Siyasət

Rusiyadan Ermənistana Qarabağ xəbərdarlığı: savaş ola bilər

25 İyun 2019 09:34
1 Şərh     Baxış: 5 189

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə bağlı İrəvanda narazılıq pik həddə çatıb. Ermənistan XİN-ə çağırılan səfirə xəbərdarlıq edilib, ona "ölkənin daxili işlərinə müdaxilənin yolverilməz olduğu" söylənib.

Səbəb barədə yazmışdıq: S.Kopırkin Ermənistanın sabiq prezidenti, cinayət məsuliyyətinə cəlb olunan və İrəvandakı Nor Nork məhkəməsnin qərarı ilə zaminə buraxılan Robert Köçəryanla görüşüb. Bu görüşdən sonra S.Kopırkin Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanla bir araya gəlib və ona açıq şəkildə deyib ki, R.Köçəryanın həbsini Moskva "arzuolunmaz səhv" sayır, Köçəryanın özünü isə "Moskvanın sadiq dostu" saymaqda davam edir.

Digər tərəfdən, ötən həftə Gürcüstanda başlamış etiraz aksiyaları Ermənistana birbaşa təsir etməyə başlayıb. Rusiya Dövlət Dumasının deputatının Gürcüstan parlamentində çıxışından sonra Tiflisdə başlayan aksiyaların aşkar xarici siyasət konteksti olsa da, onlar Gürcüstanın çox ciddi daxili siyasət probleminə çevriliblər.

Çünki Tiflisin mərkəzinə toplaşan insanlar oliqarx Bidzina İvanişvilini hədəfə alsalar da, Mixail Saakaşşvilinin tərəfdarlarını da fitə basırlar.

Üstəlik, Tiflisdəki aksiya iştirakçıları ölkədə növbədənkənar parlament seçkilərinin də keçirilməsini tələb etməyə başlayıblar.

Təbii ki, siyasətdə mexaniki paralellər primitivlikdir və hər prosesin öz xüsusiyyətləri var. Digər tərəfdən, unutmayaq ki, qloballaşan dünyada hətta müxtəlif ölkələrdəki daxili siyasi proseslərin də ümumi, oxşar məntiqi var.

Britaniyadakı "Breksit"də, ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsində və Fransada Emmanuel Makronun dövlət başçısı seçilməsində zühur edən populizm trendi Ermənistanda tətbiq edilmiş ssenariyə görə, sən demə, İrəvan küçələrində də yaşanıb və nəticədə də Nikol Paşinyan hakimiyyətə gətirilib.

Ermənistandakı proseslər Gürcüstanda təkrarlanır və yenidən İrəvana qayıdır.

Rustaveli prospektinə toplaşanlar Bidzina İvanişvilinin komandasının istefasını tələb etməklə bir mərkəzdən idarə olunmadıqlarını göstərməyə çalışırlar.

Ermənilər də ürəkləniblər. Məhz Tiflisdəki hadisələrdən sonra Ermənistanda Rusiyanın ölkəyə təsir imkanları ilə bağlı spontan müzakirələr başlayıb. Müzakirələrdə vurğulanır ki, Ermənistanda N.Paşinyanı baş nazir edən və "inqilab" adlanan aksiyalar əslində xarici kontekstdən məhrum olduğundan çox pis fəsadlara səbəb olub.

Təbii, Ermənistanda Serj Sarqsyanın qorxaraq qaçmasından fərqli olaraq, B.İvanişvili Gürcüstanda hakimiyyəti asanlıqla əldən verən deyil. Tiflisdəki hakimiyyətin siyasi dalandan çıxmaq üçün hələlik resursları var.

Məhz bu səbəbdən də Ermənistanda N.Paşinyanı devirəcəklərini düşünənlər yanılırlar, çünki xarici siyasət məsələlərində, xüsusilə də Dağlıq Qarabağ problemi ilə bağlı erməni parlamentində düşmənlər belə, eyni mövqe tuturlar.

Sadalanan səbəblər İrəvanın davranışına ciddi təsir göstərir.

Belə ki, Ermənistan Respublika Partiyası ölkədə müşahidə olunan anti-Rusiya isteriyasından bəhrələnmək fikrinə düşərək Rusiyanın ölkədəki səfiri S.Kopırkinin fəaliyyətini arzuolunmaz saydığını  bəyan edib.

"Əgər S.Kopırkin Ermənistan XİN-ə çağırılaraq xəbərdarlıq alandan sonra da ölkənin daxili işlərinə qarışmağa davam edərsə, onun "persona non-qrata" elan edilərək ölkədən qovulmasını tələb edəcək, bu tələblə Rusiya səfirliyyi qarşısında aksiyalar keçirməyə başlayacağıq", - partiyanın açıqlamasında deyilir.

Ermənistan Respublika Partiyasının hansısa aksiyası ilə təbii ki, səfir qovulası deyil. Lakin belə tələbin ətrafında siyasi və ictimai diskursun yaranacağı şübhəsizdir.

S.Kopırkinin "hədəf"ə alınmasının səbəbi onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son bəyanatıdır. Belə ki, səfir İrəvanda jurnalistlərin suallarını cavablayarkən demişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlanmasını Rusiya əsla arzulamır və bunun üçün də Ermənistanın danışıqlar prosesindəki mövqelərinin korrektəyə, düzəlişlərə ehtiyac duyulur.

Açıqlama İrəvanda pərişanlıq və təlaş qarışıq isteriya yaradıb.

Erməni siyasətçilər və hakimiyyət mənsublarının dediklərinə görə, Moskvanın Ermənistana ultimatumu kimi səslənən fikirləri açıqlayan S.Kopırkin İrəvana təzyiq göstərir, Azərbaycanı aşkar şəkildə dəstəkləyir.

Erməni siyasətçilər və ekspertlər hesab edirlər ki, Nikol Paşinyanın "Regionda vəziyyətin gərginləşməsinə yol verməmək üçün Rusiya bütün rıçaqlara malikdir" bəyanatı ilə S.Kopırkinin açıqlaması ziddiyyət təşkil edir. Daha doğrusu, Dağlıq Qarabağ münaqişəsi zonasında yeni hərbi əməliyyatların başlayacağı təqdirdə Rusiya heç bir məsuliyyət daşımayacağını vurğulayır.

Rusiyalı politoloq Aleksandr Skakov isə hesab edir ki, Rusiya yeni hərbi əməliyyatların başlamasını istəmir, lakin Moskvanın Azərbaycana təsir imkanları həddən ziyadə azdır.

"Gərginlik ehtimalına gəldikdə isə, bu, gözlənilən idi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişin olacağına ümidlər vardı. Alınmadı və bu ümidlərin illüzor olduğu bilindi. Hər şey əvvəlki taktikaya qayıdıb. Yeni heç nə yoxdur", - A.Skakov deyib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfərindən sonra Azərbaycan və Ermənistanın XİN başçılarının Vaşinqtondakı görüşünədək vəziyyət gərginləşib.

Ermənistan sürəkli olaraq atəşkəs rejimini pozur, erməni snayperlər fəallaşıblar, Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərindən ermənilər təlimlər keçirirlər.

Bütün bunlar genişmiqyaslı hərbi əməliyyatlara səbəb ola bilərmi?

Ekspertlərin fikrincə, Ermənistanın mövqelərinin aqressivləşməsi payızda yeni toqquşmaya səbəb ola bilər. Fəqət, bunun reallaşma ehtimalı çox azdır.

"The Workshop of Eurasian Ideas Foundation"un Ekspertlər Şurasının üzvü, təhlükəsizlik, xarici siyasət və müdafiə məsələləri üzrə ekspert Qriqori Trofimçüksa hesab edir ki, Ermənistanın aqressiv ritorikası İrəvanın əleyhinə işləyir.

"Bu səbəbdən Vyana və Sankt-Peterburqda əldə edilmiş bəlli razılaşmalara dönüş istisna deyil.  Həmin razılaşmalar hazırda aktiv müzakirə olunur. Lakin müzakirələrin konkret sonucunu təxminləmək asan deyil. ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar, görüşlər və müzakirələr 2050-ci ilədək davam edə bilər.

Bu, effektiv yol deyil. Fikrimcə, danışıqlar prosesi aktivləşməli, Minsk Qrupunun fəaliyyətinin özünə nəzarət olunmalıdır. Belədə münaqişə zonasında vəziyyət tədricən dəyişərdi", - Q.Trofimçnk söyləyib.

Payızda savaşla bağlı "təxminlər"i səsləndirməklə rusiyalı ekspertlər İrəvandakı hakimiyyətə messic verir, Rusiyanın səbr kasasını daşdırmamağa işarə vururlar.

Savaş yalnız Dağlıq Qarabağ və işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi yox, həm də Ermənistanın kollapsı ola bilər.

Moskva İrəvana bunu anlatmağa çalışır.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.