Siyasət

Elmar Məmmədyarov polşalı həmkarı ilə görüşüb - FOTO

17 Aprel 2019 15:31
Baxış: 186

Azərbaycanın xarici işləri naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində nazir bu ölkədən olan həmkarı Yaçek Çaputoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, nazirlər arasında keçirilən təkbətək görüşdən sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.

İlk öncə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini diqqətə çatdırıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyini vurğulayan nazir Elmar Məmmədyarov Polşanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə həmkarına təşəkkürünü bildirib.

Eyni zamanda Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və infrastruktur layihələri haqqında məlumat verən nazir Elmar Məmmədyarov bu xüsusda Cənub Qaz Dəhlizinin əhəmiyyətini diqqətə çatdırıb. Eləcə də, Trans-Xəzər və Cənub-Qərb nəqliyyat dəhlizləri haqqında danışan nazir Elmar Məmmədyarov Azərbaycanın Polşa ilə bu istiqamətdə əməkdaşlıq etdiyini və bu münasibətlərin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Nazir Yaçek Çaputoviç iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirib. O, Polşanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığını dəstəklədiyini vurğulayaraq ölkəsinin Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafında maraqlı olduğunu xüsusilə vurğulayıb.

Nazirlər iki ölkə arasında qarşılıqlı səfər mübadiləsi, ticarət dövriyyəsinin artırılması və müqavilə-hüquq bazasının genişləndirilməsi kimi məsələləri müzakirə ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.