Siyasət

XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir

25 May 2019 16:38
Baxış: 500

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva CNN telekanalının idman müxbirinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda "Arsenal" futbol komandasının oyunçusunun iştirak etməməsi və Ermənistan XİN-in mövqeyi ilə bağlı ünvanladığı sualı cavablandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın final oyununda iştirak edəcək bütün oyunçuların, eləcə də pərəstişkarların təhlükəsizliyini tam təmin edəcəyi barədə Azərbaycanın müvafiq rəsmi qurumları və Azərbaycan Futbol Assosiasiyası tərəfindən UEFA-ya təminatın verildiyini və bu barədə XİN-in sözçüsü səviyyəsində "idman və siyasət bir-birindən ayrıdır" mövqeyinin dəfələrlə bəyan edildiyini xatırladan mətbuat katibi, Ermənistan XİN-in bu məsələ ilə bağlı açıqlama ilə çıxış etməsinin bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasi alət kimi istifadə etdiyinin göstəricisi olduğunu vurğulayıb. Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsinin absurd olduğu qeyd edilib. Azərbaycanın bütün dünyada dözümlülük və multikulturalizm ənənələri ilə tanındığı bildirilib.

XİN rəsmisi qeyd edib ki, Ermənistanın Bakıda keçiriləcək futbol oyunu ilə bağlı şərhi, bu ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara mənfi təsir etmək və hətta münaqişənin həlli üzrə substantiv danışıqları təxirə salmaq üçün hər bir imkandan istifadə etmək cəhdidir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.