq imkanların təmin edildiyini qeyd edib. Vətəndaş cəmiyyətinin cari islahatlar paketinin hazırlanmasında iştirak etdiyi və ona dəstək verdiyi açıqlanıb və həmin islahatların icrasında da iştirak etmək niyyətində olduğu göstərilib.

Çıxışların ardınca baş tutmuş fikir mübadiləsində Azərbaycanın demokratiya, insan hüquqları və qanunun aliliyi xüsusunda doğru istiqamətdə əzmlə irəlilədiyi ifadə edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.