Siyasət

Azərbaycan Prezidenti: "Əsas vəzifəmiz sabitliyi qorumaq, xalqın rifahını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdır"

24 May 2019 15:00
Baxış: 288

"Əsas vəzifəmiz Azərbaycanda sabitliyi qorumaq, xalqın rifahını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdır".

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin açdığı iftar mərasimindəki çıxışında deyib.

Dövlət başçısı deyib: "Dünyada vəziyyət gərginləşir. Həm bölgəmizdə, həm dünyada yeni toqquşmalar, yeni münaqişə ocaqları yaranır, yeni risklər, təhdidlər meydana çıxır. Dünyanın gələcəyi ilə bağlı, sabitliyin gələcəyi ilə bağlı müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Bizim əsas vəzifəmiz Azərbaycanda sabitliyi qorumaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdan ibarətdir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb. Azərbaycan inkişaf yolu ilə gedir. İnkişaf dinamikamız çox müsbətdir. Əminəm ki, gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir".

Prezident İlham Əliyev qeyd edib: "Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq. Biz dünyada İslam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, İslam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik".

Dövlət başçısının sözlərinə görə, müsəlman ölkələri ilə bizim ənənəvi dostluq-qardaşlıq əlaqələrimiz vardır: "Bu, xarici siyasətimizdə prioritet istiqamətlərdən biridir. Azərbaycan bütün müsəlman ölkələri ilə sıx əlaqələr qura bilmişdir və beynəlxalq müstəvidə biz daim bir-birimizi dəstəkləyirik. Eyni zamanda, ikitərəfli formatda çox fəal əməkdaşlıq edirik. Bir neçə gün bundan əvvəl müsəlman ölkələrinin səfirləri ilə görüş əsnasında bu məsələlərlə bağlı fikir mübadiləsi apardıq".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.