Siyasət

"Azərbaycan xalqı “Amnesty İnternational” təşkilatının hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir"

23 May 2019 10:45
Baxış: 662

"Amnesty İnternational" təşkilatının Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlər dünyada ikili standartların mövcud olmasının daha bir göstəricisidir.

Milli.Az bildirir ki, bunu Trend-ə  Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, "Amnesty İnternational" korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurumdur və ayrı-ayrı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir:

"Azərbaycanda həmişə mühüm tədbirlər keçirilən ərəfədə "Amnesty İnternational" kimi təzyiq aləti olan təşkilatlar hərəkətə keçir və ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. Əlbəttə ki, bunun da səbəbi Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun durmadan artmasıdır. Azərbaycanın bu inkişafı, müstəqil siyasətindən narahat olan bəzi xarici dairələr əllərinə fürsət düşdükcə ölkəmizə təzyiq göstərməyə cəhd edirlər. Bu baxımdan UEFA Avropa Liqasının final matçının keçirildiyi ərəfədə Azərbaycana qarşı növbəti çirkin kampaniyaya başlayıblar və əsassız, qərəzli fikirlər səsləndirirlər".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan indiyə qədər çoxlu sayda beynəlxalq tədbirlərə, idman yarışlarına çox uğurla ev sahibliyi edib:

"Avroviziya" mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər beynəlxalq yarışların ölkəmizdə yüksək səviyyədə keçirilməsi bunun bariz nümunəsidir. Formula 1 yarışmasının ölkəmizdə daha 3 il keçirilməsi ilə bağlı sazişin imzalanması beynəlxalq aləmdə ölkəmizə olan etimadın aydın göstəricisidir. Ona görə "Amnesty İnternational" kimi çirkli reputasiyaya malik, başqalarının əlində alət olan bir təşkilatın kimisə ittiham etməyə, ədalət, şəffafllq, demokratiyadan danışmağa haqqı yoxdur".

A.Hüseynov vurğulayıb ki, bu təşkilatlar öz çirkin kampaniyaları ilə heç vaxt məqsədinə nail ola bilməyib və bundan sonra da olmayacaq: "Bu təşkilatlar ayrı-ayrı ölkələrlə bağlı qeyri-obyektiv, ədalətsiz və qərəzli fikirlər səsləndirməklə özlərini nüfuzdan salırlar. Azərbaycan xalqı müdrik xalqdır və bu cür təşkilatlarn hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.