Siyasət

Müsibəti-Əli: bir adamın itməkliyi

14 Aprel 2019 15:51
Baxış: 2 157

"Görürsünüz, Əli bəy barədə hamı yazır. Deməli, bu hakimiyyət ondan çəkinir. Qorxmasaydılar, niyə yazsınlar ki...", "Müxalifətin lideri, prezidentliyə ən layiqli namizəd Əli bəydir!", "Əli bəyin çağırışı ilə mitinqlər olmasaydı, hakimiyyət geri çəkilməyəcəkdi". Və sair və ilaxır bu kimi məntiqsiz, zəvzək ifadələr.

AXCP sədri Əli Kərimli barədə yazırıq. Ondan çəkindiyimiz, qorxdumuz, bu adamın müstəsna bacarıqlı, intellektli, istedadlı siyasət adamı, müxalifət ən tutumlu və tutarlı nümayəndəsi olduğuna görə yox.

Müsibəti-Əlidən və ya bir adamın itməkliyindən bəhs edirik.

Medianın hansısa şəxsdən, fiqurdan və ya hadisədən bəhs etməsi qorxu, vəcd, tənqid və ya tərif deyil.

Məntiq var.

"Əli bəy ağıllı olmasaydı, AXCP sədri ola bilərdimi?" sualının çox sadə cavabı var: "Əli Kərimli AXCP sədridirsə, niyə məntiqsizdir?"

Cavabın ritorikasındakı məchulluğu aradan qaldırmaq gərək.

Əli Kərimlinin sosial şəbəkələrdə törətdiyi trol ləşkəri çətin bu işin öhdəsindən gələ.

Çünki Əli Kərimli və onun ətrafına yığışanlar hələ də dərk etmirlər, yaxud dərk etmək istəmirlər ki, AXCP sədrinə olan maraq təbiidir.

Necə ki, ölkə mediasına istiləşmə problemləri, Arktika və Antarktidada buzların əriməsi maraqlıdır. Yasamal rayonunda Vəli kişinin evində su gəlməsə, medianın maraq dairəsində olacaq. Həmin Vəli kişinin problemi olmasa və övladı fənn olimpiadasında qalib gələrsə, bu da maraqlı olaydır.

Bakıda bir xanımın əl işlərindən sərginin açılması da maraqığımıza səbəb olur.

Normal situasiyadır. Necə ki, normal adamın qəflətən anormal hərəkətlər etməsi və ya əksinə, anormal insanın özünü ətrafındakılara normal şəxs kimi sırımağa çalşıması sual doğurduğu təki.

Əli Kərimlini "maraqlı" edən onu özü deyil. Polişinel sirri olsa da, yazım: valllahi və simallahi, o, çox maraqsız insandır. Sanki sabiq SSRİ-nin son prezidenti, "perestroyka"nın "ata"sı Mixail Sergeyeviç Qorbaçovun tələbəsi, davamçısı və az qala "mürid"idir.

Qorbaçov çox və mənasız danışmağı, ifrat söz yığınının altında demək istədiyi məramı basdırmağı ilə məşhurdu.

Əli Kərimli də real siyasəti virtuallığa qovuşduraraq, sosial şəbəkələrdə "yaşamağa" başladığı gündən bəri hər gün bir neçə açıqlama ilə Facebook səhifəsində çıxış yapır.

Onun çıxışı sanki reallıqdan qaçış, özündən uzaqlaşmaq, niyyətini söz yığınında itirməkdir.

İtənsə Əli Kərimlinin özü olur.

Ölkədə və dünyada az qala elə bir olay yox ki, AXCP sədri qrafoman bloqer təki sözpərdazlığa qurşanaraq həmin hadisəni öz aləmində şərh etməsin.

İllərdir Əli Kərimlinin tezisləri dəyişmir və bunu irad tutanda "deməli, ölkədə vəziyyət dəyişmir" təki irreal demaqogiyaya atılır.

Gerçək isə budur ki, ölkə dəyişir, vəziyyət dəyişir - sabit qalan AXCP sədrinin rəhbərliyi etdiyi partiyanı şəxsiyyətə pərəstiş prinsipi əsasında idarə etməsi, normal demokratik idarəetmə sistemini qaraguruh və volüntarizmlə əvəzləməsidir.

O, ən cüzi məqamlardan da yaralanmağı fürsət bilir.

Soğan bahalaşdı - Əli Kərimli Facebook-da ilk abzasları az qala mərsiyəyə bənzəyən vaveylaya başlayır, sonrakı mətn həmişəki kimi (!) mitinqlə çağırışlarla bitir.

Adam mitinq sevdalası, aksiya tutqulusudur.

Harada, nə zaman, nə üçün mitinq önəmli deyil. Təki mitinq olsun və AXCP sədri də tribunya dırmaşaraq özünü Həllac Mənsur kimi hiss etsin.

Fəqət, Bakı heç də Bəyza şəhəri deyil və Əli Kərimlinin də sufiliyə, illah da, məzdəkiliyə zərrə qədər dəxli yox.

AXCP sədri söz tüccarı, demaqogiyanın həvəskar izharçısı və siyasi avantüraların ən primitiv variantlarını "möhtəşəm siyasi gediş" kimi təqdim edən pokerçidir.

Vəziyyəti maksimum dərəcədə gərginləşdirmək, sosial bazasını protest elektoratı kimi dərk edən və elə o elektorata xitab edərək "özününküləşdirmək" cəhdlərində bulunan bufirkatordur.

Cəmiyyətdəki hadisələrə, yaşanan proseslərə obyektiv, real, soyuqqanlı mövqelərdən yanaşmaq əvəzinə AXCP sədrinin sosial şəbəkələrdə paylaşmaları, internetdəki videobloqerlərin YouTube kanallarına Skype vasitəsilə müsahibələrində fasiləsiz, bitmək bilməyən isteriya çalarları var.

Hər şeyi şişirtmək, onunla razılaşmayan hər kəsi hədəfə almaq, ağı qara, qaranı bəmbəyaz kimi təqdim etmək, kəmfürsətçilik və yalanlar heybələmək cəhdləri - axı bu bəsi burleskin bir sonu olmazmı?!

Bakıdakı 162 saylı orta məktəbdə 14 yaşlı qızcığah intihar edir - Əli Kərimli dərhal qolları çırmalayır, hadisəni  məqami-fürsət sayır, aqressivləşir öz aləmində, əvvəlcə dövlət qurumlarını, sonra hakimiyyəti, sonda dövləti suçlayır və...

Və həmişə olduğu kimi, mitinqə haraylayır.

Anlayıram, adam bədənində hərarət qalxanda qızdırmanı belə, mitinqlə müalicə etməyin tərəfdarıdır və utanmasa, reproduktiv sağlamlıq problemlərini mitinqə qatılmaqla həll etməyə çağırar bəlkə. Kim bilir...

162 saylı məktəbdəki faciəli olayla bağlı istintaq gedir, araşdırmalar aparılır. Məsələ Azərbaycanın dövlət başçısının və birinci vitse-prezidentinin birbaşa nəzarətindədir. Məktəbin direktoru ilə bir neçə pedaqoq işdən kənarlaşdırılıb.

Lakin AXCP sədri çılğın "paylaşım"larını davam edirir, situativ siyasiləşdirməni daha da gərginləşdirir və bununla da əsl məqsədinin Elinanın faciəsinin araşdırılması yox, hakimiyyəti hədəfə almaq olduğunu göstərir.

Lakin hakimiyyəti nüfuzdan salmağa çalışan Əli Kərimli belə qeyri-adekvat, isterik davranışı ilə özünü son illərdə az qala məhv etmiş nüfuzunun qəlpələrindən də məhrum edir.

Azərbaycanda problemlər var və onların sayı az deyil. Hakimiyyət də o problemlərin həllinə çalışır. Əli Kərimli isə konkret faciənin ekssentrik dalğalar prinsipindən yararlanmaqla bütün sahələrə şamil edir, Azərbaycanın sanki cahiliyyə, insanın insana düşmən kəsildiyi dövrdəki qəbilə quruluşu olduğunu iddia edir.

Bunca zavallı israr olarmı?!

Əli Kərimli əcəba, bilmir ki, səcdəgah saydığı ABŞ-da ildə neçə dəfə orta məktəblərdə gülləbaranlar olur, hər il onlarla uşaq və yeniyetmə, müəllim və tərbiyəçilər, valideynlər orta məktəblərdəki aqressiyanın, cinayətlərin, gülləbaranların, atışmaların qurbanı olur?!

Əli Kərimli bilmir ki, Avropa Birliyinin istisnasız olaraq bütün ölkələrində məktəblərdə, lisey və kolleclərdə zorakılıq, bullinq, təqibetmə, qısnama, depressiyaya salınma problemləri var?!

Əli Kərimli o qədərmi sadəlövh və məlumatsızdır ki, qonşu Rusiyadakı orta məktəblərdə baş vermiş, törədilmiş və yaşadılmış cinayətlər haqqında heç nə bilmir?!

Bəlkə Gürcüstanda, Ermənistanda, Türkiyədə, İranda, Qazaxıstanda, Ukraynada - istənilən postsovet ölkənin adını çəkə bilərsiniz - orta məktəblərdə müəllimlərlə şagirdlərin çox ciddi problemlərindən, bəzən də direktorların vəzifələrinin öhdəsindən əsla gələ bilməməsindən qaynaqlanan olaylar yaşanmır?!

Bilir. Yaxşı bilir, amma danışmır. Çünki həqiqət AXCP sədrinə sərfəli nəsnə deyil.

O, yalanlar üçün yalanlardan faydalanır.

Bu da bir siyasi hedonizm ola gərək.

Müsabiəti-Əli faciəsi var göz önündə. Özünü itirmiş insanın bəlası...

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.