Siyasət

Əli Kərimli təlaşa düşüb: səbəblər fərqlidir

20 May 2019 12:48
Baxış: 4 820

Azərbaycanın daxili siyasətində mövsümi fəallaşmalar qlobal iqlim dəyişiklərindən yox, lokal və regional siyasi proseslərdən asılı olur. Ölkəmiz hansısa istiqamətdə irəliləyişə nail olan kimi daxildəki müxalifət "aslan"ları ilə xaricdəki "müstəqil bloqer"lər və siyasi "fəallar" səs-səsə verirlər.

İllər, hadisələr, şərtlər və proseslər dəyişir, amma bu adamların lüğətləri, tələbləri və istəkləri eynidir.

"Azadlıq!", "Rədd olsun!", "İstefa!" Artıq klişeyə dönən, köhnələn və məzmun baxımından heç bir yeni çalara malik olmayan bu ifadələr radikal müxalifətimizin siyasi mübarizə nəqəratı sayıla bilər.

Əfsuslar olsun ki, konstruktivlikdən çox uzaq müxalifətin "lider"i olduqlarını iddia edən şəxslərin bəyanatlarında və çıxışlarında, açıqlamalarında və müsahibələrində aqressiya azalmır. Əksinə, artır.

AXCP, Müsavat, "Milli Şura" və s. strukturlar ölkədə güclü protest kütləsinin mövcudluğundan bəhs edirlər. Halbuki ayrı-ayrı sosial qrupların narazılığı deyilənlərin və sosial şəbəkələrdə göstərilənlərin tam tərsinə olaraq "demokratiya uğrunda inqilab", yaxud da ümummilli etiraz hərəkatı deyildi, ola da bilməzdi.

Di gəl, AXCP sədri Əli Kərimli məntiqin ləngər vurub sakitləşdiyi mərhələyə keçmək istəmir, kin və küdurətini ifrat yalanlara yükləyir, illüziyalarını olanlar, xəyallarını gerçək, olmayanları isə həqiqət kimi təqdim edir.

Məhz bu səbəbdən o, vətəndaş cəmiyyəti ilə hakimiyyət arasındakı münasibətlərin çağdaş formatını görsə də, gerçəkləri öz baxış bucağından təqdim edir.

Təqdimatsa əksər hallarda yalan olur.

Siyasi partiya sədrindən bloqerliyə tənəzüll edən, daha doğrusu, mutasiyaya məruz qalan Əli Kərimlinin "yaradıcılığı"nın son əsərlərindən biri Tural Sadıqlı ilə bağlıdır.

"Rejim özünü ifşa etməkdə davam edir. Bir tərəfdən saxta təbliğatla guya mühacirləri Vətənə qayıtmağa dəvət edirlər, o biri tərəfdən də onlara qarşı cinayət işləri başladırlar, qohumlarını incidirlər, özlərinə qarşı qara piar aparırlar. Sevinc Osmanqızına qarşı başlatdıqları mənəvi terror bumeranq effektilə özlərini vurduqdan sonra da ağıllanmayıblar. Almaniyada yaşayan bloqçu, "Azad söz" Feysbuk səhifəsinin və Yutub kanalının sahibi Tural Sadıqlıya qarşı cinayət işi başladıblar. Tural bəyin sərt tənqidi, sosial aksiyaları xüsusi bacarıq və həvəslə işıqlandırması rejimi təntidib. Çarəni rəsmi cinayət işi başlatmaqda görüblər. Yenə də təsdiq olundu ki, rejim həqiqətlərin yayılmasından qorxur. Siyasi mühacirlərə isə münasibət dəyişməyib. Rejim yalnız "islah olunmuş" mühacirləri Azərbaycanda görmək istəyir. Tural bəy isə möhkəmdir və artıq bəyan edib ki, ona qarşı cinayət işi açılması mövqeyini dəyişə bilməz", - Əli Kərimlinin fantasmaqorik təxəyyülünün məhsulu olan "status"da yazılıb.

İqtibasın belə həcmli təqdimatında məqsədimiz heç də Əli Kərimlinin yazar və bloqer fəaliyyətinin kiçik əksi deyil.

Məram onun kimi və niyə müdafiə etməsidir.

Tural Sadıqlı barədə xoşagəlməz iddiaların sayı az deyil.

BDU-dan qovulan Tural Sadıqlı yarımçıq qalmış təhsilini Naxçıvan Dövlət Universitetinin (NDU) magistraturasında davam etdirərək, bu sistemdə təhsil ala-ala işə də götürülmüşdü. Fəqət, T.Sadıqlı bu dəfə də dinc dayanmayaraq, NDU-da təhsil alan Mona Zeydan adlı misirli qıza evlənəcəyini vəd edir. T.Sadıqlı NDU-nun yardımı ilə Misirə elmi ezamiyyəyə gedərkən Mona ilə dini nikah kəsdirir. Amma bu "nikah" Azərbaycanda rəsmiləşdirilmir. Çünki o, eşq macəralarını davam etdirirdi. Artıq ali təhsil müəssisəsində onun barəsində kifayət qədər pozğun həyat tərzinə söykənən söz-söhbətlər yaranmışdı və oradakı şəxslər Sadıqlını qeyri-ciddi fərd kimi tanımağa başlamışdı. Nəticədə Turalın pozğunçu və tərbiyəsiz hərəkətlərindən bezən tələbə qızların, eləcə də universitetin gənc xanım əməkdaşlarının şikayətlərinə əsasən o, NDU-dan da uzaqlaşdırılır.

İddialardan birinə görə, o, 2016-cı ildə Almaniyanın Nürenberq şəhərində qaçqın statusunda yaşayarkən, bir xoşməramlı ailə onu necə deyərlər, "baş-göz", yəni evləndirmək qərarına gəlib. Bu məqsədlə Sadıqlını evləndirmək istəyən ailə Moskvada yaşayan digər dost ailənin qızını onunla tanış ediblər və nədənsə Tural qızın ailəsinə Almaniyada daimi yaşayış izni olduğunu yalan söyləyib. Halbuki, o, bu yalanı ilə başqa bir ailənin heysiyyatı ilə oynayıb və qızı Nürenberqə gətirəndən sonra onu qaçqın statusu ilə düşərgəyə yerləşdirib. Düzdür, o, toy da edib, həmin qızla evlənib də. Amma..

Həyat yoldaşı dörd aylıq hamiləykən, ondan ayrılmaq qərarına gəlib - səbəbi döyülərək iki dəfə xəstəxanalıq olması və s. hadisələrdir.

Amma evləndiyi gündən özünə həyat yoldaşı etdiyi həmin qıza gün-güzəran verməyən T.Sadıqlı demə həyatda özünü "mülayim" göstərdiyi kimi insan da deyilmiş. Buna sübut kimi, Turalın hər gün onu döyməsi və nəticədə yoldaşının iki dəfə xəstəxanaya düşməsi faktını göstərmək olar. Belə davam edə bilməyəcəyini görən xanım, Turaldan ayrılmaq qərarını verib, özü də dörd aylıq hamilə olduğu vəziyyətdə...

T.Sadıqlı hələ də daimi oturum izni ala bilməyib. Çünki onun keçmiş həyat yoldaşı ondan bir qız övladı dünyaya gətirsə də, Almaniya hökumətinin müvafiq qurumlarından Turalı atalıqdan məhrum edən sənəd alıb. Əlbəttə ki, burada T.Sadıqlının onu iki dəfə möhkəm döyərək, xəsarətlər yetirərək xəstəxanaya yerləşdirilməsindən tutmuş, digər bəd əməlləri onun daimi oturum izni almaq şansını sıfıra endirib. İndi də həmin izni ala bilməyən T.Sadıqlı yenidən övladına atalıq haqqı almaq üçün məlum əməllərə al ataraq, kimlərinsə sifarişlərini həyata keçirir.

İndi özünü "yeni müxalifət" elan edən Tural Sadıqlı mühacir qismində yaşadığı Almaniyada "Avropa Demokratiyaya Dəstək Alyansı" (ADDA) adlı təşkilat qurduğunu bəyan edib. O, sosial şəbəkələrdə "Azad söz" adlı resursun da sahibidir.

Fasiləsiz olaraq Azərbaycan dövlətinin və xalqının maraqlarını, atributlarını aşağılayır, bu minvalla siyasi kapital toplamağa can atır, siyasəti biznesin ən primitiv formasına çevirir.

Əli Kərimli Facebook-dakı açıqlamasında "Rejim yalnız "islah olunmuş" mühacirləri Azərbaycanda görmək istəyir" ifadəsini də yazıb. "İslah olunmuş" dedikdə AXCP sədrinin "Meydan TV"nin sabiq rəhbəri, postundan istefa vermiş Emin Millini nəzərdə tutması şübhə doğurmur.

Kərimlini qıcıqlaqdıran məsələ isə Emin Millinin hakimiyyətlə müxalifət arasında dialoqun vacibliyini, ölkənin və millətin maraqlarının şəxsi mənafeyə qurban verilməməsinin gərəkdiyini bəyan etməsidir.

Bu bəyanatdan sonra Əli Kərimlinin sosial şəbəkələrdəki trolları Emin Millini hədəfə aldılar, söyüş və təhqirlərə keçdilər.

Eyni vəziyyət indi müşahidə olunur.

Azərbaycan hakimiyyəti müxtəlif ölkələrdə mühacir kimi yaşayan soydaşlarımıza Vətənə qayıdışı təklif edir. Proses artıq başlanıb və AXCP sədrini də qıcıqlandıran, təbdən çıxaran, qeyri-adekvat davranmağa və isterik bəyanatlar verməyə vadar edən məqam da budur.

O təlaşdadır, düşünür ki, mühacirlərin Azərbaycana qayıdışı hakimiyyətin tənqidçilərinin sayının avtomatik azalmasıdır və bu səbəbdən də radikal müxalifətlə işbirliyində söyüş ritorikasından faydalanan marginalların, şizoidal təfəkkür daşıyıcılarının ümidinə qalacaq.

Əli Kərimlidə kin, küdurət və nifrət o həddə çatıb ki, sosiopat, yaxud manyak birisi Azərbaycan hakimiyyətini tənqid edərsə, mütləq onu dəstəkləyəcək.

Siyasi fyəaliyyət etikasının bütün hədlərini aşan, epatajın bütün çərçivələrini darmadağın edən AXCP sədri onun maraqlarına cavab verən, mənafelərini təmin edən istənilən adamı çox asanlıqla "mübariz", "siyasi məhbus" elan etməyə həmişə hazırdır.

Sadalanan və hələ sadalamadığımız səbəblərdən Əli Kərimlinin ətrafında müstəqil, AXCP sədrinin volüntarist kursundan fərqli düşünən kimsə qalmayıb. Belə adamların hamısı ya partiyanı tərk edib, ya qovulub.

AXCP sədrinin yaxın ətrafındakıların total əksəriyyəti siyasi reneqatlar, "demokratiya zombiləri"dir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.