Siyasət

Əli Həsənov: "Anti-Azərbaycan dairələr indi də "The Washington Post"un əməkdaşı vasitəsilə ölkəmizin Çin və ABŞ ilə əlaqələrinə xələl gətirməyə çalışırlar"

19 Mart 2019 13:19
Baxış: 661

Bob Vudvordun "Fear: Trump in the White House" kitabında yayılan məlumat tamamilə yalan və saxtadır.

Milli.Az bildirir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə ABŞ-a səfəri zamanı Prezident Donald Trampa yanlış məlumat verməsi barədə irəli sürülən iddialarla bağlı AZƏRTAC-a açıqlamasında deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə ABŞ-a səfəri zamanı Prezident Donald Trampa yanlış məlumat verməsi barədə "The Washington Post" qəzetində çalışan jurnalist B.Vudvordun "Fear: Trump in the White House" kitabında əks olunmuş iddialar tamamilə yalan və saxtadır: "Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında cəmi bir dəfə - ABŞ-da keçirilmiş son prezident seçkilərindən dərhal sonra telefon danışığı olub, söhbət zamanı iki dövlət arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb".

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Prezident İlham Əliyevin Birləşmiş Ştatların dövlət başçısı ilə görüşü protokol xarakteri daşıyıb, həmin zaman heç bir söhbət olmayıb, yalnız foto-video çəkiliş həyata keçirilib: "Buna görə də kitabda həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampa guya Çin Xalq Respublikasının Əfqanıstanda iqtisadi fəaliyyəti ilə bağlı hər hansı məlumat verməsi barədə irəli sürülən iddia saxta informasiyadır və müəllifin fantaziyasından başqa bir şey deyil".

Ə.Həsənov vurğulayıb ki, ümumiyyətlə, Azərbaycan xarici siyasət məsələlərində yalnız öz milli maraqlarını rəhbər tutur və heç vaxt başqa ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər əlaqələrə müdaxilə etmir: "Görünür, xaricdəki anti-Azərbaycan dairələr indi də davamlı şəkildə Azərbaycana qarşı "qara piar" kampaniyası aparan və saxta xəbərlər üzrə ixtisaslaşmış "The Washington Post" nəşrinin əməkdaşı vasitəsilə ölkəmizin beynəlxalq imicini ləkələməyə, onun Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları ilə inkişaf edən əlaqələrinə xələl gətirməyə cəhd göstərirlər. Əminliklə deyə bilərik ki, belə çirkin əməllərin müəllifləri heç vaxt öz məqsədlərinə nail ola və Azərbaycanla tərəfdaşları arasında əlaqələrə zərbə vura bilməyəcəklər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.