Siyasət

Brüsseldə Bakı gerçəyi: Avropa Azərbaycanla ittifaq qurur

18 May 2019 13:54
Baxış: 1 919

Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfərini ermənilər "fiasko" adlandırdılar. Xarici ölkələrdəki erməni diaspor təşkilatlarının yekdil rəyi belə oldu: "Vovaeviç diletant olduğunu bir daha sübut etdi".

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çəkilmiş protokol fotosu Paşinyanın miskinliyinin sübutu da sayıla bilərdi.

O, arxa cərgədə durub boylanırdı. Söz yox, istənilən sammitdə və ya önəmli tədbirdə dövlət, hökumət başçılarının birgə fotosunun diplomatik etiketə görə subliminal mesajları var. Həmin mesajların arasında ən önəmlisi fotoda kimin harada durmasıdır.

Ev sahibi, yəni qəbul edən tərəf sayılan ölkənin lideri bir qayda olaraq ortada durur, sammit iştirakçıları, yəni qonaqlar da onun yanında. Diplomatik etiketin yazılmamış qanunlarına görə, duruş ya əlifba sıralaması ilə, ya da ev sahibi olan dövlətin maraq və mənafelərinin izharı sayılacaq səflə olur.

Bir qayda olaraq, ön cərgədə sammiti qəbul edən ölkənin ən çox diqqət və önəm verdiyi ölkələrin başçıları, liderləri dururlar.

Tuskun yanında Azərbaycanın dövlət başçısı İlham Əliyev vardı.

Paşinyansa arxa sırada idi. Özü də kamera qarşısındakı məktəbli kimi, boynunu uzadaraq olduğundan daha ucaboy və ən başlıcası, "mühüm görkəmli" görünmək istəyirdi.

Fotolar, xüsusilə də protokol fotolarındakı siyasi çalarları anlamaq gərək.

Anlamayanlar o çalarları sonradan reallaşan anlaşmalarda arayır, tapmayanda isə maraqlarıınn nəzərə alınmadığından vaysınırlar.

Ermənistan kimi.

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı Azərbaycanın yerini, mövqeyini və önəmini bir daha göstərdi.

Ölkəmizin Avropa İtiifaqı üçün Cənubi Qafqaz bölgəsində tərəfdaş və müttəfiq qismində ən üstün mövqelərə malik dövlət olduğu təsdiqləndi.

O da vurğulandı ki, Avropa İttifaqı (Aİ) ilə "Şərq tərəfdaşlığı" ölkələri arasında birgə iş on ilin tamamında bitməyib, əksinə yeni başlayır.

Söz yox, 10 il ərzində çox iş görülüb. Onillik əməkdaşlıq müddətində Avropa İttifaqı və tərəfdaş dövlətlər işlərini bitirmədiklərindən əsas proseslər hələ yeni başlayır. Söhbət islahatların reallaşdırılmasından, bütün imkanların istifadə olunmasından gedir. Son 10 il müddətində Aİ işgüzar mühitin möhkəmlənməsinə, rəqabətqabiliyyətliliyin artırılmasına mühüm vəsait yerləşdirib.

Fəqət, Azərbaycanın dövlət başçısı İlham Əliyevin "Şərq Tərəfdaşlığı" proqramının zirvə toplantısına səfəri, oradakı nitqləri, keçirdiyi görüşlər və müzakirə etdiyi məsələlər Brüssellə Bakı arasındakı əlaqələrin yeni, keyfiyyətcə üstün müstəviyə daşınmasına güclü təkandır.

Çünki Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər hər iki tərəf üçün strateji xarakterli münasibətlərdir. Azərbaycan üçün bu münasibətlərin yüksək səviyyədə qurulması həm siyasi həm də iqtisadi baxımdan olduqca böyük önəm kəsb edir.

Ən azı ona görə ki, Avropa İttifaqı hazırda dünya siyasətini müəyyənləşdirən, beynəlxalq nizamın keyfiyyətinə mühüm təsir göstərən kollektiv ittifaq olmaqla həm də hərbi - siyasi baxımdan dünya siyasətində imperativ geosiyasi güc mərkəzlərindən biridir və belə mövqeyini bütün çağırışlara rəğmən daha da möhkəmlədir.

Son dövrlərdə Azərbaycanla Avropa İttifaqı ölkələri arasında iqtisadi-ticarət əlaqələri də genişlənir. Avropa İttifaqına daxil olan ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşları qismində çıxış edirlər. Ölkəmizin xarici ticarət dövriyyəsinin, demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələrlə aparılır və Avropa İttifaqı ölkələri Azərbaycanın əsas investorlarıdır. Respublikamıza xarici sərmayələrin 50 faizi məhz Avropa İttifaqından daxil olur.

Avropa İttifaqı həm də yeni dünyanın yeni sənaye inqilabının beyini, əsrimizin innovasiyalar və yeni texnologiyalar qəlbidir.

Məhz bu səbəbdən Azərbaycan mümkün vasitələrdən yararlanaraq Avropa İttifaqı ilə əlaqələri intensivləşdirmək, dərinləşdirmək və miqyas baxımından genişləndirməyə çalışır.

İstək qarşılıqlıdır.

Avropa İttifaqı üçün Azərbaycan enerjidaşıyıcılarının təminatının alternativ və güclü mənbəyi, dəyəri baha biçilən beynəlxalq nəqliyyat - kommunikasiya qovşağıdır. Eyni zamanda klassik Şərqə və Asiyaya doğru uzanan strateji yolda mühüm geostrateji rayondur.

Sadalanan məqamları Azərbaycanın yerləşdiyi coğrafiyada 2011-ci ildən sonra formalaşmaqda olan  yeni hərbi-siyasi reallıqlar konteksində qiymətləndirsək o zaman bir daha ölkəmizin Avropa İttifaqına üzv olan dövlətlər üçün nə qədər əhəmiyyətli olduğunu görə bilərik.

Aİ ilə  Azərbaycan arasında mövcud olan  siyasi-iqtisadi münasibətlərin  qarşılıqlı dinamizmi əməkdaşlığın daha geniş platformaya transfer olmasını şətrləndirir ki, bu da hər iki tərəfin maraqları çərçivəsindədəir. Ona görə də 2018-ci ildə tərəflər arasında gələcək münasibətləri hüquqi müstəvidə tənzimləyəcək yeni çərçivə layihəsi hesab edilə biləcək Tərəfdaşlıq prioritetləri adlı sənəd paraflandı və bu sənəddə bir daha Aİ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə etdi. Bu ölkəmiz üçün olduqca əhəmiyyətlidir.

Dövlət başçımız Brüsseldə olarkən ölkəmizin xarici siyasətinin preambulasında duran məqamı - Dağlıq Qarabağ münaqişəsinin çözülməsini, erməni işğalında olan ərazilərimizin qeyd-şərtsiz azad olunmasını və Azərbaycanın ərazi bütövlüyünün bərpasını ön plana çəkdi.

Avropa İttifaqı kimi geosiyasi çəkisi böyük, qlobal strategiyada və siyasətdə əhəmiyyətli yerə malik strukturun dəstəyi Bakı üçün vacibdir.

İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdə bir daha  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə  aparılan danışıqlara toxunması, Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri" sənədinin əhəmiyyəti, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsinin aparılması bir daha bu tərəfdaşlığın nə qədər əhəmiyyətli olmasından xəbər verir.

Brüssel səfəri və oradakı görüşlər eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı sayğı, mənfəət, maraqların təminatı və mənafelərin nəzərə alınması əsasında yüksələn xətlə inkişaf edən münasibətlərin ciddi perspektivlərindən xəbər verir.

Həmin perspektivlərsə Bakı ilə Brüsselə ciddi profisitlər vəd edir.

Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü zamanı Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaşı kimi qiymətləndirdi və Azərbaycanın regionda oynadığı rolun Aİ tərəfindən müsbət qiymətləndirildiyini vurğuladı.

Önəmli, vacib bəyanatdır: Bakının məsuliyyətli, etibarlı, mühüm tərəfdaş olduğunu, ölkəmizin bölgədəki rolunu Brüssel bir daha etiraf etdi.

Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.

Bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq qurulub. Bu özünü daha qabarıq şəkildə enerji sahəsində əməkdaşlıqda büruzə verir. Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu qəbul olunmuş ikitərəfli sənədlərdə də özünü aydın göstərir (2018-ci ildə Prezident İlham Əliyevin Avropa İttifaqının mənzil qərərgahına səfəri zamanı paraflanmış Tərəfdaşlıq prioritetləri adlı sənəddə Aİ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə edib.

Yekun bəyanatın qəbul olunması ilə əlaqədar irəli sürülən bəzi iddiaların əsası yoxdur. Tədbirdə ilkin olaraq tezislərdən ibarət yekun bəyanat verilməsi nəzərdə tutulub. Sonra isə bütün iştirakçı dövlətlərin rəyi də nəzərə alınmaqla Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarının adından ümumi yekun qeydlər sənədinin qəbul olunması qərara alınıb. Bu sənəddə də Aİ-nin əvvəlki illərdə qəbul olunmuş sənədləri, o cümlədən 2017-ci il Brüssel sammitinin yekunları ilə bağlı sənədin müvafiq müddəaları da diqqətdən qaçırılmayıb.

"Şərq Tərəfdaşlığı" proqramında iştirak edən bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinini birmənalı şəkildə dəstəkləyən Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair sənəd hazırlanır. Anlaşmada əsas müzakirə mövzusu enerji və ticarət məsələləridir.

Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşdır və buna görə də öz vətəndaşlarının və şirkətlərinin maraqlarını qorumalıdır. Buna görə də bərabərhüquqlu rəqabət mühitinin formalaşdırılmasına səylər göstərilir. Bu məqam qəbul olunması nəzərdə tutulan tərəfdaşlıq sənədinin əsas qayələrindən birini təşkil edir.

Ən nəhayət, dövlət başçımız İlham Əliyevin Brüssel səfəri Avropa İttifaqına bir daha xatırlatdı ki, rəsmi Bakının yürütdüyü xarici siyasət yalnız Azərbaycanın milli maraqlarının təminatına, ölkənin güclənməsinə və mövqelərinin möhkəmlənməsirnə xidmət edir.

Brüssel mesajı aldı və anladı.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.