Siyasət

Biz düzgün yoldayıq

30 May 2019 09:04
Baxış: 1 469

"Sirr deyil ki, bu gün enerji təhlükəsizliyi məsələləri böyük əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Bu baxımdan Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır"

Dünən Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxış edərkən Prezident İlham Əliyev belə dedi.

Gerçəkdən də, zaman dayanmır. Meydana öncələr görünməyən yeni-yeni təhdidlər çıxır. Deqloballaşma tədricən qloballaşmanı üstələyir. Bu məsələnin müzakirə edildiyi Davos Forumunda böyük dövlətlərin iştirakına baxaq. ABŞ Prezidenti, ümumiyyətlə, bu tədbirdə iştirak etmədi. Bundan başqa, hesab edilir ki, Forumda dördüncü sənaye inqilabının başlıca tezis kimi seçilməsi, əslində, Yaponiya və Almaniyanın Çinlə sənaye sahəsində rəqabət qabiliyyətini daha da artırmaq məqsədi daşıyıb. ABŞ prezidenti Donald Trampınsa ümumilikdə dünya istehsal həcmini əsas olaraq ABŞ-a qaytarmaq xəttini yeritməsi onun faktiki olaraq reindustrializasiyaya başlamaq istədiyini göstərir.

Qlloballaşma ilə deqloballaşmanın nisbəti doğrudan da problemli görünür. Dünya sanki risklər zonasına düşmüş olur. Böyük güclər arasında rəqabət gücləndikcə, bu proses dərinləşir. Bəlkə də, bəşəriyyət risk zonasındakı "doyma nöqtəsi"nə çatmayıb. Ancaq deqloballaşmanın indiki səviyyəsi belə dünyanı bir neçə dəfə məhv etmək üçün yetərlidir. Bu yoldan niyə dönülməsin ki?

Bunun necə reallaşa biləcəyini də dünyada çox gözəl bilirlər. Ədalət, beynəlxalq hüquq, ikili standartlardan imtina, fərqli mədəniyyət və din mənsublarına tolerant yanaşma! Bu, seçim məqamı deyil, bəşəriyyətin varlığının təməl şərtlərdir. Əks halda, boşuna müzakirələr "acı bağırsaq" kimi uzanacaq və bunun fonunda bəşəriyyətin ömrü qısalacaq! Bu kimə sərf edir? Bəşər övladı bunu arzulayırmı? Sorğu keçirilsə, nadir istisnalardan başqa (hər halda "şeytanlar" mövcuddur) böyük əksəriyyət "yox" deyəcək.!

Hər şey bir kənara, siyasət dəyişməsə, dünya dirəndiyi dalandan çıxa bilməyəcək. Bunun üçün artıq "bir dəlinin quyuya daş atmasına" imkan vermək olmaz. Sırada o qədər dəli var ki...

Bəs Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bu tendensiyaya təsiri yoxdurmu? Mütəxəssislərin fikrincə, demək olar ki, yoxdur. Bunun iki anlamı var. Birincisi, bütövlükdə dünyada elə bir beynəlxalq təşkilat mövcud deyildir ki, beynəlxalq hüquq normaları çərçivəsində supergüclərə təsir edə bilsin. Onda onlar niyə mövcuddurlar? Formallıq xatirinə, yoxsa gözlərə kül üfürmək üçün? Yəni böyük güclərə beynəlxalq təşkilatlar öz maraqlarını pərdələmək və törətdikləri cinayətləri ört-basdır etmək, imkan olanda ona hüquqi don geyindirmək üçünmü lazımdır? Dağlıq Qarabağda, Ukraynanın şərqində, Suriyada, İraqda, Əfqanıstanda və başqa məlum yerlərdə törədilən cinayətləri beynəlxalq təşkilatlar "pərdələyəcəksə", hansı qloballaşmadan danışmaq olar? İkincisi, beynəlxalq təşkilatlarda ciddi islahatlar aparmaq lazımdır. Yaxud fərqli tənzimləmə mexanizmləri işləmək gərəkdir. Təəssüf ki, bunların heç biri hələ yoxdur.

Artıq yalnız ÜTT deyil, bütün beynəlxalq təşkilatlar "qara gündədirlər"! Çünki onları dinləyən yoxdur. Əsasən də liderlik havası başından çıxmayan Amerika, Çin, Avropa İttifaqı və Rusiya! Bunlar "Amerika dünyası", "Çin dünyası", "Avropa dünyası", "Rus dünyası" yaratmaq qayğısında ikən, real yaşadıqları və hər bir insanın yurdu olan Yeri, Bəşəriyyəti məhvə sürükləyirlər. Bu qüvvələr hansı dünyada mövcud olacaqlar? Onların hər birinin yaratmaq istədiyi "dünya" daha çox xarabalığa bənzəmirmi?

Belədə Azərbaycanın yürütdüyü daxili və xarici siyasətin məcmusu milli maraqların tam təminatı, dövlətin mənafelərin gerçəkləşdirməsi olduğundan ölkənin geosiyasi çağırışlara adekvat cavabları məntiqi proseslərin axarıdır.

Sadəcə, bir misal - Cənub Qaz Dəhlizi. Bu layihənin reallaşması tarixi hadisədir. Bu, nəhəng infrastruktur layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılıb və əlbəttə ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Çünki əgər genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atıldı. 

Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə ixrac etməyə başlayıb. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşması üçün çox önəmli şərait yaradılmış və addımlar atılıb.

Ümumiyyətlə, Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın böyük tarixçəsi var. Hər bir şirkətlə əməkdaşlıq aparmaq bizim üçün çox önəmlidir.

Bu arada BP şirkətini qeyd etmək gərəkdir. Çünki BP ölkəmizin strateji tərəfdaşı, strateji investordur. Biz 25 ildir ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur.

Təkcə "Azəri-Çıraq-Günəşli" yatağı üzrə işlər ən azı 2050-ci ilə qədər aparılacaqdır. "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi də bundan sonra onilliklər ərzində aparılacaq. Beləliklə, bizim strateji tərəfdaşlığımızın çox gözəl perspektivləri var.

"Biz bu layihələri əlbəttə ki, o cümlədən xarici maliyyə resurslarının hesabına icra etdik. Həm öz vəsaitimizi qoyduq, eyni zamanda, beynəlxalq maliyyə qurumlarından kredit şəklində vəsait aldıq. Bu münasibətlə bu qurumların Azərbaycana dəstəyi haqqında danışmaq istərdim. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı - dünyanın bu aparıcı maliyyə qurumları Cənub Qaz Dəhlizinin reallaşmasına öz maliyyə vəsaitini ayırıb və beləliklə, layihənin icrası üçün çox önəmli dəstək vermiş olublar. Eyni zamanda, bu kreditlərin ayrılması Azərbaycanın uğurlu gələcəyinə inamın təzahürüdür", - dövlət başçısı daha sonra nitqində söyləyib.

Layihənin həyata keçirilməsi üçün Avropa İttifaqı ilə də əməkdaşlıq aparılır. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi ilə əlaqədar Birgə Bəyannamə qəbul edilib. Azərbaycanın təşəbbüsü ilə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirilir. Bu ilin fevral ayında 5-ci toplantı keçirilib. Bu toplantılarda həm görülmüş işlərə yekun vurulur, eyni zamanda, ən önəmlisi odur ki, görüləcək işlər haqqında danışılır. Əlbəttə, biz əminik ki, bu nəhəng layihənin uğurla icra edilməsinə nail olacağıq. Çünki bu gün həm beynəlxalq əməkdaşlıq baxımından, həm də maliyyə resursları baxımından bu layihənin reallaşması üçün heç bir problem qalmır.

Belə nəhəng layihələri biz ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində həll edə bilərik. Çünki əgər o olmasa, o layihələri icra etmək mümkün olmaz. Neft-qaz kəmərləri, investisiya qoyuluşu, beynəlxalq maliyyə qurumlarının iştirakı və əlbəttə ki, birgə səylərimiz nəticəsində biz buna nail ola bilmişik. Hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı istədiyinə tam nail ola bildi.

Ölkə iqtisadiyyatı üçün bu layihələrin çox böyük əhəmiyyəti var. 1994-cü ildə "Əsrin kontraktı" imzalanmasaydı və Azərbaycan öz zəngin neft-qaz resurslarını dünya bazarlarına ixrac etməsəydi, bizim iqtisadi vəziyyətimiz tam fərqli ola bilərdi. Ona görə bu layihələr ölkə iqtisadiyyatına çox böyük təkan verib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, kadr hazırlığı üçün yeni imkanlar yaradılıb. Bu gün ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Gözəl təlim və təhsil almış gənc Azərbaycan mütəxəssisləri bu gün ölkəmiz üçün çox böyük işlər görürlər. Kadr hazırlığı, biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlıq - bütün bunlar bu layihələrin nəticəsində mümkün olmuşdur və ölkəmizə böyük fayda verib.

Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli - bu da uğurlu neft siyasətimizin nəticəsində reallaşıb. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilib. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır. Biz son illər ərzində əsas infrastruktur layihələrimizi icra etdik və bu istiqamətdə işlər davam etdirilir. Həm yol tikintisi, həm qazlaşdırma, həm də elektrik enerjisi ilə bağlı olan məsələlər Azərbaycanda uğurla icra edilir. Qazlaşdırma 95 faizə çatıb. Əgər kifayət qədər qaz resurslarımız olmasaydı, bu, mümkün olmazdı. Yəni, bu layihələrin icrası və ümumiyyətlə, Azərbaycanın əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının icrası tamamilə yeni bir vəziyyət yaradıb və ölkəmiz sürətlə inkişaf etməyə başlayıb. Biz neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoymağa başlamışıq. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağının tikilməsi, yeniləşən infrastruktur, sosial layihələrin, vətəndaşların sosial problemlərinin həlli - bütün bunların təməlində bizim uğurlu neft siyasətimiz dayanır. Bu gün isə ölkə qarşısında duran əsas vəzifə neft-qaz amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə də önəmli addımlar atılır. Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq. Eyni zamanda, bilməliyik ki, neft-qaz sektoru bundan sonra da ölkə iqtisadiyyatında çox önəmli rol oynayacaq.

"Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir. Bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Biz regional inkişaf proqramını uğurla icra edirik. Əlbəttə, bundan sonra da çalışmalıyıq ki, büdcəmizi daha çox qeyri-neft sektorunun hesabına təmin edək və buna yaxınlaşırıq. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bizim üçün prioritet sektor olaraq qalacaq", - dövlət başçısı söylədi.

Azərbaycan enerji siyasətini daim milli-regional-qlobal miqyaslarda dövləti maraqların uzlaşdırılması kontekstində yeridib. Bu böyük siyasətin çox elementləri var.

Geosiyasi maraqların balanslaşmasının bu iki aspektini uyğunlaşdırmaqla Azərbaycan beynəlxalq əməkdaşlığa öz töhfəsini vermiş olur. Gənc müstəqil ölkə üçün bu, böyük nailiyyətdir. Şübhə yoxdur ki, bu prosesi rəsmi Bakı daha da inkişaf etdirəcək. Bununla Azərbaycan Avrasiya məkanında xüsusi geosiyasi yeri olan və regional əməkdaşlıqda aparıcı rol oynayan dövlət olaraq beynəlxalq aləmdə öz mövqelərini daha da möhkəmlədəcək.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.