Siyasət

Şuşasız 27 il...

8 May 2019 00:04
3 Şərh     Baxış: 1 444

Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 27 il ötür.

Milli.Az Trend-ə istinadən bildirir ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.

1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılıb, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi.

Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.

Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.

Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Roya · 8 May 08:55100

    Gözel şeherimiz,yurdumuzun en esrarengiz bölgelerinden biri.Seni heç görmedim.Gözelliyini,özelliyini hemişe dillerden dinledim,kitablardan oxudum,ekranlardan gördüm.Xalqımız üçün senden ayrı qalmaq çox çetindir.Bu iller erzinde heç unudulmadın.Oradan ayrılan torpağın ustundekiler oldu torpağın altında yatan ecdadlarımız var orada ruhlarımız sene bağlıdır.Bir gün bu ayrılıq bitecek.Cıdır düzü yene er igidlerin meydanı olacaq.Bilirem çaqqalların tapdağı olmaq qürurunu incidir,hiylegerlikleri könlünü bulandırır.Qurdların hesretini çekirsen.Hesretimize sona ereceyi qovuşacağımız gün yaxındadır.Belke de 27 il keçdi yeni nesil meni tanimir sevmez deyirsen.Biz ki,toprağına toxunmamışıq,bes sevgin qelbimize hardan keçibdir ay Şuşam.

    Cavab yaz
    • Anonim
      asi · 8 May 09:3820

      Salam Röya..Çox gözəl şərh yazmısan..Arzularına Amin deyirəm..

      Cavab yaz
  • Anonim
    Melek b · 8 May 09:2020

    Gozel Wusam.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.