Siyasət

Ermənilər arasında müharibə başlanıb

17 May 2019 12:46
2 Şərh     Baxış: 5 158

Ermənistanda hakimiyyətdən kənarlaşdırılmış siyasi qüvvələrlə iqtidar komandası arasındakı mübarizə az qala günbəgün qızışır. Sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyan artıq aşkar şəkildə baş nazir Nikol Paşinyan üzərinə hücuma keçiblər.

Ötən ilin mart-aprel aylarında Qərbin, daha konkret olsaq, ABŞ-ın ssenarisi və dəstəyi ilə İrəvanda reallaşdırılmış "genişmiqyaslı xalq etirazları" nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyan indi həmin prosesin daha kiçik, "mikro" variantını Dağlıq Qarabağda gerçəkləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərini, "prezident" Bako Saakyanı hakimiyyətdən kənarlaşdırmaq niyyətindədir.

Bununla da o, rəqiblərini, daha doğrusu düşmənləri olan R.Köçəryanla B.Saakyanı "karabaxtsi" adlandırılan qarabağlı ermənilərin qisminlə dəstək kütləsindən bilmərrə məhrum etməyə can atır.

Xatırladaq ki, Robert Köçəryan və Ermənistanda yüksək vəzifələr tutmuş bir qrup şəxs 2008-ci ilin martın 1-2-də yaşanmış olaylara görə suçlanırlar.

Konkret olaraq R.Köçəryan həmin günlərdə Ermənistanda konstitusion dövlət quruluşunu devirmək cəhdində, habelə 2008-ci ilin fevral və may aylarında xüsusilə böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

Həmin şəxslər baş nazirin sabiq müavini Armen Gevorkyan, sabiq müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın sabiq rəisi, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovdur.

Dağlıq Qarabağdakı separatçı rejim terror mahiyyətli olmasına rəğmən, "dövlət müstəqilliyi"ni bəyan edib və özünü "dövlət" sayır. Fəqət, reallıq bambaşqadır.

Qarabağlı ermələrin istisnasız olaraq hamısı Ermənistan pasportu daşıyır, Ermənistan vətəndaşları sayılırlar.

Dağlıq Qarabağda tədavül vasitəsi Ermənistan dramıdır və qarabağlı ermənlər Ermənistanın dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına yaşayırlar. Onlara maaşları, pensiyaları, müavinətləri və s.-ni İrəvan ödəyir.

Ən nəhayət, Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan digər ərazilərində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələridir.

Yəni Ermənistanla Dağlıq Qarabağ birləşmiş qablar qanunu əsasında yaşayır və bu səbəbdən İrəvanda yaşananlar bilavasitə qarabağlı ermənilərin həyatına təsir edir.

Nikol Paşinyan da bəhs etdiyimiz amildən yararlanmaq fikrindədir və planını ötən ilin iyun ayında reallaşdırmağa başlayıb.

Məhz həmin zamanda Dağlıq Qarabağın "Milli Təhlükəsizlik Xidməti"nin əməkdaşları ilə yerli sakinlər arasındakı dava qarabağlı ermənilərin genişmiqyaslı etiraz aksiyasına səbəb olmuşdu.

Etirazların iğtişaşlara və "hakimiyyətə hücum"a çevrilməsinə az qalanda "günahkar"lar cəzalandırıldı, yerli "MTX"ın bir neçə zabiti işdən kənarlaşdırıldı.

Ən əsası isə 2007-ci ildən bəri Dağlıq Qarabağı idarə edən Bako Saakyan "prezidentlik" ambisiyalarından əl çəkdiyini bildirdi.

O, 2020-ci ildə səlahiyyət müddəti başa çatandan sonra üçüncü dəfə "prezident" seçilməyə çalışmayacağını dedi.

Xankəndidəki ermənilərsə sakitləşmək bilmirdilər: guya ortada "insanların haqlı etirazları vardı".

Nikol Paşinyan qarabağlı ermənilərə videomüraciət yayandan sonra ara səngidi.

Belə müəmmalı "etiraz"ların səbəbi çox sadə idi: hakimiyyətə yeni yiyələnmiş Nikol Paşiyan "karabaxtsi"lərin, yəni qarabağlı ermənilərin Ermənistanın bütün sahələrində təsir imkanlarını əla bildiyindən onu istənilən an devirmək imkanlarına malik Robert Köçəryanla Serj Sarqsyanı zəiflətmək, onları Dağlıq Qarabağdakı proseslərə maksimum diqqət ayıraraq fikirlərini yayındırmalarını istəyirdi.

Paşinyan istəyinə nail oldu.

Həmin hadisələrdən bir il keçib. Bu il ərzində N.Paşinyan mövqelərini möhkəmlədib, Köçəryan və Sarqsyanın tərəfdarlarını zəiflədib, onlara çox ağır zərbələr endirib və ən başlıcası - Robert Köçəryanın həbsinə nail olub.

Ötən ilin dekabrında keçirilmiş parlament seçkilərində rəhbərlik etdiyi "Mənim addımım" blokunun səslərin 70 faizdən artığına yiyələnməsinə nail olan Nikol Paşinyan özünü rahat hiss edirdi.

Üç ay əvvələdək.

Fevralın sonlarında əvvəlcə Serj Sarqsyanın sədr olduğu Ermənistan Respublika Partiyası, sonra da Robert Köçəryanın tərəfdarları aktivləşdilər. Onlar məruz qaldıqları təqiblərə, həbslərə, siyasi və maliyyə kapitallarının hədəfə alınmasına cavab məqsədilə əks-hücuma keçdilər.

Üstəlik, Nikol Paşinyan onu hakimiyyətə gətirən kütləyə verdiyi vədlərin heç birini (!) gerçəkləşdirə bilmədiyi üçün Ermənistanda baş nazirə inam reytinqi xeyli aşağı düşdü.

Ermənilər indiyədək N.Paşinyana çox nöqsanlarını bağışlayırdılar. Dövlət idarəetmə sisteminə nabələdlik, savadsızlıq, demaqogiya, populizm, sammitlərdə və danışıqlarda "məsum kəndli" davranışları, xarici mediada sürəkli lağlağı, sarkazm və ironiya obyekti olması - bu kimi yarıtmazlıqlara ermənilər bəlkə bundan sonra da dözərdilər.

Amma maaşları artıracağını, korrupsiyanın kökünü kəsəcəyini, pensiya və müavinətlərin məbləğlərini iki dəfə yüksəldəcəyini, Dağlıq Qarabağ problemini həll edəcəyini və s. əməlləri reallaşdıracağını demiş Nikol Paşinyan sadalananların heç birini etmədi.

Daha doğrusu, edə də bilməzdi, çünki Ermənistan iqtisadiyyatı ilə yanaşı, daxili siyasəti də faktiki olaraq Rusiyanın total nəzarətindədir. Moskvanın istəyi və icazəsi olmadan davranmağa can atan Nikol Paşinyan əslində məğlubiyyətə məhkum idi.

Sadəcə, etiraf etmək istəmirdi.

N.Paşinyan Ermənistandakı işsizlik, milli fəlakətə çevrilmiş mühacirət, iqtisadiyyatdakı problemlərin kəskin artımını, xarici və daxili investisiyaların azalmasını dilə gətirmək istəmir. O, habelə xarici siyasətdə Rusiyadan asılılıqdan qurtulmaq əvəzinə Ermənistanın forpost statusunda çabalayaraq vəziyyətini daha da ağırlaşdırdığını da söyləmir.

Bütün bunların nəticəsində Ermənistanda S.Sarqsyan, R.Köçəryan, N.Paşinyan arasındakı siyasi qarşıdurma hazırda informasiya müharibəsinə çevrilib.

Nikol Paşinyana sosial şəbəkələrdə, telekanallarda və saytlarda hücumlar, kompromatların yayılmasından savayı, Ermənistandakı daxili siyasi qarşıdurma Dağlıq Qarabağdakı erməniləri də öz orbitinə çəkib.

Qarabağlı sepparatçılar aşkar şəkildə Robert Köçəryanı dəstəkləyir, onun dərhal azadlığa buraxılmasını tələb edir, Nikol Paşinyanın mətbuat katibini dolayır və ələ salır, sosial şəbəkələrdə Paşinyanı təhqir edir, onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələrdəki görünüşünü və danışığını ironiya ilə şərh edirlər.

İş o yerə çatıb ki, Xankəndidəki separatçı rejimin "Təhlükəsizlik Şurası"nın katibi Vitali Balasanyan açıq-aşkar Nikol Paşinyana lağ edərək deyib: "Azərbaycanla Ermənistanda cəmiyyətlərin sülhə hazırlanmasının vacibliyi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dediklərini Nikol Paşinyanın sözbəsöz təkrarlamasını anlamıram, anlamağa da çətinlik çəkirəm. Axı cəmiyyətləri sülhə hazırlamaq nə deməkdir?! Cənab Paşinyan, bunun nə demək olduğunu izah edə bilərsinizmi? Siz özünüz sülhə hazırlaşırsınız?"

Daha sonra Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan və onun sələfi Arkadi Qukasyan Ermənistanın Baş Prokurorluğuna müraciət edərək Robert Köçəryanın azadlığa buraxılmasını istədilər.

Təbii, Vitali Balasanyan yenə sakit durmadı: "Dağlıq Qarabağdan ünvanlanmış müraciəti Ermənistanda nəzərə almalıdırlar".

Balasanyanın bu açıqlaması N.Paşinyanın mətbuat xidmətinin rəhbəri Vladimir Karapetyanı sinirləndirdi: "Bizə ağıl öyrətməyə çalışanlara məsləhət görərdim ki, məntiqli və təmkinli davransınlar".

Açıqlama Balasanyanı daha da sinirləndirib və o, deyib: "Karapetyan çox balaca adamdır və beləsinin dediklərini şərh etmək istəmirəm".

Beləliklə, indiyədək Ermənistanda aşkar şəkildə görünməyən, daha çox kuluar mübarizəsi formasında cərəyan edən "ermənistanlı-qarabağlı" qarşıdurması indi ən üst səviyyədə yaşanır.

Nikol Paşinyanın mayın 9-da Dağlıq Qarabağa yollanması da münaqişəni dərinləşdirib.

Paşinyanla eyni vaxtda Dağlıq Qarabağa gələn Serj Sarqsyan rəqibindən, daha doğrusu, düşmənindən fərqli olaraq "adi vətəndaşlar"la görüşlərə az vaxt ayırıb, daha çox Qarabağdakı hərbi əməliyyatlarda iştirak etmiş terrorçularla söhbətləşib, yeyib-içib, birgə fotolar çəkdirib.

S.Sarqsyan daha sonra 1991-1994-cü illərdəki hadisələrdən danışaraq "qarabağlı ermənilərin qəhrəmanlıqları"ndan bəhs edib və deyib: "Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi qarabağlı erməniləri eşitmək istəmir".

Devirdiyi S.Sarqsyanın bəyanatı N.Paşinyanın emosiyalarını cilovlaya bilməyərək yaydığı açıqlamaya səbəb olub: "Dağlıq Qarabağda bəziləri iğtişaş, əksinqilab və qarşıdurma məkanı formalaşdırmaq istəyirlər. Deyirəm, eşitsinlər: əgər kimlərsə Dağlıq Qarabağı əksinqilab ocağına çevirməyə can atacaqlarsa, biz Dağlıq Qarabağı inqilab ocağı edəcəyik".

Nikol Paşinyanın bir zamanlar baş redaktor olduğu, indisə arvadı Anna Hakopyanın idarə etdiyi "Haykakan Jamanak" ("Erməni vaxtı") qəzeti isə S.Sarsqyanla R.Köçəryanı hədəfə alıb.

Qəzetdəki son redaksiya məqalələrindən biri "Dağlıq Qarabağda inqilab baş verməlidir" başlıqlıdır.

"Ermənistanda korrupsiyaya, rüşvətxorluğa və süni inhisarçılığa qarşı aparılan mübarizə Dağlıq Qarabağa da sirayət etməlidir! Revanşistlər, əvvəlki hakimiyyətin tərəfdarları bunu istəmirlər, çünki Qarabağdakı bütün təsir imkanlarını itirə bilərlər. Ermənistanda məğlub olan bu adamlar indi qarabağlı ermənilərə bel bağladıqlarını deyirlər. Ermənistanın mövcud hakimiyyətinə Rusiyanın etibar etmədiyi, Azərbaycanın da hər an yeni müharibəyə başlaya biləcəyini qarabağlı ermənilər bilirlər və buna görə narahatdırlar. Sabiq hakimiyyətdəkilər də bu təlaşdan ustalıqla yararlanır, insanların narahatlığından istifadə edirlər. Onlar deyirlər ki, qarabağlı ermənilər Qərbə can atan Ermənistanın hakimiyyətindən mümkün qədər uzaq durmalı, bununla da Rusiyanın mümkün sərt addımlarına zəmin yaratmamalıdır. Başqa sözlə desək, təhlükəsizliklərini təmin etmək üçün qarabağlı ermnəilərin Ermənistandakı proseslərdən mümkün qədər uzaqda durmaları məsləhət bilinir. Halbuki bütün bunlar sabiqlərin ambisiyalarıdır", - məqalədə deyilir.

Nikol Paşinyanın səbr kasası artıq daşıb. O, Dağlıq Qarabağın "hakimiyyət dairələri"ndə Serj Sarqsyanın və Robert Köçəryanın qatı tərəfdarları olan 8 nəfərin işdən kənarlaşdırılması üçün gərəkli işlərin görülməsini tapşırıb.

Ermənistan mediası yaşananları "ermənilər arasında müharibə" kimi dəyərləndirir.

Bu savaşda udan olmayacaq. Uduzacaq tərəf həmişəki kimi, məğlub durumdakı Ermənistandır.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.