Siyasət

"Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşdır"

19 May 2019 10:15
Baxış: 487

Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulması, transmilli layihələrin reallaşması, qlobal təhlükəsizlik məsələləri, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Həmçinin Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur.

Milli.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan deputat Pərvin Kərimzadə deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın bu cür nailiyyətlərinin praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir. Azərbaycan daim ayrı-ayrı xarici dövlətlər, o cümlədən, qonşu ölkələrlə ikitərəfli münasibətlərinə xüsusi əhəmiyyət verir:

"Prezident İlham Əliyevin Belçikaya etdiyi işgüzar səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini göstərdi. Bir daha təsdiq olundu ki, ölkəmiz Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaş kimi qiymətləndirməsi bunu bir daha təsdiq edir. Görüşdə Azərbaycan Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində fəal əməkdaşlığa da toxunulub, ölkəmizin istər Şərq Tərəfdaşlığı çərçivəsində, istərsə də ikitərəfli formatda Avropa İttifaqı ilə yaxından əməkdaşlığı xüsusi qeyd olunub. Həmçiinin Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin çox uğurla inkişaf etdiyini və ölkəmizin bu əlaqələrin genişlənməsinə böyük önəm verdiyini diqqətə çatdırıb.

Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyində iştirak edən Prezident İlham Əliyev Azərbaycanın dünyanı, xüsusən də Avropa İttifaqını düşündürən ən vacib məsələyə enerji təhlükəsizliyinə töhfə verdiyini, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqlarının onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunduğunu diqqətə çatdırıb".

P.Kərimzadə qeyd edib ki, Avropa İttifaqı ilə əməkdaşlıq bu gün müxtəlif istiqamətləri əhatə etməklə münasibətlərə yeni çalarlar gətirib: "Təkcə onu xatırlatmaq yetər ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsinə Avropa İttifaqı ilk gündən dəstək verib, Azərbaycanla strateji tərəfdaşlığı, ticarət əlaqələrini davam etdirməkdə maraqlıdır. Eyni zamanda Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu, qəbul olunmuş ikitərəfli sənədlərdə də özünü aydın göstərir. Birmənalı şəkildə bildirmək olar ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramında iştirak edən bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir".

Deputat vurğulayıb ki, müstəqil ölkəmizin yürütdüyü xarici siyasətin məzmunu Azərbaycanın siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu göstərir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yalnız Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.