Siyasət

Millət vəkili: "Həmin gün Azərbaycanın, sözün əsl mənasında, Böyük Qurtuluş günü oldu"

12 İyun 2019 13:49
Baxış: 756

1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə Bakıya dönməsəydi, Gəncə hadisələri zamanı qardaş qırğınının qarşısını almasaydı, bu gün Azərbaycanın müstəqilliyi sual altında qalardı. O zaman dahi şəxsiyyət heç bir çətinlikdən qorxmayaraq, həyatını riskə ataraq Gəncəyə getdi. Hadisələrə düzgün və real qiymət verilməsi üçün o zaman şəxsən qiyamçılarla görüşdü. Daha sonra Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Həmin çətin və ağır anlarda ümummilli liderin proseslərə müdaxiləsi dərhal öz təsirini göstərməyə başladı və xalqda ölkənin xilas olacağına böyük ümid və inam yaratdı.

Bu fikirləri Milli.Az-a millət vəkili Xanlar Fətiyev söyləyib.

Onun sözlərinə görə, 26 il bundan qabaq, iyunun 15-də Heydər Əliyevin Milli Məclisin sədri seçilməsi isə Azərbaycanın siyasi və ictimai həyatında əsas dönüş nöqtəsi oldu:

"Həmin gündən Heydər Əliyev Azərbaycanın ikinci rəsmi şəxsi statusu ilə ölkədə baş verən prosesləri nəzarətə götürdü və vətəndaş müharibəsinin, qardaş qırğının qarşısını aldı. Dahi şəxsiyyətin üzaqgörən siyasəti və böyük idarəçilik səriştəsi nəticəsində Azərbaycan xaosdan qurtuldu, inkişaf etməyə başladı. Həmin gün Azərbaycanın sözün əsl mənasında Böyük Qurtuluş günü oldu".

Millət vəkili qeyd edib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini, xalqımızın tarixini, bu gününü, dünənini özünə qaytardı, inamını artırdı: "Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra qısa bir zaman kəsiyində ölkədə sabitlik bərpa edildi, cəbhədə sakitlik yarandı, atəşkəsə əməl olundu. Bu mərhələdən sonra xalqımız firavan həyat tərzi sürməyə başladı. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycan dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən günü-gündən inkişaf etdirilir, gözəlləşir, güclənir. Heydər Əliyevin möhtəşəm Azərbaycan arzuları bu gün reallaşır. Ölkəmiz artıq dünyanın inkişaf etmiş böyük dövlətləri tərəfindən tərəfdaş kimi qəbul olunur. Bu firavan və xoşbəxt həyat üçün 1993-cü ilin iyun ayının 15-də xaos və hərcimərcilikdən, vətəndaş müharibələrindən qurtulan ölkəmiz daim öz ümummilli liderinə minnətdar olacaq, onun əziz xatirəsini çox böyük hörmətlə anacaq".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.