Siyasət

Cəbhədə atəşkəsin pozulması əmrini kim verib?

27 Mart 2019 11:17
0 Şərh     Baxış: 1 593

"Atəşkəsin qorunmasında ən çox Ermənistanın hazırki Baş naziri Nikol Paşinyan maraqlı olmalıdır. Çünki Paşinyan bilir ki, Azərbaycan ordusunun istənilən itkisi cavabsız qalmayacaq, cavab olaraq qarşı tərəf də itki verməlidir. Başqa cür mümkün deyil. Belə olan halda ermənilər cəbhənin Füzuli rayonu istiqamətində niyə atəşkəsi pozaraq hərbçimizi şəhid etdilər?"

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Politoloq özü qoyduğu sualın cavabını da verməyə çalışıb:

"Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri bir neçə gündən sonra Vyanada görüşməlidirlər. Hərbçimizin görüş ərəfəsində şəhid edilməsi danışıqların pozulmasına və ya nəticəsiz qalmasına yönəlib.

Danışıqların başlamamış pozulması ən çox Qarabağdakı separatçıların və Ermənistanda kök salmış "Qarabağ klanı"nın maraqlarına xidmət edir. Paşinyan bu iki qüvvənin qorxusundan Azərbaycan Prezidenti ilə görüşlərdə Qarabağ mövzusunun detallı müzakirəsindən yayınır. Buna baxmayaraq, separatçılar Paşinyana etibar etmirlər. Ona görə də atəşkəsi pozurlar.
Bizim üçün isə fərqi yoxdur, atəşkəsin pozulması əmrini İrəvanda, yoxsa Xankəndində verirlər. Müdafiə nazirimiz Zakir Həsənovun "hər itkimizin on qat cavabını alacaqlar" əmrinin yerinə yetirilməsini gözləyirik".

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatın görə, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.

Eyni zamanda Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb.

Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, bu məlumat həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır: "Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb.
Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır".

Qeyd edək ki, daha sonra  Rusiyanın "RİA Novosti" agentliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində bir erməni əsgərinin - 1998-ci il təvəllüdlü Ara Arakelyanın ölməsi barədə məlumat yayıb. Məlumata görə, o, martın 26-da naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.