Siyasət

Əfv və siyasi ölülər: humanizmdən qorxanların faciəsi

17 Mart 2019 17:18
Baxış: 2 560

"Ümid edirdim ki, heç olmasa indi onlar dəyişərlər. Dəyişmədilər və onların şüurlarının bəsitliyi məni kədərləndirir".

Məşhur "Futurama" animasiya serialının qəhrəmanlarından biri doktor Hyubert Farsnfortun ifadəsini bugünkü olayların bir parasının "qəhrəmanı" olan kəslərə şamil etmək olar.

Əvvəla məsələnin obyekti barədə.

Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında sərəncamın icrası bu gün başa çatıb.

Martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib.

Əfv sərəncamı şamil edilənlərdən 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bunda başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.

Əfv olunmuşlar arasında keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, AXCP sədri Əli Kərimlinin qaynı Eynur Seyidov, Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov, jurnalist Fikrət Fəraməzoğlu, "Nida" Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, gənc fəallar Qiyas İbrahimov, Bayram Məmmədov, Rəşad Raamazanov, Murad Ədilov (Fransada yaşayan Natiq Adilovun qardaşı) və başqa bir sıra siyasi məhbus kimi qələmə verilən şəxslərin adları var.

Subyektlərə gələk.

Əli İnsanov həbsxananın darvazasından çıxan kimi insan haqları və demokratiya barədə moizə oxumağa başladı. Çağdaş Azərbaycanın tarixində ən rüşvətxor, insan haqlarını və qanunları heçə saydığına görə tutulan, ölkənin səhiyyə sistemini bərbad günə qoyan, minlərlə xəstənin ölümünə dolayısı ilə bais olan və bu səbəbdən səngiməyəcək nifrət yiyəsi olan bu 73 yaşlı şəxs dedi: "İlham Əliyevi məcbur etdilər ki, məni azadlığa buraxsın. Mənim ayağımdakı qandalları demokratik Qərb çıxartdırıb. Hökumət heç bir humanistlik etməyib. Mübarizəmi axıra qədər davam etdirəcəyəm, heç yerə getmək fikrim yoxdur. Mən Avropanın və ABŞ-ın Azərbaycana təzyiqləri nəticəsində, Avropa Şurasının və ABŞ Konqresinin səyləri nəticəsində azad oldum. Azərbaycan bu gün uçurumun dibindədir. Onu bu uçurumdan xilas edəcək istənilən siyasi hərəkata qoşulmağa hazıram. Ancaq hər şey Allahın əlindədir. Bilmirəm mən müxalifətə qoşulacağam, yoxsa onlar gəlib mənə qoşulacaqlar".

Bunca absurd, paradoksal, məntiqdən, mənəviyyatdan və ən azı siyasi əxlaqdan kənar bəyanat vermək üçün gerçəkdən də, gərək Əli İnsanov olasan. O kəs ki, nazir olduğu dönəmlərdə jurnalistə "Rədd ol! Konkret deyirəm - rədd ol!" söyləməkdən tutmuş, indi "qoşulmağa hazır" olduğu bəyan etdiyi müxalifətə "əxlaqsız, murdar yığını" deməyədək "geniş areal"da və səpkidə ifadələri ilə yadda qalan qaba, təşəxxüslü, kobud insanın həbsdə olduğu müddətdə dəyişəcəyini düşünənlər vardı.

Dəyişməyib. Olduğu kimidir.

Kinli açıqlamasının kökündə duran qisas yanğısını gizlədə bilmir və bu səbəbdən əla bildiyi həqiqətləri danaraq yalanları gerçək kimi qələmə verir.

Dediyinə görə, sən demə, azadlığa qovuşmasının səbəbkarları Avropa və ABŞ-mış. Məhz onların Bakıya təzyiqləri olmasaydı, əfv də olmazdı.

Müavini Fuad Qəhrəmanlının evinə yollanıb orada masa arxasında yayılaraq oturan AXCP sədri Əli Kərimlinin bugünkü lüğətində də təxminən eyni ifadələrdir.

Siyasət uğursuzu, illüziyalarla yaşayıb ətrafını da bu xam xəyallara inandırmağa çalışan Əli Kərimlinin dediyinə görə, Qərbin təzyiqləri və yanvarın 19-dakı mitinq olmasaydı, əfv sərəncamı imzalanmayacaqdı.

Primitiv şüurun nəticəsi olan bəsit məntiq və vətəndaşları KÜTlə sayan adamların yeni populizmi.

Azərbaycanın dövlət başçısı İlham Əliyev hakimiyyəti dövründə artıq 33-cü əfv fərmanını imzalayıb və son fərmanı ilə 50 müxalifətçinin azadlığa qovuşmasının səbəbkarı olub. Həmin adamların soyadları beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında "siyasi məhbus" kimi keçirdi: halbuki onların heç biri klassik anlamda nə siyasi, nə də vicdan məhbusları deyildilər.

Əfv sərəncamının imzalanmasını "Qərbin təzyiqi" kimi qələmə verənlərin arqumentlərini alt-üst etmək üçün dinləmək olar.

Lakin hər şeyi yanvarın 19-da Bakıdakı "Məhsul" stadionunda keçirilmiş mitinqin nəticəsi, "hakimiyyətin qorxması" kimi qələmə verənlərin sərsəm açıqlamalarına qulaq asmaq əzabvericidir. Azərbaycanın çağdaş siyasətini az qala "mitinqdən öncə" və "mitinqdən sonra" dövrlərinə bölmək təki gerizəkalılığa varanların arqumentləri yeganədir: "Qərb təzyiq etdi, sanksiyalar tətbiq edəcəyini dedi, hakimiyyət mitinqə yığışan insanların sayından qorxdu".

Bəylər, bu nə idiotizmdir belə?!

Əvvəla, İlham Əliyev "siyasi məhbus" adlandırılan şəxsləri Qərbin pressinqi və ya təzyiqləri, illah da "sanksiyalar təhlükəsi"nə görə əfv etməyib.

Azərbaycan prezidenti təzyiq dilini, pressinq "diplomatiyası"nı əsla qəbul etmir və rəsmi Bakıya təzyiq vasitəsilə nəyisə qəbul etdirmək mümkünsüzdür. Bu, illərdən bəri istisnasız olaraq bütün qərarlar, yürüdülən siyasət və siyasi kursla təsbit olunub.

Aksiomdur, sübuta ehtiyacı yoxdur.

Mitinqə gəldikdə isə... Hakimiyyətin icazə verdiyi mitinqdən hakimiyyətin "qorxduğu"nu iddia etmək üçün AXCP sədri Əli Kərimlinin fantaziyası, "Milli Şura"nın lideri Cəmil Həsənlinin paradoksal şüuru, xarici ölkələrə sığınmış lümpen "müstəqil bloqer"lərin marazmı olmalıdır ortada.

Hakimiyyət mitinqdən sonra "qorxdu"? Olmaya REAL kimi yalnız sosial şəbəkələrdə ləngər vuran siyasi dərnək, kommunal təsərrüfat müdiri Arif Hacılıya rəhbəri İsa Qəmbərin müvəqqəti həvalə etdiyi Müsavatdan, sosial şəbəkələrdəki trollardan və ya marginallaşan siyasi liliputlardan?!

Əfv sərəncamının çox sadə və bəsit səbəbi var.

2019-cu ilin ilk günlərindən köklü islahatlar kursuna başlayaraq ölkədə faktiki  olaraq yeni İNQİLABı gerçəkləşdirən İlham Əliyev rüşvətxorluq, korrupsiya, süni inhisarlar və məmur özbaşınalığı ilə amansız mübarizəyə başlayıb. Vergi və gömrük sistemi faktiki olaraq yenidən qurulur, bank sistemində çox ciddi islahatlar aparılır, vətəndaşların kredit yükü azaldılır, maaşlar və müavinətlər artırılır. Genişmiqyaslı islahatlarıın və hakimiyyətin başladığı inqilabın indiki dövründə yenidənqurma müstəvisində ölkənin siyasət mexanizmlərindəki münasibətlərə də yenidən baxılmalı idi.

Belə zərurət yaranmışdı.

Eyni zamanda, Azərbaycanın hansı coğrafiyada yerləşdiyini bilərəkdən unudan, bizdən Slovakiya və ya Lixtenşteyn təki daxili davranış-yaşam sistemləri ilə mülayim idarəetmənin maksimal həddə çatdırılmasını tələb edənlər "siyasi məhbus" siyahılarından kart-blanş qismində istifadə edərək Bakıya təzyiqlərə cəhd göstərirdilər. Onlar əla bilirdilər ki, tələblərinin yerinə yetirilməsi Azərbaycanın bir dövlət kimi məhvi deməkdir.

Çünki indiki şəraitdə Gürcüstan, Ukrayna, Belarus, Moldova təki ölkələrlə yanaşı, Azərbaycan üçün Qərbin demokratiya modelinin və insan haqlarının "təminatı" sisteminin kor-koranə tətbiqi mərkəzdənqaçma qüvvələrinə təkan verilməsi, ölkənin kiçik "dövlətcik"lərə parçalanması deməkdir.

Azərbayacanda özlərini "demokratik" adlandıran müxalifət nə yazıq ki, siyasi azadlıqların absolyut səviyyəsini məsuliyyətin yoxluğu və qanunların tapdanması rahatlığı kimi dərk edir. Bu səbəbdən də Azərbaycanda hakimiyyət sərt, qətiyyətli, iradəli və bütün təzyiq cəhdləri ilə pressinq istəklərinə dərhal cavab verən effektiv sistem olmalıdır.

Əfv sərəncamı ilə azadlığa çıxanların çoxu da hakimiyyətə meydan oxuyaraq hakimiyyətə gəlmək istəyən adamlar, iqtidarı zorakı yolla devirmək arzusunda olanlardır. Qərbin dəstəklədiyi bu adamlar elə Qərbin demokratiya anlayışlarına tüpürmək belə, istəmirdilər - zahirən bu barədə bol danışıb Qərbə sədaqətlərini fasiləsiz izhar etsələr də.

Əfv olunanlardan kimsə hakimiyyətə demokratik, seçki yolu ilə gəlməyə çağırışlar etməyib.

Əli İnsanov rüşvətxor, traybalist, hakimiyyət daxilində sərt qarşıdurma yaradıb qiyam arzusunda olan adamdır.

İlkin Rüstəmzadə 2013-cüilin martında Bakının mərkəzində kütləvi etiraz aksiyası və iğtişaşlar təşkil etmək fikrində olan NİDA-nın liderlərindən biridir.

Fuad Qəhrəmanlının da AXCP ilə Nardarandakı radikal "dindar"lar arasında vasitəçilik etməsini və bu missiyası çərçivəsində nələr etdiyini unutmamaşıq.

Siyahını uzatmaq da olar, amma lüzum yoxdur. Əfv olunaraq azadlığa çıxanların hər biri əməllərinə görə cəzalarını tam çəkiblər. Onlara bundan sonra həbsxanaya düşməməyi, daim ailələrinin yanında olmalarını arzulayırıq.

Sadəcə, bilsinlər ki, hakimiyyət onları "qorxduğu" və ya zəif olduğu üçün azat etməyib. Hakimiyyət "Məhsul"da yanvarın 19-da baş tutmuş mitinqdən də çəkinməyib.

Əgər belə olardısa, hakimiyyət fəal müxalifləri azadlığa buraxardıımı?! "Qorxdu" deyənlərin məntiqi varmı?!"

Hakimiyyət əfv sərəncamı ilə Bakını illərdən bəri Azərbaycan hakimiyyətinin "sərtliyi və repressiv mahiyyəti" barədə Qərbə vaysınanların şikayət obyektini əllərindən aldı.

Beləcə, "siyasi məhbus" problemi birdəfəlik həll olundu.

Əfv sərəncamının başlıca səbəbi isə dövlət başçısının siyasi iradəsi və humanizmidir.

İlham Əliyev atasının, çağdaş Azərbaycanın qurucusu olan Heydər Əliyevin şəfqət və insansevərlik siyasətini davam etdirir.

İndiyədək 1147 min vətəndaşımızın dəmir barmaqlıqlar arxasından azadlığa çıxmasına şərait yaratmış dövlət başçısı imzaladığı əfv sərəncamı ilə bir daha göstərdi ki, humanizm sadəcə, hakimiyyətin dünyagörüşü və davranış modeli yox, həm də mənəvi üstünlük kriteriyasıdır.

Əfv sərəncamı onu da göstərdi ki, hakimiyət gerçək və təxminlənən çağırışların, təhlükələrin və təhdidlərin önündə özünü nə qədər qətiyyətli, iradəli və səbatlı hiss edir.

Sərəncam həm də müxalifətə sivil siyasi mübarizə aparmaq çağırışıdır.

Gərçi anlasalar...

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.