Siyasət

"Bu əfv sərəncamının ölkədə böyük sosial müdafiə paketinin həyata keçirildiyi dövrə təsadüf etməsi xüsusilə əhəmiyyətlidir" - Ekspert

16 Mart 2019 20:22
Baxış: 1 161

Prezident İlham Əliyevin məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamı Azərbaycanda əfvin humanist və hüquqi institut kimi təkmilləşməkdə olduğunu bir daha göstərdi.

Milli.Az bildirir ki, bunu Trend-ə  "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, dövlət başçısı əfv sərəncamını imzalamaqla bütün cəmiyyətin gözləntilərini doğrultdu: "Bu əfv sərəncamı Azərbaycanda hüquqi cəzalandırmanın da, əfv etmənin də ciddi və konstitusion əsaslara söykəndiyini bir daha nümayiş etdirdi. Ölkə ictimaiyyətinin və beynəlxalq dairələrin marağında olan bir sıra şəxslərin də əfv olunanlar sırasında olması bu aktın legitimlik və ictimailik gücünü daha da artırır. Ölkədə demək olar ki, hər il əfv sərəncamlarının verilməsi cəzanın humanist xarakterini və islahedici funksiya daşıdığını nümayiş etdirmək baxımından çox əhəmiyyətlidir".

O əlavə edib ki, əfv sərəncamı bəzi beynəlxalq təşkilatların və siyasi mərkəzlərin insan haqları adı altında daxili işlərimizə müdaxilə fürsətlərinin aradan qaldırılmasında böyük rol oynadı:

"Bu əfv sərəncamının ölkədə böyük sosial müdafiə paketinin həyata keçirildiyi dövrə təsadüf etməsi xüsusilə əhəmiyyətlidir. Bu o deməkdir ki, dövlət siyasətinin sosial və humanist mahiyyəti real tədbirlərin timsalında birləşir və bir-birini tamamlayır. Dünyanın az sayda ölkələrinin timsalında rast gəlinən bu mühüm sintez Azərbaycanda İlham Əliyevin sosial-iqtisadi platformasının əsas təcəssüm formalarından biridir. Sərəncamın məzmunu ölkə Prezidentinin əfv kimi mühüm aktlara imza atarkən bir sıra başqa məqamlarla bərabər, ictimai rəyin, hüquq müdafiə təşkilatlarının hesabatlarının və hər bir insanın səmimi peşmançılıq hisslərinin çox vacib faktorlar kimi nəzərə alındığını parlaq şəkildə göstərir".

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin son əfv sərəncamı ölkə həyatı üçün əlamətdar və siyasi-beynəlxalq nəticələr doğuran hadisədir: "Cəzaların hüquqi və əfvin qeyri-siyasi, humanist xarakterdə olması müasir hüquqi dövlətçilik nəzəriyyələrində mühüm prinsiplərdən biridir. Bu mənada Prezident Əliyevin əfv sərəncamı ədalət və humanizm prinsiplərinin bərqərar edilməsində ardıcıl fəaliyyət göstəricilərindən biri sayıla bilər".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.