Siyasət

Şahzadə Turki Al Faysal: "Səudiyyə Ərəbistanı və Azərbaycan iqtisadi əməkdaşlıq üçün böyük potensiala malikdirlər"

19 Mart 2019 17:01
Baxış: 718

Səudiyyə Ərəbistanı və Azərbaycan iqtisadi əməkdaşlıq üçün böyük potensiala malikdir.

Milli.Az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində Səudiyyə Ərəbistanı Krallığının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri, şahzadə Turki Al Faysal bin Əbdüləziz Al Səud deyib.

O bildirib ki, iki ölkə arasında cari iqtisadi münasibətlər yaxşı səviyyədədir, lakin öyrənilməli daha çox imkanlar da var: "2001-ci ildə Səudiyyə Ərəbistanı-Azərbaycan birgə komitəsinin yaradılması ikitərəfli münasibətlərin inkişafına kömək etdi. 2018-ci ildə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ticarət dövriyyəsi 20 milyon dollar təşkil edib".

Turki Al Faysal xatırladıb ki, bu ay Bakıda Səudiyyə Ərəbistanının Baş İnvestisiya İdarəsi və Azərbaycanın Maliyyə Nazirliyi arasında iqtisadi və ticari investisiyaların genişləndirilməsi barədə protokol imzalanıb: "Bu protokolun imzalanması Səudiyyə Ərəbistanı-Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə çıxmasına yol açacaq".

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığı genişləndirə bilər

Ölkəsinin iqtisadiyyatının inkişafından danışan Turki Al Faysal neftdən asılılığı azaltmağı nəzərdə tutan "Səudiyyə Ərəbistanının baxışı: 2030" proqramını qeyd edib. O bildirib ki, proqramda diqqət turizm, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, səhiyyə və idmanla bağlı sahələrin inkişafına yönəldilib. Bununla belə, bu proqramda enerji sektoruna da diqqət ayrılıb:

"Hər iki ölkə təkrar emal sahəsində əməkdaşlıq, neft-kimya məhsullarının ixracı, eləcə də "Saudi Aramco" və SOCAR arasında əməkdaşlığın genişlənməsi, bərpa olunan enerji mənbələri sahəsinə investisiyalar və enerji səmərəliliyi sahəsində tədqiqatlardan faydalana bilər".

Azərbaycanla OPEC-in tərəfdaşlığı hər kəs üçün səmərəli olacaq

Şahzadə, həmçinin OPEC çərçivəsində görülən işlərdən danışıb. OPEC+ sazişinin effektivliyindən bəhs edən Turki Al Faysal qeyd edib ki, bu razılaşma əməkdaşlıq üçün yeni imkanlar açacaq:

"Səudiyyə Ərəbistanı OPEC-in lokomotivi olmaqla yanaşı, hər zaman neft bazarının sabitləşməsində, beynəlxalq istehlakçıların tələbatının təmin olunmasında və OPEC-in maraqlarının müdafiəsində vacib rol oynayır. Səudiyyə Ərəbistanı dünya bazarlarına xam neftin tədarükü üzrə etibarlı tərəfdaş nüfuzunu qazanıb. Azərbaycanın OPEC üzvləri ilə neftin ucuzlaşmasına və dünya enerji sənayesinin zəifləməsinə səbəb olmuş üçillik tədarük bolluğunun azaldılması məsələsində tərəfdaşlığı bütün tərəflər üçün səmərəli olacaq".

O əlavə edib ki, Səudiyyə Ərəbistanı neft ehtiyatlarının həcmi və keyfiyyətinə, eləcə də kəşfiyyatda və hasilatdakı təcrübəsinə və müasir avadanlıqlara əsaslanaraq OPEC+ üzrə tərəfdaşları ilə birgə enerji bazarını səmərəli şəkildə balanslaşdıra biləcək:

"Saziş bazardakı balansın saxlanması və istehlakçılara cəlbedici və uyğun qiymətin təklif olunması üzrə əvvəlki öhdəliklərimizin davamıdır".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.