Siyasət

Bakıya qarşı erməni oyunu: futbola siyasəti qatırlar

23 May 2019 12:08
4 Şərh     Baxış: 4 193

2015-ci ilin iyunun əvvəlləri. Bakıda keçiriləcək I Avropa Oyunlarına kölgə salmaq, Azərbaycanın nüfuzuna xələl gətirmək istiqamətində ölkəmizə qarşı əsl isteriya həddinə çatmış kampaniya başlanmışdı. "Fredoom House", "Amnesty İnternational", İdman və İnsan Haqları Komitəsinin ardınca indi də Avropa Siyasəti Araşdırmalar Mərkəzi adlı qondarma qurum Bakıda keçiriləcək I Avropa Oyunlarını boykota çağırıb və bununla bağlı Avropa ölkələrinə müraciət etmişdi.

İndi də analoji vəziyyət müşahidə olunur.

Mayın 29-də Bakıdakı Olimpiya Stadionunda Avropa Liqasının final matçı olacaq, İngiltərənin "Arsenal" və "Çelsi" klubları qarşılaşacaqlar.

Beynəlxalq "Amnesty İnternational" təşkilatı yenə də həmişəki ampluasına sadiq qalıb.

Təşkilatın yaydığı və Azərbaycana qarşı tutduğu daimi nifrət, kin və küdurət mövqeyi ilə xüsusi seçilən The Guardian-ın dərhal dərc etdiyi bəyanatda deyilənlərə görə, UEFA, sən demə, Avroliqa finalının Bakıda keçirilməsinə qərar verməsindən peşmanmış.

"Azərbaycanda insan haqlarının total və sürəkli şəkildə pozulması"ndan bəhs edən "Amnesty International" UEFA-ya təzyiqləri artırmağa və bu minvalla "Azərbaycanın çox populyar futbol matçları keçirməklə insan haqlarının heçə sayılması ilə bağlı situasiyanı ört-basdır etməsinə, beyinləri yumasına imkan verilməməlidir".

Daha sonra təşkilat "Arsenal"ın erməni yarımmüdafiəçisi, 30 yaşlı Henrix Mxitaryanın Bakıya, final matçına yollanmaqdan boyun qaçırması qərarına bəraət qazandırır.

"Amnesty İnternational"ın Britaniya bölməsinin direktoru Keyt Allenin dediyinə görə, futbolçular, azarkeşlər və komandaların texniki heyətləri Bakıya getməkdən boyun qaçırmalı, Azərbaycanı bu minvalla "cəzalandırmalı"dır.

Daha sonra "Amnesty İnternational" buyurub ki, bəs "Arsenal" və "Çelsi" klublarının azarkeşlərinin Bakıya yollanmaları çətindir, onlara yetərincə bilet ayrılmayıb və s.

Halbuki Avroliqanın final matçının Bakıda keçirilməsi ilə bağlı qərar 2017-ci ildə qəbul olunub. "Amnesty İnternational"ın bəyanatını hazırlayan maymaqların nəzərinə çatdırmaq istərdim ki, iki il əvvəl nə UEFA rəhbərliyi və təşkilatın müvafiq strukturları, nə də Azərbaycan hökuməti və AFFA 2019-cu ildə Avropa Liqasının finalına İngiltərənin iki klubunun çıxacağını təxminləyə bilməzdilər.

Azarkeşlərin Bakıya gəlməkdə "çətinlik" çəkməsi ilə bağlı deyilənlər də absurddur. Məyər britaniyalı azarkeşlər Londondan çox uzaqdakı Cənubi Afrika Respublikasında, Sinqapurda, Avstraliyada, Nigeriyada, Meksikada, Nikaraquada, Hindistanda və s. bu kimi ölkələrdə keçirilmiş yarışlara yollanmayıblar?! Bəlkə "Mançester Yunayted"in dünya turunda minlərlə azarkeş "qırmızı şeytanları" Bakı ilə müqayisədə dəfələrlə bərbad infrastruktura malik, krimiongen durumu ifrat təhlükəli olan şəhərlərdə müşayiət etməyiblər?!

Və ən nəhayət, məgər sutkada 120 min sərnişini (!) qəbul etmək gücünə malik Heydər Əliyev hava limanı matça hazırlanmayıbmı, AZAL London-Bakı-London istiqamətinə əlavə avialaynerlər buraxmayıbmı?

Reallığı görməyərək özlərini korluğa vuranları, əslində, nə Azərbaycan maraqlandırırdı, nə Azərbaycanın problemləri, nə də Azərbaycanın insanları. Yalnız pul.

Qərb görür və deyir

"Mayın 29-da Bakıda Avroliqanın final matçında "Arsenal" və "Çelsi" qarşılaşacaqlar. Bakıda əsl futbol bayramı olacaq. Eyni zamanda Bakının necə gözəl ölkə olduğunu, yaşam üçün çox rahat məkan olduğunu bütün dünya görərdi. Bakıda ailəmlə birlikdə illərlə yaşamışam və oranın necə də gözəl, təhlükəsiz yer olduğunu bilirəm".

Bu sözlər ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzaya məxsusdur.

M.Brayza "Arsenal"ın erməni futbolçusu H.Mxitaryanın Bakıya gəlməkdən boyun qaçırmasını yanlış qərar sayır.

"Mxitaryanın təhlükəsizliyin təminatı ilə bağlı məsələləri bəhanə edərək Bakıya getmək istəməməsi məni təəssüfləndirdi. Yəqin onun şəxsi qərarıdır. Lakin qərarı müdrik saymıram. Onun Bakıda meydana çıxanda təhlükəsizliyin təminatı ilə qayğılanması üçün heç bir səbəb yoxdur. Bakıda olan, orada rahat gəzib-dolaşmış çox erməni tanıyıram. Futbola siyasəti qatmaq olmaz. Matç Bakının gözəlliyini bir daha nümayiş etdirəcək", - Brayza deyib.

Amerikalı siyasətçi və diplomatın mövqeyini Qərbdə yüzlərlə, minlərlə KİV də bölüşür. Məsələn, "Footbal Nation Radio",  "The Citizen", "Sport 24", AFP, Reuters, "The İrish Times", "Metro", "İnside World Football", "Sports İllustrated", "Marca", "Kicker", "Ronaldo.com", "The Week", "Stuff", "Forbes", "The National", "Fox Sports", "Mena FN" kimi. Sadalanan mediaların istisnasız olaraq hamısı Bakını ən təhlükəsiz, modern şəhərlərdən biri sayır, Avroliqanın finalına hazırlıqların çox yüksək səviyyədə olduğunu vurğulayırlar.

Gəlmirlər, heç gəlməsinlər

"Arsenal"ın erməni oyunçusu Henrix Mxitaryan Bakıya gəlməkdən boyun qaçırdı, ermənilər və "topçular"ın rəhbərliyi bunu faciə kimi qələmə verdilər.

Daha sonra rusiyalı jurnalist, bloqer və idman şərhçisi Vasili Utkin də Twitter-də yazıb: "Henrix Mxitaryanla bağlı vəziyyətə görə dərin təəssüf hissi keçirirəm. Təyyarəyə aldığım bileti qaytardım. Matça bileti isə heyvanlıq və tamahkarlıqla yarıbayarı olan idiotizmdən xatirə kimi saxlayacağam".

Mxitaryanla Utkin gəlməyəcəklər.

Heç gəlməsinlər.

Onların gəlməməsi, belə idiotik davranışları heç nəyi dəyişə bilməz. Belə insanların qərarlarına, sadəcə, pul təsir edir. Əmin olun ki, elə həmin Utkinə müəyyən məbləğ təklif olunsaydı, nəinki Bakıya gələr, hətta burada dilimizdə mahnı oxuyub yallı da gedərdi.

Henrix Mxitaryanın inkarı, Vasili Utkinin "təəssüfü", əslində, nə Azərbaycana, nə də UEFA-ya əsla təsir etməyən nüfuzsuz, sıradan bir donquldanma, jest və futbolun siyasətə qarışdırılması cəhdi olan çirkinlikdir.

İt hürər, karvan keçər.

Mxitaryan mayın 29-da "Arsenal"-"Çelsi" matçında meydana çıxmayacaq, V.Utkin o matçı tribunadan izləməyəcək.

Heç nə dəyişməyəcək.

Matç olacaq, kimsə də bu adamların yoxluğunu hiss etməyəcək.

Və sonda...

2018-ci ilin sentyabrında, Avropa Liqasının qrup mərhələsində "Arsenal"ın Bakıda "Qarabağ"la qarşılaşmasından öncə elə həmin Vasili Utkin yazmışdı:

"Mövqem budur ki, azərbaycanlılarla ermənilərin qarşılıqlı münasibətləri əsla mənim işim deyil. Bakıda da, İrəvanda da yaxın dostlarım var. Dərin təəssüf hissi ilə vurğulayıram ki, Henrix Mxitaryanın Bakıya, Avropa Liqasının matçına getmək məsələsi xırda, heç nəyə təsir etməyən məsələdir. Fikrimi bildirmək istəmirəm. Lakin təsəvvür etsək ki, Henrix Mxitaryan məndən məsləhət istəsə, ona Bakıya yollanmasını tövsiyə edərdim. O, məndən heç nə soruşmayacaq və düz də edəcək. Amma mən ona yollanmağı məsləhət görərdim, çünki bu səfərdə Henrixə heç nə olmayacaq. Ən uzağı dözər, çünki kişidir. Əgər tribunalardakı azarkeşlər onun qərarına yaxşı reaksiya verərək addımını dəyərləndirsələr, yaxşı nişanə olardı".

Yəni V.Utkin ötən il erməni V.Mxitaryana Bakıya yollanmağı məsləhət görürdü, çünki əmindi ki, ona heç nə olmayacaq?

Ötən ildən bəri Azərbaycanın mövqelərində heç nə dəyişməyib.

Dəyişən erməni Mxitaryanın Bakıya gəlməkdən imtina etməsi ilə bağlı ifrat şişirdilən, Utkinin təbirincə desək, heyvani və idiotik şəkildə təqdim olunan vaysınmalar, Azərbaycana qarşı kampaniyadır.

Kampaniyanın çox pis qoxusu var.

Azərbaycanı həmişə və hər yerdə "təhlükə mənbəyi" kimi qələmə verən bəlli ermənilər, onların pul ayırdıqları strukturlar, həmin strukturlarda erməni pullarından vəcdə gələn şərəfsizlərin kəsif iyidir o qoxu.

Həm də V.Utkinin şərhçi işlədiyi "Matç TV"dən qovulmasına səbəb olan narkotik maddələrin də "rayihəsi" sezilir.

Qarınqululuq, tamahkarlıq, narkotik maddələrin qəbulu, kobudluq, ikiüzlülük - Vasili Utkinin bu məcazları barədə Rusiyanın ən məşhur idman saytlarının forumlarında çox yazılır.

Buna bir daha əmin olduq...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.