Siyasət

Deputat: "Səhvlərini etiraf edərək doğru yola gəlib əfv diləmək heç vaxt gec deyil"

22 May 2019 20:07
Baxış: 757

Təsdiqini tapmış faktdır ki, söyüş və həqarət aciz, mənəvi cəhətdən zəif insanların işidir. Öz mənəvi gücünə və potensialına arxayın olanlar kimisə söyməyə, təhqir etməyə qətiyyən ehtiyac duymurlar.

Milli.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Hüseynbala Mirələmov deyib.

H.Mirələmov xaricdə məskunlaşıb anti-Azərbaycan qüvvələrdən aldıqları qrantların "havasına oynayan" Orduxan kimilərin hərəkətlərini təkcə hakimiyyətə qarşı deyil, birbaşa dövlətçilik, Vətənimizə və xalqımıza yönəlmiş söyüş və həqarət ritorikası üzərində bərqərar olan "dəyərsizliklər" fəlsəfəsi kimi səciyyələndirib:

"Xalq bu dövlət və dövlətçiliyə qarşı yönələn həqarəti bağışlamaz. Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni uğurlarını görməzlikdən gəlib yalan ilə öz əqidəsini alver predmetinə çevirənlər ən azından tarixin yaddaşından və xalqın qəzəbindən çəkinməlidir! Orduxan kimilər elementar insanlıq tərbiyəsindən uzaq addımları ilə xalqın nifrətini qazanırlar. Bunlar hələ ki havasına oynadıqları "xəyanət melodiyasının" təsiri altında dünyada ən böyük itkilərdən birinin məhz xalqın gözündən düşmək olduğunu dərk etmirlər".

H.Mirələmov üzünü anti-Azərbaycan qüvvələrə tutaraq deyib: "Nə qədər gec deyil, mənsub olduğunuz xalqın mental dəyərləri, minilliklərdən bəri formalaşmış ənənələri və yazılmamış qanunlara göz yummayın. Xalqın həmin ali mental dəyərlər sistemində kişi kişinin şəxsiyyəti və ailəsinə söyüş və təhqirlə xitab etmir. Kişi ya kişi kimi mübarizə aparmaq yolunu seçər, ya da gücü, potensialı yoxdursa, məğlub olduğunu etiraf edib meydanı tərk edər".

Millət vəkilinin sözlərinə görə, səhvlərini etiraf edərək doğru yola gəlib əfv diləmək heç vaxt gec deyil: "Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun bu günlərdə səsləndirdiyi "Xaricdə yaşayan bəzi mühacir azərbaycanlıların etiraflarını, onların dövlətimizlə əməkdaşlıq etmək istəyini yüksək qiymətləndiririk. Biz istəyərdik ki, Azərbaycanın siyasi həyatında iştirak edən insanların hər biri ölkəmizin maraqlarına xidmət etsin və bu maraqları daim uca tutsunlar, dövlətimizin maraqlarına uyğun fəaliyyət göstərsinlər" kimi qiymətli fikirləri də demokratik və bəşəri dəyərlərləri həmişə yüksəkdə tutan Azərbaycan hakimiyyətinin siyasi tövbə qapılarının doğru yola gələn hər kəsin üzünə açıq olduğunun sübutudur".

H.Mirələmov əlavə edib ki, müstəqil və suveren Azərbaycanın milli dövlətçilik maraqları hər şeyin fövqündədir. Bu maraqları qorumaq isə harada yaşamasından, hansı dinə, əqidəyə və dəyərlər sisteminə mənsub olmasından asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcudur.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.