Siyasət

"Demokratikləşmə" illüziyası bitdi: Paşinyan Ermənistanı acı həqiqətlərlə üz-üzə qaldı

7 İyun 2019 16:24
Baxış: 3 237

130 milyon dollar tapmağa aciz olan ölkə 

Ötən altı ayın nəticələri üzrə hazırlanan hesabatlar Ermənistanda acı reallıqları üzə çıxarıb. Bəlli olub ki, 2018-ci il dekabrın 9-da növbədənkənar parlament seçkilərində qələbə qazanan, 2019-cu il yanvarın 14-də rəsmən baş nazir kimi fəaiyyətə başlayan Nikol Paşinyan komandası (əslində, 2018-ci ilin iyun ayından etibarən ölkədə siyasi vəziyyətə nəzarət edib) ölkənin köklü problemlərinin həlli üçün heç nə etməyib, yalnız imitasiya ilə məşğul olub. Bununla da, Ermənistanda problemlər nəinki azalmayıb, əksinə, daha da kəskinləşib. Məsələn, Ermənistanın Milli Statistika Komitəsinin rəsmi məlumatına əsasən, ölkədə hər 10 nəfər sakindən 3-ü, yəni təqribən 880 000 nəfər hələ də ağır  yoxsulluq həddində yaşayır. Onların aylıq gəlirləri 23 min dram (48 dollar) təşkil edir ki, bu da  Ermənistan kimi kiçik ölkə üçün hədsiz təhlükəlidir. Ermənistanın ümumi əhalisinin sayı cəmi 2,94 milyon nəfər səviyyəsindədir.

Digər ciddi problem - işsizlik üzrə durum da olduğu kimi qalır. İqtisadçı ekspert Babken Tunyan Paşinyan komandasının işsizliyin azaldılması üzrə "proqramına" ironik yanaşıb. Bildirib ki,  Ermənistanda işsizlərin sayının azalması barədə deyilənlər yalandır: "Düzdür, işsizlərin sayının azalmasında simvolik dəyişiklik var. Amma bunun səbəbi yeni iş yerlərinin açılması deyil, iş tapa bilməyən sakinlərin iş tapmaq arzusuyla başqa ölkələrə getmələridir. Yəni işsizlərin əksəriyyəti iş tapa bilmədikləri üçün baş götürüb ölkədən gediblər. Buna görə də sayları azalıb". Məşğulluq Agentliyinin Monitorinq şöbəsinin rəisi Asmik Tadevosyan da eyni faktı təsdiqləyib: "Ermənistanda işsizlərin sayı ona görə azalıb ki, insanlar vətənində iş axtarmaq əvəzinə emiqrasiyaya getməyi üstün tuturlar".

Bənzər problemlərin çoxluğu Ermənistanı tamamilə boşalmaq təhlükəsi ilə üz-üzə qoyub. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu 2019-cu ilin birinci yarısında Ermənistanın əhalisinin sayının 2,94 milyon nəfərə endiyini və bunun 2017-ci ilin eyni dövrünə nisbətən 10 min nəfər az olduğunu bildirib. Emiqrasiya ilə yanaşı doğum həddi də aşağı düşüb. Ekspert Tsovinar Harutyunyan bildirib ki, regiondakı ölkələrlə müqayisədə ən az doğum səviyyəsi Ermənistandadır: "Bu ilin ilk yarısında Ermənistanda cəmi 16 189 körpə dünyaya gəlib".

Müqayisə üçün göstərilir ki, Ermənistan əhalisinin sayı 2011-ci il siyahıyaalınması üzrə 3,018 milyon nəfər olduğu halda, bu gün 2,94 milyon nəfər səviyyəsində qiymətləndirilir.

Erməni tədqiqatçılar bildirirlər ki, Ermənistanda yoxsulluğun qarşısını almaq üzrə proqramların gerçəkləşdirilməsi üçün, 63,2 milyard drama, yəni 130 milyon dollara ehtiyac var. Lazım olan vəsait tapılmadığı üçün proqramlar da gerçəkləşdirilmir. İqtisadçı Aram Kayfacyan bildirib ki, Ermənistanın bu məbləğdə vəsaiti yoxdur, vəziyyət yalnız xarici sərmayələr sayəsində dəyişə bilər. Xarici sərmayələrin tapılması da problemə dönüb. 

Ermənistanı problemlər məngənəsinə salan siyasət

Ekspertlər bildirirlər ki, Ermənistanın problemləri çoxçeşidli olsalar da, sonucda onların səbəbləri azsaylı faktorlar üzərində cəmləşir. Bu çoxsaylı problemlərin kökü Ermənistanın işğal siyasəti, Azərbaycan və Türkiyəyə qarşı sərgilənən torpaq iddiaları, Dağlıq Qarabağ ətrafında qurulan oyunlar,   bunların fonunda Azərbaycan və Türkiyə ilə gərginləşən münasibətlərdir. Dağlıq Qarabağ problemi  Ermənistanı Rusiyanın forpostuna çevirib, ölkənin nəinki hərbi, siyasi mühitində, hətta iqtisadi strukturlar üzərində də nəzarəti itirib. Azərbaycan və Türkiyə tərəfindən təcrid vəziyyətinə salınması isə, onu problemlər məngənəsində boğub, tamamilə tərk edilməsi təhlükəsini yaradıb. Ermənistan, region üzərindən gerçəkləşdirilən bütün layihələrdən kənarda qalıb. Ölkəyə sərmayə gətirəcək, investisiya qoyulmasını təşviq edəcək bütün şanslardan məhrum edilib. İndiki durumda Ermənistanın qurtuluşunun əsas resepti Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Lüzumsuz hərbi xərcləri azaltmaqla, ölkə əhalisinin sosial problemlərinin həllində fürsət qazanmaq mümkündür. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistanın təcrid və blokada durumundan çıxması, xarici sərmayələr üçün açıq elan edilməsi deməkdir. Hesablamalara görə, Türkiyə ilə sərhədlərin açılması nəticəsində Ermənistan yalnız ticarət dövriyyəsindən 150 milyon dollardan artıq gəlir götürə bilər ki,  bu da yuxarıda adıçəkilən, yoxsulluğun azaldılması üçün zəruri olan 130 milyon dollarlıq sərmayədən daha çoxdur. Digər istiqamətlərdən gələn gəlirlər, Ermənistanı yenidən yaşayış üçün əlverişli ölkəyə çevirə bilər. Əslində, Ermənistan əhalisinin 2018-ci il seçkilərində Nikol Paşinyana və onun "Mənim addımım" blokuna dəstək verməsi də bu amillə bağlı olub.

Ehtimal var idi ki, Qarabağla bağlılığı  olmayan, həmçinin hələ 1997-ci ildə Qarabağ münaqişəsinin həlli təklifini gündəmə gətirən Ter-Petrosyan komandasından çıxması N.Paşinyana imkan verəcək ki, "Qarabağ klanının" siyasətə təsir imkanlarını minimuma endirsin, münaqişənin nizamlanmasına nail olsun və Ermənistanı xilas edə bilsin. Maraqlıdır ki, Paşinyan ona bəslənən ümidləri ilk andan qırdı. Baş nazir postuna yiyələndikdən həmən sonra öz oğlunu Azərbaycanın işğal edilmiş ərazilərinə əsgəri xidmətə göndərməsi onun fərqli planlarından xəbər verdi. Azərbaycanla danışıqlar prosesindən yayınması, faktiki olaraq özündən əvvəlki işğalçı rejimin yolunu fərqli formada davam etdirmək taktikası kimi yozuldu. Keçən ay, ATƏT MQ həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabiti Aqil Omarovun qətlə yetirilməsi Ermənistan tərəfinin cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq və 25 ildir davam edən bu münaqişədə mövcud status kvonu qoruyub saxlamaq məqsədi güddüyünü bir daha ortaya qoydu. Aydın oldu ki, işğalçı ölkə və onun yeni hakimiyyəti - Paşinyan komandası münaqişənin həllində maraqlı deyil, onun sülh, atəşkəsə riayət olinması kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. 

Nikol Paşinyan üçün tərs sillə

Son günlər Ermənistanda  yaşananlar göstərir ki, ölkə əhalisi Nikol Paşinyanın keçmiş hakimiyyət komandasının səhvlərini təkrarladığını anlayıb. Analitik mərkəzlərin hazırladıqları hesabatlar aşkar edib ki, Paşinyan komandası hakimiyyətdə olduğu dövrdə yalnız populist bəyanatlar verib, köklü problemlərin həlli üçün addımlar atmayıb. Təkcə sosial-iqtisadi sferada deyil, siyasi mühitdə də zəruri dəyişikliklər edilməyib, "Qarabağ klanı" yenə də söz sahibidir, ölkədə təsir imkanları böyükdür. İrəvanın birinci instansiya məhkəməsi ötən şənbə günü Ermənistanın ikinci prezidenti, "Qarabağ klanının" liderlərindən olan Robert Köçəryanı həbsdən azad edib. R.Köçəryan 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində ittiham edilmiş və 2018-ci il dekabrın 7-də həbs edilmişdi.

Köçəryanın həbsi Paşinyan hakimiyyətinin "Qarabağ klanı"na qarşı mübarizəsinin bir hissəsi, Ermənistan əhalisi üçün isə qurtuluş resepti  hesab olunurdu. "Qarabağ" separatçıları ilə Paşinyan arasında yaşanan gərginliyin səbəbi də bu idi. Lakin Paşinyan təzyiqlər qarşısında duruş gətirə bilmədi, yaxud ikibaşlı oyunları səbəbindən mövqeyini itirdi. Paşinyanın yalançı demokrat  imicindən faydalanıb xalqı arxasınca aparmaq, Rusiyaya qarşı manevrlər edib "Qarabağ klanını" iflasa uğratmaq siyasəti, faktiki olaraq iflasa uğradı. Moskva "Qarabağ klanı"ndan istifadə edərək Paşinyana təzyiqlər göstərib Köçəryanı nəinki həbsdən qurtardı, həmçinin Köçəryanın siyasi partiya qurub Paşinyana qarşı güc formalaşdırmasına zəmin yaratdı. Mayın 20-də Paşinyan tərəfdarlarını küçələrə çıxarıb İrəvandakı bütün instansiya məhkəmələrinin binalarını mühasirəyə aldırdı. Məqsəd Koçaryanı həbsdən azad edən keçmiş məhkəmə sistemini dəyişdirmək idi. Amma prosesə mane ola bilmədi, Köçəryan azadlıqdadır.

Paşinyanın çaşqın duruma düşdüyü aydın görünür. O, bir tərəfdən "Qarabağ klanına" qarşı savaşını davam etdirir, bunun üçün müxtəlif vasitələrə əl atır. Məsələn, klan təmsilçilərinin nəzarətində olmuş Ermənistan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel müharibəsi günlərində Azərbaycan Silahlı Qüvvələrinə cavab verə bilmədiyini bəyan edərək, aprel hadisələrini araşdırmaq üçün istintaq komissiyası yaradır. İyunun 4-də qapalı formatda iclas keçirən Komissiyaya Ermənistanın və Qarabağın yüksək zabit heyətini sorğulamaq, onlardan cavab tələb etmək, məxfi sənədləri araşdırmaq səlahiyyətləri verir. Paralel olaraq, 1 mart 2018-ci il hadisələrində iştirak etmiş, "Qarabağ klanının" başqa  üzvlərinin həbslərini sifariş verir. Digər tərəfdən isə, "Qarabağ klanının" səhvlərini davam etdirir, Azərbaycana qarşı torpaq iddialarından əl çəkmir. Paşinyan 20 mayda, hətta gələcək müharibənin ssenarisini müəyyən edən açıqlama da verdi. 

Yaranmış duruma əsaslanıb demək olar ki, Ermənistanda Paşinyan üzərində qurulmuş ilüziyalar boşa çıxıb. İndi ölkədə yeni inqilabi situasiya yetişir. Bu dəfə imitasiya üzərində qurulan, yalançı inqilab deyil, gerçək inqilab yetişir. Paşinyan özü də fərqindədir. O, nəinki hakimiyyəti, ailəsi və canı üçün də qorxu keçirir. Əks təqdirdə, oğlu Aşotu mayın 24-də təcili şəkildə Dağlıq Qarabağ ərazisində yerləşdirilmiş hərbi hissəsindən İrəvandakı hərbi hissəyə köçürməzdi. 

Müşfiq Ələsgərli
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.