Siyasət

Zakir Həsənov Qulam İsakzai ilə görüşüb

22 Aprel 2019 21:47
Baxış: 660

Aprelin 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycanın BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq etdiyini vurğulayan Müdafiə naziri ölkəmizin bu mötəbər təşkilat çərçivəsində hərbi sahədə də əməkdaşlığa başladığını qeyd edib.

Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görülən işlərdən danışıb və BMT-nin bu istiqamətdə fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

Müdafiə naziri bu yaxınlarda Nyu-York şəhərində keçirilən BMT tədbirlərində iştirakını xatırlayıb və burada keçirdiyi görüşlərin nəticələrini qonaqla müzakirə edib.

Q.İsakzai də öz növbəsində Azərbaycanın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirib və Azərbaycan hərbçilərinin sülhə dəstək missiyalarında fəal iştirakına görə öz təşəkkürünü bildirib.

Görüşdə BMT çərçivəsində hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.