Siyasət

Ermənistan həqiqətən sülh istəyirsə, bunu etməlidir - Sevinc Fətəliyeva

14 May 2019 16:45
Baxış: 744

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında həlli dövlətimizin xarici siyasətində başlıca yer tutur. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Milli.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, tərəflər arasında atəşkəs sazişinin imzalanmasından artıq 25 il ötür. Lakin Ermənistan tərəfi bu günədək münaqişənin həlli ilə bağlı heç bir konstruktiv mövqe ortaya qoymayıb:

"Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımlar ziddiyyətlidir və buna biganəlik, sadəcə, təəssüf doğurur. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etmək gücündə deyil. Bu günədək onun bu istiqamətdə həyata keçirdiyi fəaliyyətdən hiss olunur ki, o, atəşkəs rejimindən sui-istifadə edir və bununla da öz məqsədlərini həyata keçirməyə çalışır. Paşinyan sələflərinin siyasətini davam etdirərək təxribatçı və hərbi avantüra xarakterli addımları, ziddiyyətli və cəfəng fikirləri ilə siyasətdən bir daha uzaq olduğunu sübuta yetirir. Onun məntiqsiz bəyanatları daxili auditoriya üçün keçərlidir. Bununla o, hakimiyyətdəki mövqeyini saxlamağa çalışır və beynəlxalq ictimaiyyəti aldatmaq mövqeyini ortaya qoyur. Reallıq isə bundan ibarətdir ki, Azərbaycanın torpaqları hələ də işğal altındadır, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrdə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan bu sənədlərə əməl etməlidir".

Parlament rəsmisi vurğulayıb ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq: "Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüququn normaları da Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Eyni zamanda, Ermənistan rəhbərliyi anlamalıdır ki, özünün gələcəyi və inkişafının yeganə yolu yalnız və yalnız işğalçılıq siyasətinə son qoymasından, zəbt etdiyi torpaqları dərhal tərk etməsindən asılıdır".

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.