Siyasət

Yeni qlobal qarşıdurma təhlükəsi: İran neftinə qoyulan qadağanın geosiyasi riskləri

26 Aprel 2019 19:14
Baxış: 1 337

Milli.Az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

ABŞ hökumətinin İrandan neft alan ölkələrə tətbiq etdiyi güzəştin müddəti bitmək üzrədir. Bir neçə aydır ki, bu imtiyaza sahib olan səkkiz ölkə - Türkiyə, Çin, Hindistan, Cənubi Koreya, İtaliya, Yunanıstan, Yaponiya və Tayvan artıq İrandan neft almaqdan imtina etməlidirlər. Üstəlik, həmin ölkələrə tövsiyə edilir ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən neft alsınlar. Bu qərara etirazlar çoxdur. Ancaq İtaliya, Yunanıstan və Tayvan Amerikanın dediyinə əməl edirlər. Digərləri isə hələlik dirəniş göstərirlər. Ekspertlər bütün bunları nəzərə alaraq dünya siyasətində mümkün dəyişiklikləri analiz edirlər. Biz də həmin məsələnin üzərində geniş dayanmağa ehtiyac görürük.

Vaşinqtonun tələbi: maraqların toqquşmasında yeni mərhələ

Ekspertlər əmindirlər ki, Donald Tramp administrasiyasının İrandan neft idxalını azaldan səkkiz ölkəyə güzəşt limitini ləğv etməsində başlıca məqsəd Çinə zərbə vurmaqdır. Çin həmin ölkələr sırasındadır. Amerika üç ay öncə xəbərdar etmişdi ki, Çin, Yaponiya, Cənubi Koreya, İtaliya, Yunanıstan, Türkiyə, Tayvan və Hindistan İrandan neft ala bilərlər, lakin getdikcə onun miqdarını minimuma endirməlidirlər. Bu şərtə onlardan yalnız üçü - Yunanıstan, İtaliya və Tayvan əməl edib. Qalan beş dövlət İrandan tam həcmdə neft almaqda davam edirlər.

Vaşinqton isə bəyan edib ki, may ayının 2-dən etibarən İrandan neft alan ölkələrə qarşı sanksiyalar tətbiq edilməsi məsələsinə baxıla bilər. Amerika rəhbərliyi İranı bütün maliyyə qaynaqlarından məhrum etmək məqsədini gizlətmir. Buna artıq Pekin və Ankara reaksiya verib. Çin ABŞ rəhbərliyinin bu addımını qəbul etmədiyini və beynəlxalq ticarət qaydalarının pozulduğunu ifadə edib. Ankara da kimsənin Türkiyəyə qonşuları ilə necə münasibət quracağını diqtə edə bilməyəcəyini bildirib.

Bunları ekspertlər Çin və Türkiyə üçün müsbət hal kimi qiymətləndirmirlər. Amerikanın sanksiyalarına düçar olmaq mürəkkəb vəziyyət yaradır. Bunu İranla yanaşı, Rusiyanın da acı təcrübəsi sübut edir. İran hazırda maliyyə və iqtisadi cəhətdən çox çətin vəziyyətə düşüb. Ölkədə sosial-iqtisadi problemlər artır, İran pulu sürətlə tənəzzülə uğrayır. Rusiyada da bütövlükdə sosial-iqtisadi vəziyyətin ürəkaçan olmadığı barədə ekspertlər yazırlar. Çinin ümumi iqtisadi durumu haqqında getdikcə şübhəli proqnozlar verilir.

Belə ki, Çin son illər yeni texnologiyalar almaqdan məhrum edilib. Bu səbəbdən ölkənin iqtisadiyyatı xammal əsasında inkişaf yoluna sürüklənib. Bu da Çin iqtisadiyyatını neft və qazdan daha çox asılı hala gətirib. Rusiya ilə imzalanan "Sibir" layihəsinin reallaşması uzun çəkəcək. Bu baxımdan Çinin İran neftinə ehtiyacı böyükdür. Türkiyə də İrandan böyük həcmdə enerjidaşıyıcısı alır. Ona alternativ kimi Rusiya enerjidaşıyıcıları var. Ancaq məsələ ondan ibarətdir ki, ABŞ Rusiyaya qarşı da sanksiya tətbiq etmək siyasəti yeridir.

Bu kimi reallıqlar Amerikanın İran neftinə qadağa qoymasının uzağagedən məqsədlərlə bağlı ola biləcəyi ehtimalını gücləndirir. Ekspertlərin Çin məsələsinə diqqət yönəltmələri əsaslı görünür. Bu prosesin dünya miqyasında ticarət savaşını daha da gücləndirəcəyini proqnozlaşdırmaq olar. Artıq İran rəhbərliyi müəyyən fikirlər ifadə etməkdədir. Şübhəsiz ki, Çin və Rusiya da səssiz qalmayacaq. Ayrıca Türkiyənin Amerikanın tələblərinə əməl etməməsi halında regionda güclənəcək geosiyasi proseslərin üzərində düşünmək lazım gəlir.

Məsələ ilə bağlı qlobal miqyasda yeni bir qarşıdurmanın meydana gəlməsi ehtimalı az görünmür. Bu baxımdan ekspertlər üçün maraqlı olanı Vaşinqtonun neft almaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə işarə verməsini düşündürücü hesab edirlər. Amerikanın açıqca Yaxın Şərqdəki müttəfiqlərinin maraqlarına uyğun addım atdığı özünü büruzə verir. Lakin məsələ ondan ibarətdir ki, həmin ölkələrin regionun bütün dövlətləri ilə münasibətləri normal deyil. Üstəlik, onlar konkret olaraq antiiran mövqeyindədirlər. Bu kimi faktların fonunda Amerikanın qərarı ticari-iqtisadi kontekstdən çox, geosiyasi məzmun kəsb etmiş olur.

Daha konkret ifadə etsək, həm Yaxın Şərq ölkələri, həm də Rusiya və Çin Vaşinqtonun bu addımını dost tövsiyəsi kimi deyil, geosiyasi diqtə olaraq qəbul edirlər. Bu isə o deməkdir ki, Vaşinqtonun atdığı addım bütövlükdə qlobal geosiyasətdə gərginliyi artıra bilər.

Yaxın Şərqdən Asiyaya: yayğınlaşan qeyri-müəyyənlik

Əslində, ABŞ administrasiyası son dönəmlərdə yeritdiyi xarici siyasət kursunun məzmununa uyğun qərar qəbul edib. D.Trampın əsas şüarı belədir: "ilk öncə Amerika". İran nefti ilə bağlı qəbul edilən qərar da birbaşa Amerika maraqlarının təmin edilməsinə yönəlib. Bununla yanaşı, orada başqa bir faktor da mövcuddur. Biz, İsrail-İran münasibətlərini nəzərdə tuturuq. Bu məsələdə vəziyyət kifayət qədər mürəkkəbdir. Sirr deyil ki, yəhudi dövləti İranı Yaxın Şərqdəki mövqelərindən sıxışdırmaq siyasəti yeridir. Bu məqsədlə İrana qarşı Yəməndə, Liviyada, Livanda, Suriya və İraqda addımlar atmağa çalışır. Suriyada İrana məxsus obyektlər bombalanıb. Bundan başqa, ABŞ-ın İran İslam İnqilabının Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatı kimi tanımasında Təl-Əvivin istəyinin ciddi rol oynadığı bildirilir.

D.Tramp özü də gizlətmir ki, İsrailin maraqlarını təmin etmək üçün nə lazımdırsa, edəcək. Təcrübə göstərir ki, ABŞ Prezidenti havayı danışmır. Bu səbəbdən İran nefti ilə bağlı Amerikanın qərarı digər məsələlərlə yanaşı, İsrail-İran münasibətlərini də yeni gərginlik müstəvisinə çıxara bilər. Bu məqam isə bütövlükdə Yaxın Şərqdə geosiyasi mənzərəni xeyli gərginləşdirə bilər. Artıq İran Fars körfəzində hərbi qüdrətini göstərmək qərarına gəldiyini bəyan edib. Bu isə oradan keçməli olan Amerika gəmiləri üçün təhdid deməkdir.

Gözləmək olar ki, Yaxın Şərqdə İsrail və Amerikanın İrana təzyiqləri bütün sferalarda daha da artacaq. Xüsusilə Suriyada İranın mövqeyinin zəiflədilməsi üçün yeni tədbirlər reallaşa bilər. Artıq neftlə zəngin olan və PYD/YPG-nin nəzarətinə keçən Deyr-əz-Zor əyalətinə amerikalılar çox sayda ağır texnika göndərirlər. Həmin texnika orada tunellər qazmaqda və neft quyuları ətrafında qazıntı işləri aparmaqda istifadə oluna bilər. Məsələ ondan ibarətdir ki, bu əraziyə İran iddialıdır. O, Deyr-əz-Zordan keçməklə geniş yol açmaq fikrindədir ki, İranın dənizə çıxışını təmin etsin.

Bu vəziyyətə Tehranın laqeyd qalacağını gözləmək doğru olmazdı. Ancaq Deyr-əz-Zorda hərbi əməliyyatların keçirilə biləcəyi məsələsi aydın deyil. Çünki bu halda həmin ərazi yenidən qarışa bilər və bu, nə Dəməşqə, nə Tehrana, nə də Moskvaya sərf etmir. Digər yandan, İran ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin daha da gərginləşməsi mümkündür. Məlumdur ki, bu iki ərəb ölkəsi Suriyada bir sıra ərəb tayfalarını pulla ələ alaraq İrana qarşı mövqeyə çəkib. Onlar məhz Amerikanın yaratdığı, YPG terror təşkilatının özəyi olan "Suriya demokratik qüvvələri" kürd koalisiyasının tərkibindədirlər. Bu isə o deməkdir ki, Suriyada İranla bu iki ərəb dövləti də toqquşa bilərlər.

Əgər bu vəziyyətə daha geniş geosiyasi prizmadan baxsaq, daha maraqlı bir mənzərə alınar. Görünür, Vaşinqton geosiyasi gərginlik zonasını artıq Çinə qədər genişləndirə bilib. İran neftinə qoyulan embarqo Pekinə istər-istəməz zərər verir. İndi Yaxın Şərqdə geosiyasi mübarizədə terror amilindən geniş istifadə olunursa, hələlik Çinə yaxın bölgələrdə bu, güclü deyil. Ancaq onu da istisna etmək olmaz ki, artıq bu proses tədricən Asiyaya tərəf genişlənir. Əfqanıstan, Pakistan-Hindistan sərhədi, Şri-Lanka, Yeni Zelandiya, Şimali Koreya, Cənubi Çin dənizi bölgəsi barıt çəlləyini xatırladır. Bütün bunlar Çinin sərhədləri ətrafında müharibə ocaqlarının yaradılması deməkdir. İndi də İran neftini almağa qoyulan qadağa ortaya çıxır. Təbii ki, bu, sonuncu adım deyil. Ona bütöv zəncirin bir həlqəsi kimi baxdıqda, Çinin yaxın gələcəkdə ciddi geosiyasi-hərbi münaqişələrlə üz-üzə qala bilməsi ehtimalını istisna etmək doğru olmazdı

Belə bir gedişat özlüyündə çox təhlükəlidir. Geosiyasi mənzərə mürəkkəbləşməklə bərabər, yeni riskləri də meydana çıxarır. Onlar daha geniş ərazidə paylandıqlarına görə, nəzarətə almaq və aradan qaldırmaq xeyli çətindir. Hətta həmin risklərin böyük geosiyasi məkanda xaos yarada bilmək gücündə olduğunu qəbul etmək lazım gəlir. Onun Cənubi Qafqazda geosiyasi nizamsızlıq yaratmaq və erməni terroruna yeni nəfəs vermək kimi mənfur təsirləri də istisna deyil. Bu cür qeyri-müəyyənliklərin meydana çıxması region dövlətlərini daha ehtiyatlı və diqqətli olmağa çağırır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.