Siyasət

"Şərq Tərəfdaşlığı" nağılı: Avropa səhvini anladı

7 May 2019 13:13
Baxış: 1 178

Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" (Eastern Partnership) layihəsinin bu gün 10 yaşı tamam oldu. Azərbaycan, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan təki postsovet məkanının 6 ölkəsinin iştirakı ilə yaradılmış bu layihə indi nə vəziyyətədədir? "Şərq Tərəfdaşlığı" gözləntiləri doğrultdu, yoxsa ekspertlərin on il əvvəl "ölü doğulmuş uşaq" adlandırdıqları bu proqram elə illüziya olaraq qaldı.

Sualları cavablamağa çalışaq.

İki gün əvvəl Slovakiyanın paytaxtı Bratislavada "Şərq Tərəfdaşlığı"na daxil olan ölkələrin və "Vışeqrad" qrupunun (Polşa, Çexiya, Slovakiya, Macarıstan) görüşü keçirilib.

Əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Azərbaycanı XİN başçısının müavini Mahmud Məmmədquliyev təmsil edib.

"Şərq Tərəfdaşlığı" Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsü idi. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna.

"Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib.

Ukrayna, Gürcüstan və Moldova "Şərq Tərəfdaşlığı"na qoşulandan sonra bəyan ediblər ki, onların xarici siyasətdəki başlıca məqsədləri və prioritetləri Avropa İttifaqına daxil olmaqdır.

Təbii ki, eyni addımın rəsmi Bakı tərəfindən atılması və ya Azərbaycanın da "Biz Avropa İttifaqına üzv olmağı arzulayırıq" bəyanatı ilə çıxış edilməsi arzulanırdı.

İllüziya təsiri bağışlayan belə gözlənti, əslində, "Şərq Tərəfdaşlığı" proqramının mahiyyəti ilə ziddiyyət təşkil edir. Nədən ki, bu layihə (və ya proqram) Avropa İttifaqının 2004-cü ilin mayında növbəti genişlənməsindən sonra "yeni qonşular"la, xüsusilə də postsovet ölkələri ilə Avropa qonşuluq siyasətinin fərqli və yeni mərhələsi olmalı idi.

Ən azı ona görə ki, "Şimal ölçümü" və "Aralıq dənizi İttifaqı" kimi layihələr özlərini doğrultmamış, faktiki fiaskoya uğramışdılar.

Brüssel bəyannaməsi və Riqa səhvi

2017-ci ilin noyabrın 24-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində növbəti zirvə görüşü keçirilmişdi. 2015-ci ildə Riqada baş tutan tədbirdə alınan qərarlar bir sıra suallar yaratmışdı. O cümlədən həmin sammitdə qəbul edilən yekun bəyannamədə Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrin bu ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə olunsa da, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir fikir bildirilməmişdi. Brüssel sammiti bu məsələdə mümkün dəyişikliklər kontekstində də maraq doğururdu. Zirvə görüşü göstərdi ki, Azərbaycan diplomatiyası böyük zəhmət hesabına uğur əldə edib. Ermənistan və ona havadarlıq edən dairələrin sammit ərəfəsi apardıqları anti-Azərbaycan kampaniyası diplomatiyamızın çevikliyi və səmərəliliyi sayəsində puç oldu. Brüsseldə qəbul edilən birgə bəyannamədə bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmini birmənalı vurğulandı. Bundan başqa, Prezident İlham Əliyevin dərin məzmunlu nitqi Azərbaycanın həm Avropa İttifaqı, həm də, ümumiyyətlə, bütün beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətləri nə dərəcədə səmərəli qurduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının sammitdə ifadə etdiyi fikirlərin geosiyasi analizi olduqca əhəmiyyətli idi.

Avropa İttifaqı sərhədləri yox, həddi aşmışdı

"Şərq Tərəfdaşlığı" ideyasını 2008-ci ilin mayında Avropa İttifaqının ümumi məsələlər və xarici əlaqələr Şurasının toplantısında Polşanın o dönəmdəki XİN başçısı Radoslav Sikorski təqdim edəndə mübahisələr yaranmışdı.

Bolqarıstan və Rumıniya hesab edirdilər ki, yeni qurum "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı"nın dialoq və əməkdaşlıq forumu qismindəki fəaliyyətini heçə endirə bilər.

Çexiya və Polşa isə əksinə, layihəni müdafiə etmişdilər.

Azərbaycan layihəyə qatılanda "Şərq Tərəfdaşlığı"nın prinsipləri məntiqli və ağlabatandı.

Həmin prinsiplər belə idi:

1. İdarəetmə sisteminin təkmilləşdirilməsi, stabilliyin təminatı

2. Avropa İttifaqınının iqtisadi siyasətinə inteqrasiya və iqtisadi konvergensiya

3. Enerji təhlükəsizliyi

4. Viza rejiminin liberallaşdırılması, insanlar arasında əlaqələrin inkişaf etdirilməsi, qanunsuz miqrasiya ilə mübarizənin gücləndirilməsi.

"Şərq Tərəfdaşlığı" təşəbbüsü habelə Avropa İttifaqı və tərəfdaş ölkələr arasında assosiasiya ilə bağlı ikitərəfli anlaşmaların imzalanmasını da nəzərdə tuturdu. Daha sonra isə bəyan olundu ki, bütün bunlar həmin ölkələrin Avropapın sosial-iqtisadi və siyasi məkanına sonrakı inteqrasiya istiqamətində önəmli addımlar olmalıdır.

Lakin çox qısa müddətdən sonra "Şərq Tərəfdaşlığı"na üzv ölkələr süni dilemma qarşısında qoyuldular: onlar ya irəliyə, "Avropa İttifaqı ilə işıqlı gələcəyə" doğru getməli, ya da "geriləməli" idilər. "Geriləmək" dedikdə Rusiya ilə münasibətlərin mövcud səviyyədə saxlanması nəzərdə tutulurdu.

Daha konkret olsaq, "Şərq Tərəfdaşlığı"na üzv ölkələrin istisnasız olaraq hamısından, o cümlədən Azərbaycandan belə mövqe tələb olundu.

Tələbin məntiqsizliyi və zərərliyi bir kənara - qlobal siyasəti "ağ-qara" və "biz-onlar" tipli bölgüyə uyğunlaşdırmaq cəhdləri, "bizimlə olmayan bizə qarşıdır" məntiqi ilə davranmaq istəyi, sadəcə, yolverilməz idi.

Azərbaycan belə aberrativ, hətta absurd seçimi etmədi və əslində, etmək niyyətində də deyildi. Çünki rəsmi Bakı qarşısında qoyulmuş şərt, əslində, ölkəmizin xarici siyasətinə kobud müdaxilə, dövlətimizə təzyiq cəhdi idi.

Avropa İttifaqı səhvini, deyəsən, gec də olsa anlamağa başlayıb və ölkəmizdəki pərakəndə müxalif siyasi qüvvələrin açıqlamalarının çılğınlıq səviyyəsindəki emosionallığını anlayaraq rəsmi Bakı ilə təmaslara üstünlük verib.

İndi növbə onlarındır

Azərbaycanın dövlət başçısı İlham Əliyevin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaşlıq və ümumiyyətlə, Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı mövqeyi açıq, konkret və aydındır.

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini Bakıda qəbul edərkən o, demişdi: "Dağlıq Qarabağ münaqişəsinə yanaşma məsələsinə gəldikdə, xüsusilə də "Şərq tərəfdaşlığı" zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə, biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir"

Mövqe aydındır. Azərbaycan bundan sonra da müstəqil xarici siyasətini davam etdirəcək. Avropa İttifaqı ilə də əlaqələr həmin prinsip əsasında inkişaf etdirilə bilər. Bakı regionda sülh və barışın tərəfdarıdır. Bunun üçün konkret addımlar atır. Yalnız Qərb mövcud vəziyyəti obyektiv qiymətləndirməli və konkret olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ikili standartlara son qoymalıdır. Eyni qayda ilə süni olaraq Azərbaycanda insan haqlarının pozulması hallarını axtarmağı dayandırmalıdırlar. Bununla bağlı Prezident Avropada dinc nümayişçilərin və etirazçıların üstünə it qısqırdan polisin olmasını xatırladıb. Azərbaycanda isə belə hallar yoxdur. Bunu nəzərə almalıdırlar.

Hazırda Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, multikulturalizm burada dövlət siyasətidir və fərqli mədəniyyətlərin real harmoniyasını təmin edən ölkədir. Onun qarşısında bir problem var: Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla ərazi bütövlüyünü təmin etmək! "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığın perspektivləri də bu məsələ ilə sıx bağlıdır. Rəsmi Bakı artıq bu fikrini qətiyyətlə Brüsselə ifadə edib. Seçim onlarındır

Dövlət başçısının Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı qətiyyətli mövqeyi bəlli: rəsmi Bakı strateji xarakter daşıyan və bərabərhüquqlu əməkdaşlığa əsaslanan əlaqələrin inkişafında maraqlıdır.

Bu fikirlər bir daha göstərir ki, Azərbaycan müstəqil mövqeyindən heç bir halda çəkilməyəcək. Onun istənilən beynəlxalq təşkilatlarla əlaqələri yalnız bu çərçivədə qurula bilər. Konkret Avropa Şurasına gəldikdə isə, ölkə rəhbəri əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli olduğunu ayrıca vurğulayır. Bu o deməkdir ki, Azərbaycanın maraqlarına uyğun olmayan məqamlar davam etsə, ölkə həmin təşkilatı tərk edə bilər və bundan Aİ də zərər görər. Çünki Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi bütün sahələrdə səmərəli, sivil, demokratik ruhlu əməkdaşlıq aparan ölkədir. Bu regionda Azərbaycanı başqa heç bir dövlət əvəz edə bilməz.

Avropa İttifaqı da "Şərq Tərəfdaşlığı" çərçivəsində Azərbaycanla bağlı tutduğu mövqelərinin yanlışlığını anlayıb.

İndi real və konstruktiv tərəfdaşlıq zamanıdır.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.